XİN: "Səbrimiz tükənməz deyil"
Bakı/27.08.19/Turan: Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın iddiası reallıqdan tamamilə uzaqdır və danışıqların mahiyyətinə uyğun deyil. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin məlumatında deyilir.
Avqustun 27-də Ermənistanın XİN başçısı ölkə XİN-in mərkəzi aparatının, habelə diplomatik və konsulluq nümayəndəliklərinin rəhbərləri qarşısında çıxış edərək, bildirib ki, Azərbaycanın gərgin şəraitdə danışıqlar aparmaq səyləri sülh üçün əlverişli mühit yaradılmasına mane olur və bununla da problemin davamlı və hərtərəfli həllinə şərait yaratmır. O, əlavə edib ki, Ermənistan Qarabağ xalqının təhlükəsizliyini sual altına qoya biləcək və onun öz müqəddəratını həll etmək hüququnu həyata keçirmək imkanını məhdudlaşdıra biləcək hər hansı nizamlama variantını qəbul edə bilməz. Mnatsakanyan həmçinin vurğulayıb ki, "Azərbaycan həqiqətən münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdırsa, Qarabağ xalqının seçilmiş nümayəndələri ilə danışıqlarda eyni dərəcədə maraqlı olmalıdır".
Azərbaycan XİN Mnatsakanyanın çıxışı ilə əlaqədar vurğulayır ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsi olub, hazırda onun ayrılmaz hissəsidir və bu, gələcəkdə də belə olacaq. ""Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, Azərbaycanın bu bölgəsinin erməni və azərbaycanlı icmaları vardır".
Məlumatda qeyd olunur ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə qəbul edilmiş model beynəlxalq hüququn norma və prinsiplərinə, BMT, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinə əsaslanır.
"Ermənistan XİN başçısının vətəndaşların öz iradələrini azad ifadə etməsini nəzərdə tutan xalqların öz müqəddəratını təyinetmə hüququna istinad edərək təmsil etdiyi ölkənin təcavüzkar niyyətlərinə hər hansı şəkildə haqq qazandırmaq cəhdləri, nə beynəlxalq hüquqa, nə də sağlam məntiqə uyğun gəlmir. Həqiqətən, hər hansı bir ərazinin əhalisinin bir hissəsinin hüquqlarını bu ərazinin əhalisinin digər hissəsinin hüquqlarını tamamilə pozaraq həyata keçirmək mümkün deyil".
XİN vurğulayıb ki, yalnız Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycan icmasının öz doğma yerlərinə təhlükəsiz qayıdışı və orada ləyaqətli yaşayışı ilə təməl hüquqlarının bərpasından sonra bu bölgənin sakinlərinin özünüidarəetmə hüquqlarının həyata keçirilməsi formaları üzrə konkret müzakirələr aparmaq mümkün olacaq.
Nazirlik əlavə edib ki, Ermənistan xarici işlər nazirinin son açıqlaması daxili auditoriyaya yönəlib və münaqişənin sülh yolu ilə həlli əvəzinə, onun kəskinləşməsi kimi çox təhlükəli tendensiyaya gətirib çıxarır. "Belə bir təsəvvür formalaşır ki, hazırkı Ermənistan rəhbərliyi münaqişənin həll olunmasına deyil, bilərəkdən vəziyyətin gərginləşməsinə üstünlük verir. Lakin istənilən halda aydındır ki, Azərbaycan heç vaxt işğala əsaslanan status-qvo vəziyyəti ilə barışmayacaq. Bizim səbrimiz tükənməz deyil". -0-
-
- İqtisadiyyat
- 27 Avqust 2019 16:51
-
- İqtisadiyyat
- 27 Avqust 2019 17:12
Siyasət
-
Rusiyanın hava hücumundan müdafiə sistemi səhvən AZAL-ın təyyarəsinə hücum etsə də, Rusiya buna görə məsuliyyət daşıyır. Bu barədə bu gün Müsavat Partiyası bildirib.
-
AZAL Bakıdan Rusiyanın digər üç şəhərinə – Nijni Novqorod, Vladiqafqaz və Saratova sərnişin reyslərini dayandırır. Bu barədə AZAL-ın 27 dekabr tarixli məlumatında deyilir.
-
Ermənistan oktyabrda Xankəndidə vəfat etmiş yaşlı erməninin cənazəsini qəbul etməkdən imtina edir. Əgər erməni tərəfi yanvarın sonuna qədər qadının cənazəsini qəbul etməsə, o, Azərbaycanda dəfn olunacaq. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar.
-
Dekabrın 25-də AZAL aviaşirkətinin “Embraer” təyyarəsinin qəzaya uğraması zamanı sağ qalan bort bələdçisi Zülfüqar Əsədov hadisə barədə danpışıb.
Rəy yaz