© Turan News Agency 1991 -





 
2017

Qulu Məhərrəmli: Azərbaycan dilində virtual dərsliklər yaradılmalıdır

2017 February 23 ( Friday )  13:26:58
Русский Azərbaycan

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Turan Agentliyinin “Çətin sual” proqramına müsahibəsində ana dilinin işlənməsi və problemlərdən danışıb.

Onun firkincə, Azərbaycanda yaşayan azlıqlar öz ana dillərindən sərbəst istifadə edirlər.

“Məsələn, ləzgilər, talışlar, tatlar və b. Yəni, bu dillərə əvvəla bir dövlət qayğısı var. O dillərdə təhsil almaq istəyənlər, ibtidai təhsili öz ana dillərində ala bilirlər. Öz əlifbaları var. O dillərdə kitablar buraxılır. Hətta, Xınalıq dilində kitab var. Yəni, bu çox məhdud sayda insanların yaşadığı bir kənddir, amma öz ana dillərində əlifba kitablarını buraxıblar”

Məhərrəmli 1992-ci ildə prezident Əbülfəz Elçibəyin vaxtında milli azlıqların hüquqlarının, milli mədəniyyətlərinin, dillərinin inkişafı ilə bağlı qərarı mühüm hesab edir.

“O vaxt bu qərar milli siyasətin çox doğru istiqamətlərindən biri idi. Məsələn, talışlar talış dilində ibtidai sinifdə, dördüncü sinfə qədər təhsil alır, ondan sonra təbii ki, türk dilində, rus dilində, bir başqa dildə, daha doğrusu dövlət dilində təhsil davam etdirilir. Mənə elə gəlir ki, Azərbaycanda yaşayan milli azlıqların dillə bağlı, ana dilləri ilə, mədəniyyətlərinin inkişafı ilə bağlı heç bir ciddi problemi yoxdur”.

O dünyada yaşayan azərbaycanlıların ana dilindən istifadəsi sahəsindəciddi problemlərin olduğunu deyib.

“Xaricdə yaşayan azərbaycanlıların ana dilindən istifadəsi ilə bağlı ciddi problemlər var. Düzdür, “Bazar Günü” məktəbləri var. Məsələn, Rusiyada, Almaniyada, Hollandiyada bu cür məktəblər var. Səfirliklər bu istiqamətdə müəyyən işlər görməyə çalışırlar. Amma, mənə elə gəlir ki, bunlar müəyyən dərəcədə sistemsiz, heç bir vahid metodikası olmayan, yəni necə gəldi fəaliyyət göstərən qruplardır”.

Ekspert hesab edir ki, dövlət, hökumət xaricdə  yaşayan zərbaycanlıların ana dilində təhsil almaları, yəni öz tələbatlarını ödəmələri üçün addımlar atmalıdır.

“Məsələn, dövlət dilinin qloballaşma şəraitində işlənməsi ilə bağlı prezident sərəncamı var. Orada Xarici İşlər Nazirliyinə və Diaspora Komitəsinə xüsusi olaraq tapşırıq verilib ki, xaricdə yaşayan azərbaycanlıların ana dili dərslikləri ilə təmin edilməsi, ana dilinin tədrisi və öyrənilməsi ilə bağlı planlar reallaşdırsınlar. Təəssüf hissi ilə deməliyəm ki, dağınıq, pərakəndə məktəblər var, cəhdlər var. Amma bunların vahid bir metodikaya əsaslanan, elmi cəhətdən özünü doğruldan nə dərslikləri, nə təqvim planları var”.

Dünayda yaşayan azərbaycanlıların vahid Azərbaycan dili əlifbasından, qramatikasından istifadəsi məsləsinə gəlincə, Məhərrəmli hessb edir ki, bu çox ciddi problemdir.

“Bu bir strateji problemdir. Xüsusi olaraq Gürcüstanda, İran İslam Respublikasında- cənubda yaşayan soydaşlarımızı nəzərdə tuturam. Çünki bunların problemi bir az başqadır. Başqa dövlət ərazisində, yəni o ölkənin vətəndaşı olan soydaşlarımızdır. Amma bunların da dillə bağlı problemləri şübhəsiz həll olunmalıdır”.

Onun fikrincə, Gürcüstanda Azərbaycan və Gürcüstan dövlətlərinin qarşılıqlı təmasları nəticəsində müəyyən razılaşma olub.

“Onlar ibtidai təhsili Azərbaycan dilində ala bilirlər. Yəni, buradan Gürcüstana dərsliklər, əlavə vəsaitlər, oxu kitabları göndərilir. Yəni, onlar Azərbaycan dilini öz ruhlarına hopdura bilirlər”.

Bu sahədə İranda vəziyyət bir az mürəkkəbdir.

“İranda uzun illər belə hesab olunurdu ki, burada yaşayan azərbaycanlılar dini baxımdan müsəlman olduqlarına görə, islam dininə mənsub olduqlarına görə onların konstitusiyası ilə bu əqəliyyət, yəni milli azlıq hesab olunmur. Amma xristian dininə mənsubsansa, bu azlıq hesab olunur. Məsələn, erməni millətinə mənsub etnik qruplar bu ölkədə öz dillərində rahat dərs alırlar. İndi Cənibi Azərbaycanda bu məsələ qismən həll olunur. Ana dilində kitablar çap olunur, qəzetlər çıxır, yerli radio verilişləri, Azərbaycan dilində televiziya proqramları açılır. Düzdür, burada dilə fars dilinin bir basqısı var. Onun intonasiyası, qrammatikası, cümlə quruluşu, bu dili demək olar ki, əzir. Mənə elə gəlir ki, cənubdakı insanların dillə, mədəniyyətlə bağlı problemlərini İran dövləti ilə çox rahat müzakirə etmək olar. Yəni, İran dövləti də bunu anlamalıdır, Azərbaycan dövləti də bunun İranın daxili işinə qarışmaq olmadığını izah etməlidir”, ekspert belə hesab edir.

Azərbaycan dilinin və əlifbasının virtual dərsliklərinin yaradılması məsləsinə  toxunana Məhərrəmli deyib ki, bu sahədə addımlar atılmalıdır.

 “Çox təəssüf edirəm ki, konkret bir addım atılmır. Virtual dərsliklər, elektron dərsliklər, bunlar təkcə xaricdəkilər üçün yox, ölkə üçün də çox lazımdır. Azərbaycanda ona yaxın televiziya və radio kanalı fəaliyyət göstərir. Amma bunların heç birində “Azərbaycan dili”ni təbliğ edən veriliş yoxdur. İngilis, fransız dilini öyrədirlər, amma Azərbaycan dilini öyrədən verilişlər yoxdur. Əlbəttə, bu çox acınacaqlıdır”.

O hesab edir ki, dövlət sifarişi əsasında çox yüksək, peşəkar elektron dərsliklər hazırlanmalıdır.-03B-


 


(ru) Все права защищены! © 1991 - : При использовании материалов активная гиперссылка на www.turan.az обязательна
(en) All rights reserved! © 1991 - Turan İnformasiya Agentliyi : When reprinting, active hyperlink on www.turan.az required.
 
© Turan İnformasiya Agentliyi,
  1991 - 
Email: agency@turan.az