Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Bakı/25.03.21/Turan: Bu prosesə prezident İlham Əliyev 2019-cu il yanvarın 25-də «Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında» fərmanı imzalayandan 1 il sonra, yəni 2020-ci ilin yanvarında start verilib.

Fərmanda məqsəd kimi Azərbaycanda evə ehtiyacı olan vətəndaşa kirayədə qaldığı mənzilə sahib olmaq üçün imkan yaradılması göstərilir.

Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi ölkələrin çoxunda, o cümlədən Türkiyə, Almaniya, Bolqarıstan, İspaniya və ABŞ-da, həmçinin postsovet ölkələrində - Rusiya, Ukrayna, Qazaxıstanda illərdir işləyir və geniş praktikaya çevrilib.

Bəs Azərbaycanda necədir? Bir il ərzində neçə nəfər bu mexanizmdən yararlana bilib? Kirayə mənzilə sahib olmaq üçün prosedur və qiymətlər hamı üçün əlçatandırmı?

İpoteka və Kredit Zəmanət Fondundan Turan-a bildirilib ki, bir neçə gün əvvəl yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi istiqaməti üzrə mövcud prosedur və qaydalara dəyişikliklər edilib. Qurumdan vurğulanıb ki, bu, ölkə vətəndaşlarının mənzil təminatının və yaşayış şəraitinin yaxşılaşdırılması, habelə əlçatanlığın artırılması məqsədilə edilib.

Fonddan qeyd olunub ki, dəyişikliklərə görə, artıq kredit tarixçəsinin müsbət qiymətləndirilməsi üçün ərizəçinin «bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması» tələb olunmur. «Bu dəyişiklikdən sonra vətəndaş daha çox gəlirini aylıq ödənişə və mənzil seçiminə yönəldə bilər».

Qurumdan bildirilib ki, digər dəyişikliyə görə isə ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə satmaq öhdəliyi ilə kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək. Əvvəlki şərtlərə əsasən ərizəçi ilə birgə yaşı yuxarı olan ailə üzvü müraciət etdikdə ailə üzvünün yaşına görə kirayə müqaviləsi daha az müddətə təyin edilirdi ki, bu da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsis göstərirdi. Ümumiyyətlə, ailə üzvlərinin sayından asılı olmayaraq müqavilə müddəti ərizəçinin öz yaşına uyğun hesablanacaq.

Digər dəyişikliyə əsasən isə sabit vergiödəyiciləri də artıq kirayə mənzil mexanizmindən faydalana biləcək. Sabit vergi ödəyicilərinə bərbərlər, dərzilər, pinəçilər, foto, audio-video xidmətlərini göstərənlər, çəkməçilər, çalğıçılar və digər bu kimi fəaliyyət növləri ilə məşğul olan şəxslər daxildir. Yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, artıq bu şəxslərin gəlirləri təqdim etməklərinə ehtiyac yaranmayacaq və onların sabit gəliri fəaliyyət müddətlərinə görə müəyyənləşəcək. Sabit vergiödəyicilərinin orta aylıq gəliri onların fəaliyət göstərdiyi müddətə uyğun olaraq minimum əməkhaqqının müvafiq mislinə uyğun hesablanacaq. Yəni, 6 aydan 1 ilə qədər fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən vergiödəyicilərin orta aylıq gəliri minimum əməkhaqqının 2 mislinə - məbləğlə 500 manata, 1 ildən 3 ilədək fəaliyyət göstərən vergiödəyicilərinin orta aylıq gəliri minimum əməkhaqqının 4 mislinə - məbləğlə 1000 manata, 3 ildən daha çox fəaliyyət göstərən vergiödəyicilərinin isə orta aylıq gəliri minimum əməkhaqqının 6 mislinə - məbləğlə 1500 manata bərabər hesablanacaq.

Fonddan qeyd olunub ki, ötən il ərzində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində mərhələli şəkildə 1253 kirayə mənzil təklif edilib. Bu günə 650-dən çox mənzil vətəndaşların istifadəsinə verilib.

Qurumdan mənzillərin qiyməti ilə bağlı heç bir məlumat verilməsə də bildirilib ki, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayır. «Mənzillərin hamısı təmirli, hər bir kommunal xidmətinə və kommunikasiyaya qoşulduğu şəkildə istifadəyə verilir. Mənzillər vətəndaşlara faizsiz olaraq satılır».

Bəzi ekspertlər isə bildirirlər ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda istənilən mənzil sahibi bu mexanizm üzrə öz yaşayış sahəsini sata bilməz. Çünki İpoteka və Kredit Zəmanət Fondu özü mənzilləri təklif edir, bu isə həmin mənzillərin qiymətinə təsir göstərir.

Ekspertlər bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin bir kvadratmetr üzrə orta qiymət təxminən 1350-1850 manat civarındadır. Belə olan halda isə İpoteka və Zəmanət Fondunun təklif etdiyi qiymətlər nağd pulla satılan mənzillərin qiymətindən təxminən 10-15 faiz yüksəkdir.

İqtisadçı Nemət Əliyev “Azadlıq” radiosuna bildirib ki, əgər bu mexanizm mənzilləri almaq istəyənlər üçün əlçatandırsa, o zaman şübhəsiz ki, bu, müsbət bir mexanizmdir: «Xüsusilə bu, mənzil probleminə görə ailə qura bilməyən gənclər üçün müsbətdir. Amma mən şübhə etmirəm və hesablamalar onu göstərir ki, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin qiyməti normal bazar qiymətlərindən yüksəkdir. Belə olan halda yenə də bu mənzilləri almaq vətəndaşlara sərf etməyəcək».

Ekspert ipoteka kreditlərini xatırladaraq bildirib ki, bu növ kreditlərin verilməsi başlayan tarixdən 1 il ərzində cəmi 300-400 nəfər ondan faydalana bildi: «Şərtlər çox mürəkkəb idi, üstəlik də kredit müddəti bitəndən sonra məlum olurdu ki, mənzilin qiyməti bazar qiymətlərindən 2 dəfə bahadır. Halbuki, orada da məqsəd vətəndaşların, xüsusilə gənc ailələrin ucuz mənzil ala bilməsidir. Digər tərəfdən bankların özləri də bu kreditləri verməyə maraqlı deyildi. Beləliklə, bu mexanizm işləmədi».

N.Əliyev qeyd edib ki, hətta qaydalara əlavə və dəyişikliklərin edilməsindən sonra həmin mənzillər vətəndaşların çoxusu üçün əlçatmaz olacaq: «Həmin mənzilləri yalnız muzdla işləyən və sabit vergiödəyiciləri ala bilər. Bu şərtləri qoymaqla dövlət kifayət qədər çox olan vergidən yayınan şəxsləri vergi ödəməyə təşviq edir. Bu, pozitiv haldır. Amma bunun başqa bur tərəfi var. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 6 milyon üzərindədir. Onlardan əmək müqaviləsi ilə işləyənlərin sayı təxminən 1,6 milyon nəfərdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə çalışanların sayı təxminən 1 milyon 700 min nəfərdir, amma onların heç də hamısı sabit vergiödəyiciləri deyil. Deməli, belə çıxır ki, yenə də əmək qabiliyyətli əhalinin böyük hissəsi həmin mənzillərin sahibi ola bilməyəcək. Halbuki, evlərə ehtiyacı olanlar elə həmin adamlardır. Deməli, mexanizm yenə işləməyəcək».

Ekspert hesab edir ki, mexanizmi işlək etmək üçün ilk növbədə insanları işlə təmin etmək lazımdır.

 

Rəy yaz

İqtisadiyyat

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti