Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvar-oktyabr aylarında ölkəyə idxal olunan yeyinti məhsullarının dəyəri 1 milyard 332 milyon 904 min ABŞ dolları təşkil etmişdir. Cari ilin 10 ayında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,2% təşkil edib, keçən ilin eyni dövründə bu göstərici 11,7% olmuşdur. Bu ilin yanvar-oktyabr aylarında əsas yeyinti məhsullarından ət və ət məhsulları, süd və süd məhsulları, meyvə-tərəvəz, bitki və heyvan məşəli yağlar, düyü və sair məhsulların idxalı artmışdır. Baxmayaraq ki, ərzaq məhsullarına olan təlabat artmayıb. Belə ki, bu il koronavirus (COVID-19) pandemiyası ilə bağlı ilin əvvəllərində yaranmış vəziyyət ölkənin turizm sektorunada ciddi tənəzzülə səbəb olmuşdur. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Yəni bu ilin 10 ayında keçən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 2 milyon 665 min nəfərdən çox azalıb. Bu baxımdan demək olar ki, bu ilin yanvar-oktyabr aylarında ölkədə ərzaq məhsullarına olan təlabat bir o qədər də artmayıb, əksinə, azalıb. Eyni səbəbdən əhalinin alıcılıq qabiliyyəti də azalıb.

Təlabat bir o qədər də artmadığı halda, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi statistikadan görünür ki, əsas ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalı keçən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb. Belə ki, bitki və heyvan mənşəli piylər və yağlar fiziki çəkidə 8,3%, dəyər ifadəsində 17,8%, süd idxalı fiziki çəkidə 18,6 %, dəyər ifadəsində 17,6 %, kərə yağı fiziki çəkidə 22,9%, dəyər ifadəsində 18,5 %, ət idxalı fiziki çəkidə 13,4% azalsa da, dəyər ifadəsində 2,8% atrmışdır həmçinin əsasən kəsim üçün ölkəyə idxal edilən diri heyvanlar dəyər ifadəsində 14,2% artıb. Bu isə o deməkdir ki, ət idxalı həm də fiziki çəkidə artmışdır. Bitkiçilik məhsullarından meyvə-tərəvəz idxalı fiziki çəkidə 0,6 faiz, dəyər ifadəsində 3,6 faiz, çay fiziki çəkidə 2,1%, dəyər ifadəsində 5,8%, düyü idxalı isə 19,4 faiz artmışdır (Cədvəl 1).

Cədvəl 1. 2019-cu və 2020-ci illərin yanvar-oktyabr aylarında yeyinti məhsullarının idxalı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

 20192019202020202019/20202019/2020
 MiqdarıDəyəriMiqdarıDəyəriMiqdarda fərq %-ləDəyərdə fərq %-lə
Ət, ton41 78664 17236 16365 962-13,4+2,8
Diri heyvanlar 46 927     53 632 +14,2
Süd, ton7 00311 4078 304    13 413+18,6+17,6
Kərə yağı11 14956 91413 70767 486+22,9+18,5
Meyvə-tərəvəz 274 072  153163275 650158 849+0,6+3,6
Çay, ton11 14443 61411 38146 256+2,1+5,8
Buğda, ton1 371021 294 9841 141608243 444-16,8-17,5
Bitki, heyvan yağı123 709104 369133 994126 980+8,3+17,8
Düyü40 43133 09248 29033 367+19.4+0,8

On ay ərzində digər mal qrupları üzrə də idxalda artım baş vermişdir. Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan mənşəli ərzaq məhsullarının idxal dəyəri 107 milyon 359 min dollar olduğu halda, bu ilin 10 ayı ərzində eyni adda mal qrupü üzrə idxal 15,2% artaraq 126 milyon 524 min dollar təşkil etmişdir.

Bu ilin yanvar-oktyabr aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; un qənnadı məmulatları 5,8%, ətdən, balıqdan və ya xərçəngkimilərdən, mollyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar 13,8%, müxtəlif ərzaq məhsulları isə 6,6% artmışdır.

Bu ilin 10 ayı ərzində buğda idxalı 1 milyon 141 min 608 ton təşkil etmişdir. Bu qədər buğda əvvəlki illə müqayisədə çox olmasa da 2018-ci ildə ərzaq məhsullarının istehsalı üçün istifadə olunan ümumi buğdanın həcminin yarısından çoxdur. Ümumiyyətlə buğda istehsali, idxalı və istifadələri ilə bağlı DSK-nın təqdim etdiyi göstəricilərdə dolaşıqlıq, ziddiyyət olduğu açıq şəkildə nəzərə çarpır. 2009-2015-ci illərdə, yəni 6 il ərzində ərzaq məhsullarının istehsalı üçün istifadə olunan buğdanın həcmi 247,7 min ton artdığı halda, son 4 il ərzində istifadə olunan buğdanın həcmində artım 383,4 min ton (54,7 faiz çox) təşkil etmişdir. Son bir ildə isə əvvəlki ilə nisbətən istifadə olunan buğdanın həcmi 247 min 975 ton artmışdır. Belə hal birinci dəfədir ki, müşühidə edilir. Onu da qeyd etməliyəm ki, 2019-cu ildə buğda istehsalda əvvəlki ilə nisbətən 122456 ton artım göstərildiyi halda, həmin ili ölkəyə 1 milyon 584 min 998 ton buğda idxal edilmişdir. Bu da əvvəlki illə müqayisədə 504 min tondan çox olmuşdur. 2019-cu ildə istehsalla birlikdə ölkəyə idxal edilən buğda 2018-ci ildə istehsal və idxal olan məhsulun cəmindən 626 min 548 ton çox olmuşdur. Bu qədər buğda ilin sonuna qalığın həcmini bir o qədər olaraq artırmalı və 2020-ci ildə idxalın həcmini də bir o qədər azaltmalı idi. Lakin bu baş verməyib. Artan məhsul yoxa çıxıb. Təbii ki, bu ilin növbəti aylarında da buğda idxalının artacağı gözlənilir.

Qeyd edildiyi kimi bu ilin yanvar-oktyabr aylarinda əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas ixrac məhsullarının həcmi xeyli azalmışdır. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata əsasən yeyinti məhsullarının ixracı ciddi azalıb (Cədvəl 2). Belə ki, bu ilin yanvar-oktyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz ixracı 0,8% azalıb, Ənənəvi ixrac məhsullarından meşə fındığı fiziki çəkidə 23,4%, dəyər ifadəsində 14,4%, alma fiziki çəkidə 27%, dəyər ifadəsində 26,3%, xurma fiziki çəkidə 24,7%, dəyər ifadəsində isə 25,6% azalmışdır.

Bu ilin yanvar-oktyabr aylarında bitki və heyvan mənşəli piylər və yağların idxalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə fiziki çəkidə 10,2 min ton, dəyər ifadəsində 22,6 milyon dollar dəyərində artdığı halda, eyni adda məhsulun ixracı fiziki çəkidə 7,2 min ton, dəyər ifadəsində isə cəmi 4 milyon dollar dəyərində artmışdır. Həmçinin ölkəyə idxal olunan çayın həcmi ixrac olunan çayın fiziki çəkisi ilə müqayisədə dəfələrlə çoxdur.

Cədvəl 2. 2019-cu və 2020-ci illərin yanvar-oktyabr aylarında kənd təsərrüfatı məhsullarının ixracı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

 20192019202020202019/20202019/2020
 MiqdarıDəyəriMiqdarıDəyəriMiqdarda fərq %-ləDəyərdə fərq %-lə
Meyvə-tərəvəz 467 292 455 515463 392467 259-0,8+2,5
ondan:      
 Tomat139 576147 606 160 269173 018+14,8+17,2
         Meşə fındığı18 545 101 22014 19086 623-23,4-14,4
Alma70 15528 79751 19121 201-27,0-26,3
Xurma66 66147 577 50 18035 373-24,7-25,6
Cay1 1867 5831 1217 703-5,5+1,6
Bitki, heyvan yağı14 65214 619 19 41619 249+24,5+24
Pambıq lifi65 79491 84072 98695 870+9,9+4,3
Pambıq iplik,10 30924 5316 63713 589            -35,7             -44,6

 Keçən ilin yanvar-oktyabr aylarında 116 milyon 371 min dollar dəyərində pambıq lifi və pambıq iplik ixrac ixrac edildiyi halda, bu ilin eyni dövrü ərzində 109 milyon 429 min dollar dəyərində, yəni 6% az (əsasən 2019-cu il istehsalı) pambıq lifi və pambıq iplik ixrac edilmişdir. Baxmayaraq ki, 2019-cu ildə 2018 ilə nisbətən xam pambıq istehsalı 61,7 min ton artmışdır. Yəni, əslində bu il 2019-cu il istehsalı pambıqdan əldə olunan pambıq lifi və pambıq iplik ixracı azalmalı deyildi, əksinə, ciddi şəkildə artmalı idi.

Bu ilin yanvar-oktyar ayları ərzində yeyinti məhsullarının idxalında olan cidi artıma səbəb hesab edirəm ki, ölkə daxilində məhsul istehsalının azalması olub. Məhsul istehsalının azalmasının isə başlıca səbəbi ilbəil kənd təsərrüfatında məhduldarlığın aşağı düşməsi ilə bağlıdır. Bu ilin 6 ayının yekunlarına həsr olmuş müşavirədə çıxış edən kənd təsərrüfatı naziri məhsuldarlığa təsir edə biləcək ən böyük riski quraqlıq və su çatışmazlığı ilə əlaqələndirmişdir. Su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə kənd tsərrüfatı naziri demişdir ki, su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə azalmalar baş vermişdir. Onun dediyinə görə şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb, çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olmuşdur. Nazirin müşavirədə verdiyi proqnoza görə, “suvarma kifayət qədər olmazsa, yem bitkiləri üzrə məhsuldarlıq xeyli dərəcədə azala bilər. Həmçinin yağıntının azalması səbəbindən otlaq sahələrində təbii ot örtüyünün zəif inkişafı müşahidə olunur. Bu da heyvandarlığın inkişafına maneələr yarada bilər”. Nazirlik etiraf etməsə də, bu il ət, süd, kərə yağı, meyvə-tərəvəz, kartof  istehsalında ciddi geriləmələrin olduğu müşahidə edilir. Məhz eyni adda mal qrupundan olan məhsulların idxalının artması və ixracının azalması da bundan xəbər verir.

Bir daha təəssüflə qeyd etməliyəm ki, hər ii fermerlərimizə, kəndlilərimizə çatacaq 1,5 milyard dollardan çox maliyyə resursu digər ölkələrin sahibkarlarının, fermerlərinin, kəndlilərinin gəlirlərini artırır, biznesini genişləndirir, sosial durumunu yaxşılaşdırır.

Bir daha onu da qeyd etməliyəm ki, Azərbaycan özünün ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına olan təlabatını daxili istehsal hesabına tam ödəmək imkanına malikdir. Həmçinin ölkənin ixrac potensialı da yüksəkdir. Azərbaycanın resurs imkanları və əlverişli torpaq-iqlim şəraiti imkan verir ki, aqrar sahəni inkişaf etdirsin və inkişaf etmiş ölkələrlə rəqabət apara bilsin.

Hesab edirəm ki, Azərbaycan hökuməti kənd təsərrüfatındakı mövcud durumu ciddi şəkildə təhlil etməlidir və sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirməlidir.

Vahid Məhərrəmov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti