Последнее обновление

(7 минут назад)
“Özümü sonra çox qınadım...”

İmtahanlar getdiyindən onu iş yerində tapmaq müşkülə dönür. Əl telefonuna zəng vururam. Dəstəyin o başından səsi eşidilir. Niyyətimi söyləyirəm. “Akademiyaya gəlmək istəyirsiniz” sualına “Siz mənim üçün rektorluqdan əvvəl də, sonra da sənətkarsınız” cavabımdan xoşallanır  və  növbəti gün emalatxanada görüş üçün vədələşirik.

Qəribə görünsə də doğrusunu deyim ki, vaxtilə gedib-gəldiyim ünvanı tapmaqda çətinlik çəkirik. Son illər ətrafda ucaldılan binalar və hasar, ötən  əsrin ortalarından bir xətt boyu sıralanmış emalatxanaları görünməz edib. Nəhayət mənzil başına yetişirik. Qəhrəmanımız bizi sadəliklə, mehriban və gülərüz şəkildə qarşılayır.

Onun zövqlə təmir və rekonstruksiya edilmiş emalatxanası var. Burada hər şey maraqlıdır, göz oxşayır. Ən maraqlı və qiymətlisə bu məkanın sahibidir. İllərin sadəliyinə, istedadına, əməksevərliyinə toxuna bilmədiyi sahibi. Elə bizim söhbətimizin mərkəzində də odur.

Tanışlıq

Ömər Həsən oğlu Eldarov. 21 dekabr 1927-ci ildə dəmir qapı Dərbənddə doğulub. Məşhur heykəltəraşdır. Şairə Natəvanın, dahi söz ustası Məhəmməd Füzulinin, ölməz dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (Naxçıvanda, Qarsda), Sədrəddin Ayninin və İbn Sinanın (Düşənbədə), professor İhsan Doğramacının (Ankarada) heykəllərinin, Sapun dağı hücumu iştirakçıları olmuş 77-ci diviziyanın əsgərləri "Azərbycanın qorxmaz oğul və qizlarına" həsr olunmuş (Sevastopolda) memorialın, milli peşəkar musiqimizin banisi Üzeyir Hacıbəylinin, rəssam Səttar Bəhlulzadənin, görkəmli  caz musiqiçisi Vaqif Mustafazadənin, dirijor Niyazinin, yazıçı Süleyman Rəhimovun, bəstəkar Fikrət Əmirovun, dövlət xadimi Əziz Əliyevin, akademiklər Ziya Bünyadov, Həsən Əliyev və Zərifə Əliyevanın, təkrarsız müğənni Rəşid Behbudovun, professor Lütfi Zadənin, bəstəkar Arif Məlikovun və Heydər Əliyevin qəbirüstü abidələrinin,  kamera xarakterli, kiçik həcmli "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərlərinin, şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretlərinin müəllifidir.

Əsərləri beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilən Azərbaycanın Xalq rəssamı Ömər müəllimin titullarını saymaqla qurtaran deyil. O, keçmiş SSRİ Rəssamlıq Akademiyasının və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorudur. Şərəf nişanı ordeni, SSRİ Dövlət mükafatı, Qırmızı Əmək Bayrağı ordeni, Azərbaycan Dövlət mükafatı, İstiqlal ordeni, Heydər Əliyev mükafatı, Şərəf ordeni, Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə akademik Üzeyir Hacıbəyli adına mükafat və Heydər Əliyev ordeni laureatıdır.

-Salam Ömər müəllim, xoş gördük! Gəlin əvvəldən – 21 dekabr 1927-ci ildə dünyaya göz açdığınız Dərbənddən başlayaq...

- Mən Dərbənddə doğulmuşam. Balaca yaşımdan ailəmiz Bakıya köçüb. Burada böyüsəm də uşaq vaxtı gedib-gəldiyim Dərbəndin gözəl üzüm bağlarını, eni-boyu görünməyən qəbristanlığını yaxşı xatırlayıramm. Və tək ora yox, uşaqlıqda gəzdiyim yerlər hamısı yadımdadır. 

- Atanız çar dövründə Peterburqda aqronomluq təhsili almış yaxşı mütəxəssislərdən sayılıb. Bəs nəslinizdə sənətlə bağlı kim varıydı?

- Heç kim. Amma atam sənəti çox sevirdi. O istəyərdi ki, mən yaxşı memar olum. Balaca vaxtımdan şəkillər çəkirdim. Bir gün anam əlimdən tutub uşaqların yaradıcılıq studiyasına apardı.

- Orada rəngkarlıq bölməsində yer artıq dolduğundan sizi heykəltəraşlıq bölməsinə qəbul elədilər.

- Bəli! O da belə oldu. Orada bir qadın müəllimə dedi ki, oğlum heykəltəraşlıq çox yaxşı sənətdir. Böyüyəndə hamı səni tanıyacaq. Deyəcəklər ki, bax filan yerdəki heykəli bu adam yaradıb. Onun sözü xoşuma gəldi.

- İllər sonra həqiqətən  də sizi tanıdılar. Amma hələ o vaxta var. Gərək əvvəl studiyanı bitirəsiniz. Sonra yenə təhsil alasınız...

- Elədir! Studiyadan sonra Əzim Əzimzadənin adıyla məşhurlaşmış rəssamlıq məktəbinin heykəltəraşlıq bölməsində oxudum. İkinci dünya müharibəsı bitən il mən də burada məktəbi başa vurdum. Və ali təhsil almaq üçün Leninqrada (indiki Sankt-Peterburq) getdim. Altı il İlya Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb Bakıya qayıtdım.  

- Sizin ilk müstəqil işiniz Üzeyir Hacıbəylinin qəbirüstü abidəsidir. 1955-ci ildə qoyulub. Amma şəhər mühitində ilk böyük əsərininz Natəvanın heykəlidir. 1960-cı ildə ucaldılıb. Sonra daha böyük bir əsəri dahi Füzulinin obrazını həmkarınız, dostunuz rəhmətlik Tokay Məmmədovla yaratdınız. Üstündən yarım əsrdən artıq vaxt keçəndən sonra Tokay müəllim müxtəlif sözlər söylədi bu heykəl barədə. Sizcə səbəb nəydi?

- Allah rəhmət eləsin, axır vaxtlar Tokay çox qəribə olmuşdu. Son əsəri Koroğlu heykəlini də uğurlu iş saymaq çətindir. Amma ona elə gəlirdi ki, böyük sənət yaradıb...

- O heykəl çox mübahisəli qarşılandı. Nə əzəmət vardı, nə dolğun bədii ifadə. Koroğlunun altındakı sanki Qırat deyil ponidir...

- (gülür) Doğru deyirsiniz. Bilirsiniz, dastanda yazılıb ki, Koroğlu nəhəng olub. Bu sözdən çaşırlar. Fikirləşmirlər ki, at atdır də, adamdan balaca olmaz axı... (yenə gülür)

- Həmin heykəlin yerində vaxtilə sizin əsəriniz – Caparidzenin abidəsi varıydı. Sosrealizm məhsulu sayılsa da  heykəli yaxşı işləmişdiniz. Üstəlik ətrafla da harmoniya alınmışdı, tam uzlaşırdı.

- Bəli, mən hesab edirəm əsər yaxşı alınmışdı, əzəmətliydi. Baxmayaraq ki, postament o qədər də hündür deyildi. Sadəcə, digər məqamlar düzgün işlənmişdi. Belə olanda heykəl yaxşı, maraqlı görünür.

- Yeri gəlmişkən, heykəllər qoyularkən ətrafla, memarlıq ansamblıyla uyuşması çox vacibdir. Əvvəllər bu məsələyə ciddi fikir verirdilər. Məsələn, rəhmətlik Fuad Əbdürəhmanovun Nizami, Səməd Vurğun, Cəlal Qaryağdının Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Sabsayın Mirzə Fətəli Axundov heykəllərini və sizin özünüzün o illərdəki əsərlərinizi götürək, yerlər necə də uğurlu seçilib.

- Haqlısınız, bu çox vacib məsələdir. Heykəltəraşla memar bir yerdə çalışmalı, ən uğurlu variantın üstündə dayanmalıdılar. Və əlbəttə ki, dövlət adamları da onlara şərait yaratmalıdır.  Amma indi sənətkarın fikrini soruşan yoxdur. Təəssüf doğursa da belədir.

- Elə ona görə də müstəqillik illərində qoyulan heykəllərin bir qismi necə deyərlər, gözə dəymir. Məsələn, Bülbülün heykəli. Sanki rəhmətlik bir küncdə keçmiş milli banka keşik çəkir...  

- (gülür) Görmüşəm, doğru deyirsiniz, razıyam. İndi çox problemlər var, deyirsən, deyirsən, həll olmur, elə ortada qalır.

- Sovet dövründə ikinci dəfə sosialist əməyi qəhrəmanı fəxri adını alana qaydaya görə sağlığında heykəl qoyulurdu. Və siz ilk dəfə onda rəhmətlik Heydər Əliyevin heykəlini işləmisiniz.

- Bəli! O zaman Heydər Əliyev Moskvada vəzifədəydi. Ona orada yaşayan SSRİ-nin məşhur heykəltəraşlarından biriylə işləmək təklif olunub. Amma rəhmətlik istəyib ki, müəllif Azərbaycandan olsun. Və məni seçib. Əvvəlcə o bu barədə Bakıya gələndə Kamran Bağırovun (sovet dövründə Azərbaycana rəhbərlik etmiş şəxslərdən biri – S.E.) kabinetində dedi. Sonra bir neçə dəfə müəyyən müzakirələr aparmaq üçün məni Moskvaya dəvət etdi. Büst abidəni doğulduğu Naxçıvanda qoymağı qərara aldıq. Oraya getdim, yerə baxmaq lazımıydı. Mənə təklif olunanı yox, öz istədiyim yeri göstərdim. Çünki o yer daha yaxşıydı: qarşıda genişlik, yaxınlıqda Mömünə Xatun türbəsi, arxada başı qarlı dağlar. Məmurlar razılaşmırdı... Vaxt yetişdi, Heydər müəllim gəlib əraziyə baxdı və heç kimdən, heç məndən də heç nə soruşmadan gedib bəyəndiyim yerdə dayandı. Hamı məəttəl qaldı. Dedim, gördünüz, o bilir nə neçə olmalıdır.

- Siz Heydər Əliyevlə çox ünsiyyət saxlamısınız. Onun neçə doğmasının qəbirüstü abidələrinin müəllifisiniz. Belə təsəvvür yaranır ki, sanki sizə minnətdarlıq olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını yaratdı.

- O çoxdan, hələ sovet dövründə Azərbaycana rəhbərliyə başlayan vaxtdan istəyirdi ki, Azərbaycanda akademiya olsun. Tiflisdə, İrəvanda akademiya varıydı, bizim İncəsənət institutundasa heç təsviri sənət fakultəsi yox idi. Bunun üçün Heydər Əliyev Moskvayla danışıqlar apardı, buraya görkəmli sovet rəssamları gəldi. Çox söhbətlərdən sonra dedilər ki, birdən-birə rəssamlıq akademiyası yaratmaq olmaz. Əvvəlcə İncəsənət istitutunda fakultə açılsın, sonra onun bazasında akademiya qurulsun. Belə də elədilər.

- Amma sovet dövründə rəssamlıq akademiyası yaratmaq istəyi gerçəkləşmədi...

- Bəli, vaxt çatmadı. 1999-cu ildə Heydər Əliyev Klivlendə əməliyyata getməmişdən əvvəl mən və bir neçə nəfəri qəbul edib akademiyanı yaratmaqdan danışdı. Səfərdən qayıdandan sonra bir daha bizi topladı və hazırlıq işlərinə başlandı. Niyə birinci dəfə səfərdən əvvəl bu mövzuda görüş keçirdiyini sonra başa düşdüm. Sən demə, səhhətindən çox nigaranıymış, belə edib ki, ətrafdakılar onun akademiya yaratmaq niyyətini bilsinlər və gələcəkdə mənə maneə törətməsinlər.

- Bəziləri düşünür ki, bütün qapılar üzünüzə açıqdır. Amma qəribədir ki, sizin reallaşmayan işləriniz var. Məsələn, “Şəhidlər” abidəsi, Dədə Qorqud və Koroğlu heykəlləri...

- Şəhidlər mövzusunda əsəri o zaman indiki “Alov qüllələri”nin yerində fikirləşirdim. Heydər Əliyev işçi materialla tanışıydı. Mən qəhrəmanlıq abidəsi düşünrdüm, o isə faciə əhvallı və hazırki formada – memarlıq əsəri istəyirdi. O istəyən oldu.

Dədə Qorqud heykəli indi onun adına salınmış parkda nəzərdə tutulmuşdu. Ölkə rəhbərliyi bilir və razılıq da verilmişdi. Amma hələ ki, iş dayanıb...

Koroğlu abidəsinə gəlincə, mən onun münasib yerini Beşbarmaq dağının yanında, magistral yolun kənarında görürəm. Bu əsərlə də bağlı Prezident və xanımı məlumatlıdır. Hətta, arada mən təklif etdim ki, dünya təcrübəsinə uyğun bir addım ataq. Xalqa müraciət edək, vəsait toplansın...

-Necə deyəylər, xalq qəhrəmanına heykəli xalq qoysun, hə?

-Bəli! O varianta razılaşmadılar. Bu əsərin də gələcək taleyi barədə söz demək çətindir. “Yox” deyilməyib, “hə” də söylənməyib.

- Bəs Məmməd Əmin Rəsulzadənin heykəli? Mən vaxtilə - 1992-ci ilin əvvəlində hazırladığınız işçi materialı bu emalatxanada görmüşəm və o barədə mətbuatda yazmışam. Kukla teatrının qarşısında heykəlin nəzərdə tutulan yerinə bir daş basdırılmışdı. Deyəsən, basdırılan o daş yox, heykəlin özüymüş...

-Doğrusu, inanmıram o heykəlin qoyulacağına. Rəhmətliyin ikinci dünya müharibəsi zamanı faşist Almaniyasına tərəfkeşliyi müəyyən qıcıq oyadırdı. Heydər Əliyev Rəsulzadəni tarixi şəxsiyyət kimi qəbul edirdi, amma mövqeyinə münasibəti fərqliydi. Rəsulzadə Azərbaycanın sonradan müstəqilliyini Almaniyanın müharibədə qələbəsində görürdü. Yanılırmış, elədə biz imperiayanın əsarətinə keçəcəkdik.

-Məgər SSRİ imperiya deyildi?

- Öz aramızdır, o qədər də yox. Biz SSRİ-dən çox şey qazanmışıq. Hətta müstəqilliyimizi də. Uzağa yox, İrana baxın, millətimizin 30-35 milyonu bizə həsəd aparır. Azadlıq istəyirlərlər onlar, alınmır.

- Sovet dövründən söz düşmüşkən, yaxşı tərəfləri varıydı o quruluşun. Məsələn, altmış il əvvəl bax buranı, həmkarlarınızıın qonşuluqdakı belə şəraitli emalatxanalarını ərsəyə gətiriblər...

-Bu hələ xırda şeylərdir. Sənətə, elmə diqqət güclüydü, əməlli-başlı vəsait ayrır, yaşamağa, işləməyə şərait yaradırdılar. Bilirsiniz, biz bu gün varlı ölkəyik, lap çox yox, vəsaiti  bir az arırsalar, hamınının, eyni zamanda rəssamın, heykəltəraşın vəziyyəti xeyli yaxşılaşar.

-Siz inişil marın 1-də Prezidentin sənət adamlarıyla görüşündə bu barədə bircə kəlmə demədiniz...

-Haqlısınız, gərək danışaydım. Mütləq xeyri olacaqdı. Özümü sonra çox qınadım, danladım. Axı niyə dillənmədim?

-Halbuki, həm böyük sənətkar kimi, həm də gözünü sizə dikən gənc rəssamların, heykəltəraşların naminə danışmağınız yerinə düşərdi.

- Tam razıyam. Fürsəti əldən verdim. Bacardığım, gücüm çatan qədər cavanlara arxa dururam. Amma doğrusu bu azdır. Çox kömək lazımdır...

- Cavanlar demişkən, ölkədə Prezident təyinatıyla çalışan ən yaşlı şəxs kimi özünüzü rektor vəzifəsində necə hiss edirsiniz? Ötən il arada söz çıxdı ki, Ömər müəllim səhhətindən bir qədər narahatdır və vəzifədən getməyə hazırdır. Di gəl, qorxur ki, rektorluqla vidalaşsa, akademiya dağılar.

- Allaha şükür, özümü yaxşı hiss edirəm. Akademiya böyük təşkilatdır, yükü ağırdır. Demirəm, əvəzolunmazam, amma əlimdən gələni edirəm ki, işlər yaxşı getsin. Arada bir dəfə rektorluqdan getmək barədə bircə kəlmə deyib, nə reaksiya olacağına baxdım. “Yuxarıda”n bir məmur tez yerimə adam gətirməyə hazırlaşdı. Orta sənətkardı, amma yaxşı adam deyil həmin “namizəd”. O vəzifəyə gəlsə, akademiya həqiqətən dağılar. Məmurun bu planını eşidən kimi, dedim, getmirəm  (gülür).

- Biz isə getsək yaxşıdır. Daha sizi yormayaq. Vaxt tapıb, diqqət ayırıb, hörmətlə belə səmimi söhbət etdiyiniz üçün təşəkkür edirəm. Deyəsən, dünyanı həqiqətən də səmimiyyət və gözəllik, üstəgəl sizin xüsusi dəyər verdiyiniz əməksevərlik və xeyirxahlıq xilas edəcək...

-(gülür) Mən nikbinəm, buna inanıram. Yaxşı işi dəstəkləmək lazımdır. Və siz də yaxşı iş görürsünüz. Ona görə mən təşəkkür edirəm.

Beləcə Ömər müəllimlə hələlik sağollaşırıq. Yadımdaykən deyim, bu onunla ana dilimizdə  indiyədək edilən ən geniş söhbətdi. Görüş üçün rektor kabinetinin yox, emalatxananın seçilməsi təsirsiz ötüşməmişdi. Maestronun sadə-saya danışığında, biçimsiz davranışında əsil sənət ruhu, çərçivəsizliyi vardı...

Написать отзыв

Наши

Следите за нами в социальных сетях

Лента новостей