Ermənistan-Azərbaycan münaqişəsinin ideoloji mənbələri

  • Bir xalqın doğma torpağı başqa bir xalqın daimi vətəninə çevrilə bilməz. Njde
  • Müstəqil Qafqaz təkcə öz xalqlarının rifahının təminatı deyil, həm də beynəlxalq sülhün ciddi amilidir. Rəsulzadə

***

Qarabağ münaqişəsi bir əsrdən artıqdır ki, öz həllini tapa bilmir və 2020- ci ilin son müharibəsi də Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatsa da, onu həll edə bilmədi. Problem ondadır ki, münaqişə bölücü ideoloji təməlin mövcudluğuna görə sonu görünməyən, əvəz edilmədən yekun həlli mümkün olmayan Azərbaycan-Ermənistan və daha geniş şəkildə baxsaq, Ermənistan-Türkiyə (türk) qarşıdurması kontekstindən kənarda olan ayrı, müstəqil bir şey deyil.  O, müvəqqəti, taktiki ola bilər, amma strateji deyil. Münaqişə ideologiyası həmişə düşmənçilik düşüncəsini qidalandıracaq, bu da tarixin dəfələrlə sübut etdiyi kimi, adətən, geosiyasi kataklizmlər dövründə (1905-1907, 1918-1920, 1985-1991-ci illərdə) yaranan qanlı münaqişələrə çevrilir. Belə bir şəraitdə təkcə Qafqazda deyil, bütün Ön Asiyada uzunmüddətli sülhdən danışmaq olmaz.

Biz münaqişənin Ermənistan-Azərbaycan münaqişəsi olmasından danışanda düz demirik. Bu münaqişəni Ermənistan-Türkiyə münaqişəsi adlandırmaq daha düzgün olardı, burada həm Azərbaycanla münaqişə, həm də Ermənistan-Türkiyə münaqişəsi onun tərkib hissəsidir. Ermənilər özləri türkləri osmanlıya, qafqazlıya, iranlıya, özbəkə, türkmənə bölmürlər. Erməni millətçi ideologiyası türkü milliyyətə və vətəndaşlığa görə deyil, ermənilik anlayışında olduğu kimi tayfa, etnosla müəyyən edir.

Oxucu təbii olaraq sual verə bilər: Müəllif nəyi gizlədir? Gizlin heç nə yoxdur. Anlamaq istəyi var ki, biz niyə ermənilərlə anlaşa bilmirik və 2020-ci il müharibəsinə qədər biz həmişə onlara uduzmuşuq, əraziləri verirdik, insan itkiləri verirdik. Onların da insan itkiləri var, lakin ərazi itkiləri yoxdur. Azərbaycan türklərinin yaşadığı ərazilərdə kütləvi etnik təmizləmə aparıldığını müşahidə edirdik. Yaxşı xatırlayırıq, 1989-cu ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətində Qarabağ münaqişəsi müzakirə olunanda Mixail Qorbaçov ermənilərin hüquqlarının pozulması ilə bağlı ermənilərin iddialarına ritorik sual vermişdi: “Bəs 20-ci əsrin əvvəllərindən bu günə kimi indiki Ermənistan SSR ərazisindən 1,5 milyon azərbaycanlı hara yoxa çıxıb? Orada olan erməni alimlər və siyasi xadimlər cavab tapa bilmədilər. Mənə belə bir sual vermək məntiqli olardı: İndiki Azərbaycan ərazisindən 400 minə yaxın erməni hara yoxa çıxıb, onların əksəriyyətinin əcdadları 19-20-ci əsrlərdə buraya köçüblər. Onların faciəsi, köçürülmüş və qovulmuş azərbaycanlıların faciəsi kimi, özlərini xalqa, ən pisi tör-töküntüyə yox, erməni irqinə aid edənləri qətiyyən narahat etmirdi. Məhz azərbaycanlılarla yanaşı yaşayıb çörəyini də, sevincini və kədərini onlarla bölüşənləri özünü irq hesab edənlər xalqa və tör-töküntüyə aid edirdi. Sovet dövründə İrəvanda Azərbaycandan olan erməniləri Qarabağ “*****”i, yaxud daha pis, türklərin nökərləri – şartvats adlandırırdılar. İrq üçün məqsədə çatmaqda ermənilərə aid edilən digər sadalananlar irqin təmizliyi və məqsədinə çatması üçün qurban verilməyə layiq olan xərc materialı idi.

Ermənistan

2016-cı il mayın 28-də İrəvanda Birinci Respublika Günündə (1918-1920) prezident Serj Sarkisyanın iştirakı ilə erməni nasizminin banisi Qaregin Njdenin altımetrlik bürünc abidəsinin açılışı olub. Ermənilərin Njdenin təfsirinə görə, xalqa və ya tör-töküntüyə aid olan sağlam hissəsi onun təlimini faşizm kimi xarakterizə edib. Əksəriyyət bu fikirdədirmi? Bilmirəm. Abidənin dövlət aktı kimi ucaldılması faktının özü onu deməyə əsas verir ki, əslində dövlətçilik və onun ideologiyası Njde ideyalarına əsaslanır. Rəsmi İrəvan dövlət səviyyəsində açıq şəkildə Njdenin fikirlərini dilə gətirmir və ya hamarlanmış şəkildə səslındirilir, amma bununla mahiyyət dəyişmir. Ermənistanın eks-prezidenti Robert Köçəryanın ermənilərlə azərbaycanlıların “genetik ziddiyyəti” ilə bağlı bəyanatını necə xatırlamamaq olar.

Njdenin irqçi ideologiyası artıq 20-ci əsrin əvvəllərində formalaşmağa başlamış və onun indiki Ermənistan ərazisində iştirakı, qırğınlarla müşayiət olunan etnik təmizləmə, Zəngəzur və digər bölgələrdən azərbaycanlıların tamamilə qovulması zamanı özünü göstərib. Erməni irqçiliyi ideologiyası, nəhayət, ötən əsrin 30-cu illərinin birinci yarısında Qaregin Njde və Hayk Asatryan tərəfindən formalaşdırıldı və yayıldı.

Onlar klassik erməni millətçiliyi ideologiyasını işləyib hazırlayıblar ki, onun məqsədi erməni xalqını Ermənistan dövləti çərçivəsində Tarixi Ermənistan (Orta Ön Asiyanın şimal hissəsində, o cümlədən Kiçik Asiya, Erməni yaylası və Cənubi Qafqazı əhatə edən tarixi-coğrafi bölgə) ərazisində birləşdirməkdir.

Mən erməni dilində Vikipediyada Njdenin doktrinası ilə bağlı mənbəyə müraciət etdim, çünki o, Njdenin fikirlərinin izahını digər dillərdə olandan daha aydın əks etdirir, burada təsvir xarici oxucuların maraq və baxışlarına uyğun hamarlanır.

İdeya sexakronizm (“Xalq” və “İnam” sözlərinin birləşməsi) adlanırdı ki, bu da əslində traybalizm deməkdir, irqçilik ideologiyası traybazlizmin bir hissəsi və təbii davamıdır. Njde “millətçilik”, “vətənpərvərlik” və digər bu kimi sözlər əvəzinə “etniklik” termininə üstünlük verib.

Traybalizm tayfanın tanınmasından başlayır: tayfanın tarixinin, mədəniyyətinin, həyat tərzinin, onun dəyər və üstünlüklərinin, bu gününün və niyyətlərinin tanınması, erməni tayfasının sivilizasiya dünyasına verdiyi böyük töhfənin etirafı.

Qəbilə inancı tayfanın tanınmasından irəli gəlir, yəni erməni tayfasının gücünə, dahiliyinə, iradəsinə və bacarığına, gələcəyinə və əbədiliyinə inam.

Njde öz kredosunu “ Amerika erməniləri, tayfa və onun tullantıları” kitabında təqdim edərək 27 vəsiyyət edib. Vəsiyyətin devizi “Ermənistan ermənilər üçün” şüarıdır.

Budur vəsiyyətlərdən bəziləri:

Millət tayfa vasitəsilə yaşayır, yaradır və özünü əbədiləşdirir.

Traybalizm bəşər mədəniyyətində güclü qüvvədir. Bəs niyə traybalist tayfa kimliyinin saxtalaşdırılmasını insanlığa və xüsusən də öz xalqına qarşı cinayət hesab edir?

Tayfa dini gənc nəslimizi tayfanın həyat verən südü ilə saxlamağa meyli olan bütün təlim və cərəyanların mənbəyidir.

Onun igid olmaq haqqı var və buna borcludur, gələcək nəsillərin taleyi onun əlindədir.

Onun üçün irqinin qüdrəti və qələbəsi üçün istifadə oluna bilən elmlər, incəsənət və sənətlər üstündür.

Traybalizm şəxsi iradə yetişdirməklə erməni ruhunun şöhrətlənməsinə dəstək verir.

Njde tayfanın iradəsini ilahiləşdirməyə çalışır.

Traybalizm fərddən öz tayfası ilə qırılmaz ittifaq tələb edir, sonuncunu ali valideyn kimi qəbul edir. Bu mənada traybalizm ailəni tayfanın möhkəmlənməsi vasitəsi kimi görür və hesab edir ki, ailədəki uşaqlar bilavasitə ata-anadan daha çox tayfaya, ali valideynə məxsusdur.

Traybalizm fərdin arzuladığı xoşbəxtliyi tayfanın kollektiv xoşbəxtliyi ilə şərtləndirir ki, bu da “öz xalqının gücünün artması və Ermənistanın ədalətli şəkildə genişlənməsini görməkdir”.

Traybalizmə görə, fərdin azadlığının və fərdin özünüifadəsinin ən böyük ölçüsü, “ən yüksək davranış” tayfaya tabe olmaqdır. Başqa sözlə desək, fərd tayfanın mənafeyinə qarşı çıxmayacaq və onun əxlaqına xələl gətirməyəcək qədər azaddır və onun özünü ifadə etməsi antitayfa eqoizmə çevrilməməlidir.

Tayfanın gələcəyinə inam yaradan bir etos (mənəvi imperativlər toplusu) kimi tayfaçılıq gücsüz fatalizmi təbliğ etmir, tayfanın layiq olduğu böyük taleyi mübarizə yolu ilə yaratmaq vəzifəsi qoyur.

Sexakronizmə görə, ermənilər üç hissi-şüurlu hissəyə bölünür:

1. Tayfa (irq)

Bu irq əsas məqsədi öz vətənlərində öz növlərini yaşatmaq olan seçilmiş ermənilərdir. O, özündə erməniliyi daşıyır və onu nəsillərə ötürür. Tayfa üçün Vətən vazkeçilməzdir, onun müstəqilliyi hava kimi lazımdır. Tayfa döyüşür və ermənilərin namusunu xilas edərək şəhid olur.

2. Xalq

Xalq Ermənistanın qərarsız, tərəddüdlü hissəsidir. Tayfanın yox, pozğun ünsürlərin səsinə qulaq assa, mafiya tərəfdarıdır. Xalq gündəlik həyatı yaşayır, tayfa əbədi həyatla yaşayır, xalq gündəlik fikirlərlə, tayfa keçmişin xatirəsi, gələcəyə möhkəm inam və eyni zamanda günün daimi mübarizəsi ilə yaşayır.

Xalq əsasən şəxsi marağını, tayfa ümumerməni maraqlarını rəhbər tutur. Xalq təbəqələrin, dinlərin və partiyaların qarışığıdır, tayfada hakim və tabe siniflər, dini konfessiyalar, siyasi cərəyanlar yoxdur, yalnız ermənilər var.

Xalq ədalət və yaşamaq hüququ istəyir, tayfa onu qazanır və təsdiqləyir. Xalq öz şərəfsiz vəziyyətinə uyğunlaşa bilər, amma tayfa qul zəncirinə dözmür, Ermənistana ziyan vuran dünya məhkəmələri ona görə düzələ bilər. Təhlükə anlarında xalq çaşqınlıq və təşvişə düşür, tayfa isə instinktiv olaraq çıxış yolu tapır. O, təhlükəni qabaqcadan görməyə qadir deyil, lakin tayfa onu hiss edir.

Xalq bacarıqsızlığa hörmət edir, tayfa yalnız öz dahilərinə hörmət edir.

“Xalq kitab həvəskarıdır, tayfa isə peyğəmbərlər yetişdirir”.

Xalq dəyərləri qorumağı və qəhrəmanları qiymətləndirməyi bacarmır. Bu gün kimisə qəhrəman edir, sabah kütlə korluğu ilə dünənki ziyarətgahları tapdalayır və ya məhv edir. Tayfa öz dəyərlərinin əbədi daşıyıcısıdır, müqəddəs ölülərinə sitayişi əbədiləşdirir.

Xalq natamamlıq kompleksindən əziyyət çəkir, tayfa qürur və qətiyyətlə doludur. “Xalq millətsizləşdirmə yolu ilə yad mədəniyyəti mənimsəyir, tayfa qəbul etdiyi şeyi milliləşdirir”.

Ermənilər arasında tayfanın nisbəti nə qədər yüksəkdirsə, tayfa qanunları ilə nə qədər çox insan yaşayırsa, bir millət olaraq bir o qədər güclü və parlaqdır. Tayfanın xüsusi çəkisini xalqın hesabına artırmaq, onu çevirmək, tayfaya doğru istiqamətləndirmək lazımdır. Beləliklə, traybalizmin əsas problemi erməni xalqını sökməkdir.

3. Tör-töküntü (tanak)

Tanak ermənilərin antimilli ünsürüdür, tayfanın xarici düşməninin arabasına qoşulan daxili düşməndir - erməni kimi iyrənc, insan kimi iyrəncdir. Ermənilər qarşısında heç bir öhdəliyi yoxdur, ancaq haqqı uğrunda mübarizə aparır. Onun milli mənsubiyyəti yoxdur və əgər ermənicə danışırsa, bu, sadəcə olaraq, hələ ünsiyyət üçün başqa üsul tapmadığına görədir. Tanak vətənini tanımır. Bu, ermənilərin milli ölü elementidir, həmişəlik  sıxışdırılaraq çıxarılıb.

Erməni irqçiliyi türkləri, bolşevikləri və onların antierməni agentlərini düşmən kimi tanıyır. O, millətlərin zəruriliyini inkar edən bütün cərəyanları, dinləri və təlimləri rədd edir.

Tayfanın inanclısı öz həmtayfası ilə ailə qurmağa və nəsil verməyə borcludur, çünki ailənin davamını mənşədən təmin etdiyini bilir. Tayfa kultçusu hər hansı bir elmin, incəsənətin və ya sənətin yetişdiricisi deyil, onları öz tayfasına xidmət etməyə çalışan yorulmaz döyüşçüdür.

Tayfanın üzvü öz canından çox sevdiyi tayfaya tabe olur. Qəbilənin iradəsi onun ali sərkərdəsidir, bu, tayfanın qalib gəlmək və dayanmaq iradəsidir.

Traybalizm Erməni Apostol Kilsəsinə qarşı deyil, əksinə, özünü onun tərkib hissəsi hesab edir, lakin Njdenin fikrincə, Erməni Apostol Kilsəsi “xristian sevgisinin sirrini yanlış anlayıb və nəticədə əsrlər boyu xalqın görünməmiş faciəsinə səbəb olub”. Qəbilə dini erməni kilsəsinin milliləşdirilməsini, onun ideoloji cəhətdən yenidən qiymətləndirilməsini tələb edir.

“Bizim kilsəmiz yoxsulların və kasıbların əxlaqını təbliğ etməkdə səhvə yol verdi, dəhşətli səhv etdi. Bundan sonra o, Kiçik Asiyada və Ermənistanda xristianlığın izlərinin qalmasını istəyirsə, sevgi və fədakarlığa qadir olan ari xalqından danışmalıdır. Ari xalqı da güclüdr, elə güclüdür ki, öz mövcudluğu üçün ölümə meydan oxuya bilir. Təkcə ermənilər deyil, erməni kilsəsi də belə yaşayacaq. Erməni xalqının özünümüdafiəsi erməni kilsəsinin yeni şəriətidir”.

Njde qeyd edib ki, traybalizm ideyası sırf ermənilərindir, faşizm millətçiliyin italyan təzahürüdür, nasizm isə almanlara məxsusdur.

Traybalizmin nasizmdən fərqi ondan ibarətdir ki, ikinci halda ari tayfası yeganə mədəniyyət yaradan irq elan edilir, qalan millətlər isə aşağı növlərdir. Traybalizm seçilmişlik və ya müstəsnalığı təbliğ etməkdən azaddır. Nasizm “həyati ərazilər” deyilən ehtiyacı dilə gətirir ki, bu da qeyri-təbii olaraq Vətənin hüdudlarından kənara çıxır. Etnik mənsubiyyət öz vətənimiz olan erməni yaylasına geri qayıtmaq üçün problemdir. Nasizm yəhudilərə bəşəriyyətin şərri, mədəniyyəti məhv edən növ kimi baxır və onun təlimlərində antisemitizm əsas yer tutur. O, tayfa dinində əsla yoxdur. O, türkü tayfanın düşməni elan edir. Traybalizm həm də intiqam öhdəliyi, türkü bağışlamamaq mesajıdır və buna görə də qisasçılar ocağıdır, orada “hər bir erməni qurbanının əvəzinə iki yeni qisasçı gələcək”. Traybalizm ermənilərin yarısını öldürən o qaniçən tayfadan (türklərdən) amansız intiqam almaq, onları amansız mühakimə etmək tələb edir. Bu düşmənçilik tarixi deyil, bioloji xarakter daşıyır.

2012-ci ildə “Təhsil Proqramları Mərkəzi”nin Proqramların İcrası Departamentinin Ali Təhsil Proqramının rəhbəri (indiki təhsil naziri) Janna Andreasyan bəyan etdi: “Njdenin bu ideologiyası, əslində, faşist ideologiyasıdır... əslində, 21-ci əsrin cəmiyyəti kimi bizim üçün çox təhlükəlidir. Çünki bu, aqressiv dünyagörüşünə, dünyadan təcrid olunma ideyasına və başqa cəmiyyətlərdən öz üstünlüyü ideyasına əsaslanır. Əgər bütün gözəl sözləri götürüb onun skeletini saxlasan, skelet belədir. Bu, çox təhlükəlidir”.

2021-ci ildə təhsil, elm, mədəniyyət və idman nazirinin müavini olanda ona sözlərindən geri çəkilməyi tövsiyə ediblər. “Mən hələ də Njde və Njdenin ideologiyası haqqında eyni fikirdəyəm, heç nə deməyəcəyəm”, - bu gün Təhsil Nazirliyinə rəhbərlik edən Andreasyan bildirib.

Konservatoriyanın professoru, əməkdar artist, müğənni, 2021-ci il fevralın 12-də Andreasyanı qınayan Anna Mailyan: “Qaregin Njdenin kitabı ikinci Bibliya kimi masalarımızın üstündə olmalıdır. Hər bir uşaq Qaregin Njdenin ideyaları əsasında tərbiyə edilməlidir. Qaregin Njdeni faşist kimi qəbul etmək olmaz. Mən bir erməni olaraq Qaregin Njde haqqında hər hansı faşist eyhamı ilə danışmağı qadağan edirəm. Bu adam erməni xalqının milli azadlıq mübarizəsinə təkan verməyə, onu təşkil etməyə, Süniki azad etməyə qadir idi. Müvafiq şərait, dəstək və uyğun vəziyyət olsaydı, bəlkə də, Arsax və Naxçıvan azad olunardı və bizim öz tarixi ərazilərimiz olardı”, - o bildirib.

Azərbaycan

Erməni cameəsində traybalizm nəzəriyyəsi və ideyasının işlənib hazırlanaraq həyata keçirildiyi dövrdə Azərbaycan cəmiyyətində də özünüidentifikasiya, etnik və milli kimliyin dərk edilməsi axtarışları prosesləri gedirdi. Azərbaycan millətçiliyinin əsas ideoloqu ilk demokratik respublikanın (1918-1920) rəhbəri Məhəmməd Əmin Rəsulzadədir. O XX əsrin əvvəllərində problem olan etnik mənsubiyyət vasitəsilə Azərbaycan milliyyətçiliyini oyatmağa çalışdı, çünki cəmiyyət özünü islam dini ilə əlaqələndirir və fərdlər - farslar, türklər, ərəblər özlərini etnik qrup yox, müsəlman hesab edirdilər.

Rəsulzadə Njdedən fərqli olaraq döyüşçü deyildi, sadəcə jurnalist, pedaqoq, siyasi xadim idi. O, milli özünüdərkin, milli dövlətin, millətin formalaşması üçün zəruri başlanğıc kimi etnik özünüidentifikasiyanın tərəfdarı idi. Rəsulzadə etnik qrupları irq, xalq və tör-töküntülərə bölmür. O, müstəsnalığı, əbədi intiqamı və ərazilərin ələ keçirilməsini və ya qaytarılmasını təbliğ etmir. O, Azərbaycan türklərinin gələcəyini Qafqaz xalqları, o cümlədən ermənilərlə ittifaqda görür.

1930-cu illərdə onun 20-ci əsrin əvvəllərindəki baxış və ideyalarının davamı və inkişafı olan “Panturanizm və Qafqaz problemi” məqaləsinin əsas hissələrinə baxaq. Bu məruzə 1930-cu ilin martında Parisdə Qafqaz, Ukrayna və Türküstan mühacirətinin nümayəndələrindən ibarət auditoriya qarşısında oxunub.

“Xalqımızın güclü olması, xoşbəxt, firavan yaşaması üçün dövlətin tam milli siyasət aparması lazımdır. Həm də lazımdır ki, siyasət bizim daxili dövlət quruluşumuza tam uyğun olsun.

Mən milli siyasətdən danışanda bunları nəzərdə tuturam: Öz milli siyasətinin hüdudları daxilində qalıb, hər şeydən əvvəl öz gücünə arxalanaraq, mövcudluğunu qoruyub saxlamaq və ölkənin rifahı naminə, onun əsl xoşbəxtliyinə, firavanlığına nail olmaq üçün çalışmaq. Konkret olaraq desək, reallaşmayan və utopik bir arzunun arxasınca xalqı məhvə düçar etməmək. Mədəni aləmdən mədəni və insani əlaqələr gözləmək və onunla qarşılıqlı dostluğu qorumaq”.

Panturanist hərəkat müəyyən siyasi düşüncə sisteminə çevrildikcə onda iki meyil dəyişdi: mərkəzçilərin romantik cərəyanı və federalistlərin realist cərəyanı.

Birinci cərəyanın nümayəndələri alman nəzəriyyəçilərinin millətin irqi anlayışı ilə bağlı məlum təsiri altında qalaraq türk xalqlarının bir qan qohumluğunu, dillərinin müəyyən ümumiliyini, eləcə də dini homogenliyini uyğun siyasi kombinasiyada  vahid türk dövləti yaratmaq üçün yetərli hesab edirdilər.

Belə hisslərə malik romantiklər arasında ictimai-siyasi sxem mühafizəkar-avtoritar konsepsiyaya əsaslanırdı və daha çox hərbi-kasta xarakteri daşıyırdı ki, bu da təbii ki, ziyalıların demokratik düşüncəli və liberal təfəkkürlü hissəsi arasında geniş populyarlıq qazana bilməzdi.

Realist cərəyan hərəkatın ali idealından ilhamlansa da, bununla belə, milli mənlik şüurunun oyanmasının real nəticələrinə romantik arzularından qat-qat çox önəm verirdi. Bütün türk xalqlarının ortaq milli-mədəni maraqlarını dərk edən realist hərəkat üçün sonuncuların mərkəzləşmiş dövlətə birləşməsi yenə də qeyri-mümkün görünürdü. O, ilk növbədə, ayrı-ayrı türk xalqlarının ayrıca müstəqil dövlətlər şəklində qurtuluşuna can atırdı.

Heç vaxt konkret siyasi proqram şəklini almamış birinci cərəyan xüsusən də Azərbaycan türkçülərini cəlb etməmişdi, bu da tamamilə başa düşüləndir, çünki feodal orta əsrlərin xarabalıqları üzərində yaranan yeni Azərbaycan cəmiyyətinin daim inkişaf edən demokratik quruluşu ilə açıq-aydın əks meyllərə malik hərəkat, əlbəttə ki, uğur qazana bilməzdi.  Həqiqətən də Azərbaycan siyasətçiləri, xüsusən də Müsavat Partiyasının liderləri heç bir real əsası olmayan utopiya kimi romantik panturanizmə qarşı çıxdılar. Əksinə, Qafqaz xalqları konfederasiyasının şüarı, onların fikrincə, Azərbaycanın və bütün türk dünyasının real maraqlarına daha çox uyğun gəlirdi.

Qafqaz Konfederasiyası ideyası

Yuxarıda qeyd edirdik ki, Azərbaycanda ideologiya maraqları ilə ölkənin real ehtiyaclarını birləşdirə bilən realist panturanizm cərəyanı inkişaf edirdi. Azərbaycan türkçülüyü Çexiyanın timsalında olduğu kimi, azərbaycanlıları təkcə Azərbaycanın müstəqilliyi ideyasına deyil, həm də Konfederativ Qafqazın yaradılması zərurətinə inandıran federalist konsepsiya xətti ilə gedib. Müsavat Azərbaycan Demokratik Türk Federalistlər Partiyası 1919-cu ildə Bakıda keçirilən ikinci qurultayında belə bir qətnamə qəbul etdi:

“Qafqaz konfederasiyası ideyası məsələsinə dair siyasi bölmənin məruzəsini müzakirə edərək, həm milli, həm iqtisadi, həm də siyasi mənafelərə əsaslanaraq və yalnız Qafqaz respublikalarının sıx birləşməsi ilə onların siyasi və ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və təmin olunmasının daha asan olduğunu başa düşərək, Müsavat Partiyasının ikinci qurultayı qərara alır: Qafqaz respublikalarının Qafqaz konfederasiyasının azad ittifaqında birləşməsini arzuolunan hesab etməyə və bütün Qafqaz demokratiyasını, eləcə də qonşu respublikaların hökumətlərini bu ideyanın həyata keçirilməsinə töhfə verməyə çağırmaq.

Elə həmin il Azərbaycan hökuməti Bakıda keçirilən Ermənistan- Azərbaycan konfransında Qafqaz respublikalarının konfederasiyada birləşdirilməsi layihəsini təqdim etdi. Azərbaycanın o zaman erməni nümayəndə heyəti tərəfindən rədd edilən (qəbul edilməyən) təklifi 1920-ci ildə Gürcüstanla Azərbaycan arasında hərbi-müdafiə ittifaqı formasında qismən həyata keçirildi, Ermənistan da istəsəydi, bu ittifaqa qoşula bilərdi. Eyni zamanda, Azərbaycan mətbuatında Qafqaz gömrük və dəmir yolu konvensiyası məsələsi müzakirə olunurdu.

Təkcə hakim Müsavat Partiyasının nümayəndələri deyil, Azərbaycan siyasi fikrinin, demək olar ki, bütün cərəyanları və görkəmli siyasi xadimləri Azərbaycan Cümhuriyyətinin yarandığı ilk günlərdən bütün Qafqaz xalqlarının vahid konfederativ dövlətdə birləşdirilməsi zərurətinin tərəfdarı olub...

Azərbaycanın siyası xadimlərinin bu ideyanı belə canfəşanlıqla müdafiə etməsi səbəbsiz deyil. Qafqazın ümumi siyasi və iqtisadi şəraiti belə bir siyasi proqramın zəruriliyini diqtə edir.

Əgər qədim zamanlarda Qafqaz qonşu xalqlar üçün qarşılıqlı mübarizə meydanı idisə, birgə həyatın son dövrü və bu bölgənin iztirabları aydın şəkildə sübut etdi ki, ayrı-ayrı Qafqaz xalqlarının separatçı fəaliyyət növü bu xalqa, həm də Qafqazın bütün digər xalqlarına fəlakətlər gətirir. Tarixin ümumiliyi, iztirabların, daha dəqiq desək, taleyin ümumiliyi bütün Qafqaz xalqları arasında ümumi, az-çox oxşar psixologiya yaradıb. Bütün Qafqaz xalqlarını eyni dərəcədə qanlı təzyiqlə əzən dəhşətli terror və qırmızı imperializm illəri bu xalqları daha da yaxınlaşdırıb, onların şüurunda ümumi milli-siyasi mənafeləri gücləndirib.

Qafqazdan gələn məlumatlar Qafqaz xalqlarının siyasi təfəkkürlü təbəqələri arasında hökm sürən ümumi əhval-ruhiyyədən aydın şəkildə xəbər verir. Bu əhval-ruhiyyə bu gün Qafqazdan olan mühacirlər arasında hökm sürən siyasi proqrama, yəni Qafqaz həmrəyliyi ideyasına tam uyğundur. Müstəqil Qafqaz təkcə öz xalqlarının rifahının təminatı deyil, həm də beynəlxalq sülhün ciddi amilidir. Daim şimal təhlükəsi altında olan cənub qonşularımız yalnız bufer dövlət kimi azad Konfederativ Qafqazın mövcud olması şərtilə öz talelərinə görə rahat ola bilərdilər. Şübhə yoxdur ki, bizim ümumqafqaz dövlətçiliyinə nail olmaq sahəsində real fəaliyyətimiz cənub qonşularımızda bizə və əməyimizə lazımi hörmət hissi aşılaya bilər.

Siyasi və daha çox iqtisadi imkanları olan müstəqil Qafqaz beynəlxalq dünya siyasəti üçün böyük əhəmiyyət kəsb edərdi.

Bu prinsip yuxarıda qeyd edildiyi kimi, Gürcüstanla Azərbaycan arasında bağlanmış hərbi-müdafiə ittifaqı şəklində qismən reallaşdırılmışdı. Əgər biz bunu tam şəkildə həyata keçirə bilməmişiksə, deməli, bu hesabatın əhatə dairəsinin danışmağa imkan vermədiyi bir çox səbəblər var. Bircə onu deyəcəyik ki, bu ideyanın həyata keçirilməməsinin səbəblərindən biri də eynilə təxribat və demaqogiya olub, o, indi də cənab Xondkaryanın və komandasının dili ilə Qafqaz xalqlarının vahid cəbhəsini pozmağa çalışır.

Müharibə ilə sınaq

Njde və Rəsulzadənin ideyaları İkinci Dünya Müharibəsində dayanıqlılıq sınağından çıxdılar. Rəsulzadənin Qafqaz birliyi ideyasını təbliğ etməkdə nə qədər səmimi olduğunu anlamaq xüsusilə vacib idi.

Tarixçi professor Cəmil Həsənlinin Moskva arxivindən əldə etdiyi sənədlərdən.

Keçmiş alman ordusunun hərbi əsiri Kamsarakan Peterin yazdığı ifadə, 10 yanvar 1949-cu il: (ГА РФ. Ф. Р-9401. Оп. 2. Д. 234. Л. 204–220.)  Peter Kamsarakanın ifadəsində Njdenin “Rasa” qrupu haqqında ayrıca bölmə var.  O yazır ki, “Njde erməni məsələsinin Türkiyə ilə sülh yoluyla həlli ehtimalını rədd edirdi. Digər tərəfdən, o, mənə Hitlerin hərəkətlərinə heyran olduğunu bildirdi, keçmiş və indiki Almaniyaya böyük hörmət və ehtiram bəsləyirdi, Almaniyadan dünyanın yeni bir şəkildə bölünməsini və erməni məsələsinin həllini gözləyirdi. Ümid edirdi ki, faşist Almaniyasının köməyi ilə onunla sıx bağlı Ermənistan yaratmaq mümkün olacaq”.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan mühacirətinin mərkəzi siması M. Ə. Rəsulzadə olmuşdu. Polşa 1939-cu ilin sentyabrında faşist Almaniyası tərəfindən tutulduğu üçün o, Fransaya getdi və 1940-cı ilin yazında vermaxt Fransanı işğal edəndə İsveçrəyə köçdü. 1939-cu il sentyabrın 30-da qurulan mühacirətdə olan Polşa hökuməti və onun sədri, Londonda məskunlaşan Vladislav Sikorski Rəsulzadəni Böyük Britaniyaya dəvət etdi, lakin Almaniyanın SSRİ-yə hücumu ərəfəsində o, Londonu tərk edərək Buxarestə köçdü və sovet qoşunları gələnə qədər burada yaşadı.  Njdedən fərqli olaraq M. Ə. Rəsulzadə Almaniya ilə məsafə saxlamağa üstünlük verirdi. Bu o qədər gözə çarpırdı ki, sovet xüsusi xidmət orqanları onu Polşa, Türkiyə və hətta Yaponiya casusu hesab edirdilər, lakin Abverlə mümkün əlaqələr barədə bir kəlmə də danışmırdılar. Ndje və Rəsulzadə haqqında ətraflı məlumatı SSRİ xarici kəşfiyyatının rəhbəri Pavel Fitin hazırlayıb rəhbərliyə təqdim edib.

Qaregin Njde Qafqaz mühacirəti arasında faşist Almaniyasına ən yaxın adam kimi xarakterizə olunur. Rəsulzadənin nasist rejiminə qarşı ehtiyatlı davranması Rəsulzadənin Almaniyanın təcavüzkar planlarından daha çox məlumatlı olması ilə izah olunurdu.  O, Ankara və Berlindəki mənbələrdən bilirdi ki, SSRİ üzərində qələbə qazanacağı təqdirdə Almaniya Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların müstəqilliyini bərpa etmək niyyətində deyil.  (Павел . Фитин –Молотову. Справка о М. Э. Расулзаде, 17 июля 1944 г.: РГАСПИ. Ф. 82. Оп. 2. Д. 1090. Л. 142).           

Yeri gəlmişkən

Gördüyümüz kimi, ermənilik və azərbaycançılığın inkişafı ilə bağlı tamamilə bir-birinə zidd olan iki əsas fikir və yanaşma mövcuddur. Onlar bir-birini istisna edir. Rəsulzadənin Azərbaycan millətinin inkişafının əsasını təşkil edən ideyalarına Njde doktrinasının mövqeyindən nəzər salsaq, onlar sexakronizm təsnifatına görə tör-töküntü kateqoriyasına aid edilir.  Əksinə, Njde ideyalarına Rəsulzadə doktrinası nöqteyi-nəzərindən baxsaq, Azərbaycanda Rəsulzadənin bugünkü davamçılarının mənsub olduğu realist türklər tərəfindən rədd edilən irqçilik hesab oluna bilər.

Belə olan halda biz Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münaqişəsinin taktiki həllini təmin edə və onun strateji ölçüdə baş verməsinin qarşısını ala bilərikmi?

Njdenin dominantlıq edən ideologiyasını qoruyub saxlamaqla bu, praktiki olaraq qeyri-mümkün və utopikdir. Əgər problem erməni sosiumunda problem kimi qəbul edilirsə, onu ermənilər özləri həll etməlidir. Bu, onların seçimidir. Əlbəttə, bu məsələ bizə həm də ona görə aiddir ki, Njdenin təsir qüvvəsi olan ideologiyasının mövcudluğu azərbaycanlıları və türkləri istəsələr də, istəməsələr də sonrakı döyüşlərə hazırlaşmağa məcbur edir. Njde traybalizmi 21-ci əsrin potensial müharibələrinin və faciələrin əbədi və təhlükəli qaynağıdır.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti