
“Plato Capital and Co.” investisiya şirkətinin lisenziyası ləğv edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Plato Capital and Co.” investisiya şirkətinin lisenziyasını ləğv edib.
Bu barədə AMB-nin internet səhifəsində bildirilir.
Məlumatda deyilir ki, maliyyə qurumu fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlərə əməl etməyib. Odur ki “Qiymətli kağızlar bazarı haqqında” qanunun 70.1.6-cı maddəsinə uyğun olaraq “Plato Capital and Co.”nun lisenziyası ləğv olunub.
Qanunun 70.3-cü maddəsinə müvafiq olaraq lisenziyası ləğv edilən investisiya şirkəti Mülki Məcəlləyə uyğun olaraq ləğv edilir.
Bununla da, Azərbaycanda lisenziyası olan investisiya şirkətlərinin sayı 12-yə düşüb.
“Plato Capital and Co.”nu 2002-ci ildə hazırda ləğv prosesində olan “Texnikabank” "Texnika Kapital Menecment" adı ilə yaradıb. İnvestisiya şirkəti 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə "Plato Menecment"ə dəyişib, 2019-cu ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 816 min manatdır. İnvestisiya şirkətinin səhmdarları 99% payla "Red Block" şirkəti və 1% payla Leyla Hacıyevadır.
Rəy yaz