Sİ tərəfindən yaradılıb

Sİ tərəfindən yaradılıb

Siyasətçilər, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərin məhkəmə prosesləri

1) İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə AXCP üzvü Kənan Zeynalovun (Basqal) işi üzrə məhkəmənin növbəti iclası keçirilib

İclasda vəkil Nazim Musayev çıxış edərək bildirib ki, zərərçəkmiş kimi tanınan Anar Rəhimovun polislərlə əlbir olduğuna dair ehtimalları var, buna görə də vəsatət verərək A. Rəhimovun həmin gün və ondan əvvəl kimlərlə telefon danışığı apardığı barədə məlumatların məhkəməyə verilməsini xahiş edib.

Ardınca o, bildirib ki, ekspertiza rəyində A. Rəhimovun 1, öz ifadəsində isə 4-5 bıçaq zərbəsi aldığı qeyd olunub. Bu ziddiyyətlərə aydınlıq gətirilməlidir.

K. Zeynalov isə çıxış edərək bildirib ki, bu iş siyasidir.

N. Musayevin verdiyi vəsatətlərin heç biri təmin olunmayıb.

Növbəti iclas iyunun 25-ə təyin olunub.

2) İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə ictimai fəal, ingilis dili müəllimi Dəyanət Çələbiyevin işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib

İclasda dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama əsasən D. Çələbiyev 2025-ci ilin dekabrında Mirsahib Xudaverdizadə adlı şəxsi aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb

Dəyanət Çələbi özünü təqsirli bilməyərək ittihamı rədd edib və bildirib ki, bu əvvəlcədən, ssenari əsasında qurulmuş cinayət işidir

Məhkəmənin növbəti iclası iyunun 25-nə təyin edilib.

3) İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənovun məhkəmə prosesi davam edib.

İclasda cinayət işinin sənədləri tədqiq edilib.

Korrupsiya və dövlət orqanları ilə bağlı məhkəmə prosesləri

1) İyunun 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsləri ilə birgə həbs olunan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin sabiq rəis müavini Zülfüqar Mansurovun şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar ləğv olunub, Zülfüqar Mansurov həbsdən azad edilib, cinayət işi ibtidai istintaqa qaytarılıb.

Z.Mansurov 2025-ci ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağ rayon icra başçısının sabiq müavini Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girib. Onlar Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarında ittiham edilir.

Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

2) İyunun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Emil Ağacanovun cəzadan azad olunmasını və barəsində ixtisaslaşdırılmış məcburi müalicənin təyin edilməsini məhkəmədən xahiş edib.

Zərərçəkənin vəkili və hüquqi nümayəndəsi bununla razılaşmadıqlarını, işin təzədən istintaqa qaytarılmasını istəyiblər.

Məhkəmənin qərarına görə, hadisəni anlaqsız vəziyyətdə törətdiyinə görə, təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir. Ona görə də onun barəsində məcburi tədbirlərin görülməsi üçün stasionarlaşdırılmış müalicə müəssisəsinə göndərilsin. Şəxsin narkotik asılılığı olduğundan narkotikdən məcburi müalicəyə cəlb olunsun.

Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

Qətl 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub. İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

3) yunun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.аz” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

İclasda təqsirləndirilən Zaur Mirzəzadə növbəti dəfə iştirak etməyib.Məhkəmə təqsirləndirilən şəxsin prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib.

Proses 16 iyunda davam etdiriləcək.

4) İyunun 2-də Nərimanov Rayon Məhkəməsində hakim Nərgiz Tağıyevanın sədrliyi ilə vəkil Pərviz Məmmədovun Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) barəsində şikayətə baxılıb.

Pərviz Məmmədov iddia ərizəsində bildirib ki, Bakı şəhərinin Bülbül prospektində avtomobilini saxlayaraq “AzParking” vasitəsilə parklanma haqqı ödəyib. Lakin daha sonra həmin ərazidə dayanma-durma qadağan nişanının olduğunu əsas gətirən yol polisi ona 20 manat cərimə yazıb.

Vəkil hesab edib ki, qadağan olunmuş ərazi ödənişli parklanma məntəqəsi kimi təqdim edildiyindən hesabından tutulan 2 manat da əsassız ödəniş sayılmalıdır. Bu səbəbdən o, pulun geri qaytarılması tələbi ilə AYNA-ya qarşı məhkəmə iddiası qaldırıb.

AYNA-nın nümayəndəsi isə bu iddianı qəbul etməyib. Nümayəndə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda belə arqument gətirib ki, avtomobil faktiki olaraq həmin ərazidə saxlanıldığı üçün parklanma haqqı qanuni qaydada tutulub. Bu əsasla vəkilin iddiasının rədd edilməsi xahiş olunub.

Məhkəmə vəkilin iddiasını əsaslı sayıb. Nəticədə AYNA-dan Pərviz Məmmədovun xeyrinə 2 manat parklanma haqqının, əlavə olaraq məhkəməyə müraciət üçün xərclənən 30 manat dövlət rüsumunun tutulmasına qərar verilib.

5) İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva, şöbə rəisləri Elnur Əhmədli və Hamlet Mustafayevin məhkəmə prosesi davam edib.

İclasda Mehriban Abasquliyevaya son söz verilib. Lakin o, son sözə hazır olmadığını bildirdiyindən proses saat 14:00-dək təxirə salınıb.

Daha sonra Mehriban Abasquliyevanın səhhətində problem yarandığı və bu səbəbdən xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hakim təqsirləndirilən şəxsin vəkilinə xəbərdarlıq edib. Məhkəməyə sədrlik edən qeyd edib ki, təqsirləndirilən şəxs növbəti prosesdə iştirak etməzsə, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilə bilər.

Növbəti məhkəmə prosesi iyunun 4-ə təyin edilib.

6) İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

İclasda şahidlər ifadə verib. Şahidlərdən biri ifadəsində 2015-ci ildən Bulvar İdarəsində kommunal xidmətdə çalışdığını və yığılan pulların Rəşad Bədəlova verildiyini deyib.

Növbəti proses 17 iyun saat 10:00-a təyin olunub.

İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

7) İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Mustafayeva Məlahət, Şamilova Tahirə, Cəfərova Təranənin bir qrup şəxsə qarşı dələduzluq ittihamı ilə cinayət işinə dair məhkəmə prosesində hökm oxunub.

Məhkəmə hökmünə görə, Məlahət Mustafayeva 5 il müddətinə azadlıqdan məhrum edilib, Tahirə Şamilova və Təranə Cəfərovaya ayrılıqda 5 il şərti həbs cəzasına məhkum edilib.

İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib bir qrup müəllimə qarşı dələduzluq ediblər.

Cinayət işi üzrə ziyanın ümumi məbləği 160 min 500 manat həcmindədir.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.

Separatçıların məhkəmə prosesləri

1) İyunun 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə Ermənistan vətəndaşları (vaxtilə Qarabağdakı separatçı rejimdə yüksək vəzifə tutmuş şəxslər) – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslərlə bağlı hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

İclasda David Babayan özü tərəfindən, digər təqsirləndirilən şəxslər isə müdafiəçiləri tərəfindən verilən apellyasiya şikayətlərini müdafiə etdiklərini deyiblər.

Hakim şikayətlər üzrə təqsirləndirilən şəxslərin mövqelərini öyrəndikdən sonra qaldırılan vəsatətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq növbəti mərhələdə müzakirə ediləcəyini bildirib.

Təqsirləndirilən şəxslər apellyasiya şikayəti üzrə bəzi dəqiqləşdirmələrin aparılması, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatından nümayəndənin məhkəmə iclasında iştirak etməsi, şahidlərin dindirilməsi və digər məsələlər barədə müvafiq vəsatətlər veriblər.

Dövlət ittihamını müdafiə edən prokuror Sevinc Qasımova vəsatətlərə münasibət bildirərək qeyd edib ki, Ombudsman Aparatının nümayəndəsi hazırkı məhkəmə prosesində proses tərəfi deyil. Həmin qurumun nümayəndəsi ictimai əsaslarla açıq məhkəmə iclasında iştirak edə bilər. Qanunvericiliyə əsasən ombudsman və ya Ombudsman Aparatının nümayəndələri cəzaçəkmə müəssisəsində saxlanılan şəxslərin saxlanılma şəraiti, eyni zamanda, digər hallarla bağlı yerində tanış ola və preventiv tədbirlər görə bilərlər.

Həmçinin qeyd olunub ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı kifayət qədər şahid dindirilib və onlar əvvəlki ifadələrini yenidən təsdiqləyiblər. Qanunvericiliyə əsasən, birinci instansiyada təqdim edilməmiş yeni sübutların apellyasiya mərhələsində qəbul olunması üçün əvvəllər təqdim edilə bilməmə səbəblərinin əsaslandırılmalı olduğu xatırladılıb.

Qeyd olunub ki, yeni şahidlərin dindirilməsi barədə vəsatət verilərkən həmin şəxslərin konkret anket məlumatları təqdim edilməli olduğu halda, müdafiə tərəfi bu məlumatları göstərə bilməyib.

Bundan başqa, ittiham tərəfi vurğulayıb ki, sübutların lüzumsuz toplanılması məhkəmə prosesinin uzadılmasına və süründürməçiliyə gətirib çıxarmamalıdır.

Bu səbəblərdən dövlət ittihamını müdafiə edən prokuror prosesin lüzumsuz yerə uzanmaması üçün verilən vəsatətlərin təmin olunmamasını məhkəmədən xahiş edib.

Məhkəmə müdafiə tərəfinin vəsatətlərinin qismən təmin edildiyi bildirilib.

Apellyasiya baxışı iyunun 9-da davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Dövlətə xəyanətdə, separatçılıqda ittiham olunan şəxslərin məhkəmələri

1) İyunun 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə dövlətə xəyanətdə və qanunsuz olaraq odlu silahın komplekt hissələrini saxlamaqda ittiham olunan Siyafət Fərzəliyevə hökm oxunub.

Məhkəmə qərarına əsasən, təqsirləndirilən şəxs Siyafət Fərzəliyev 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, xarici xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş Siyafət Heydər oğlu Fərzəliyev onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət etmiş, bundan başqa, qəsdən qanunsuz olaraq odlu silahın komplekt hissələrini əldə edib, daşıyıb və saxlayıb.

O, DTX-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.

Siyafət Fərzəliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham verilib.

Rəy yaz

Ekspress təhlil

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə