Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

-Azad bəy, ilk olaraq soruşaq ki, bu koronavirus pandemiyasının yaratdığı karantin rejimində insanların psixoloji vəziyyətini necə qiymətləndirirsiz?

-Azərbaycanda karantin rejimi birdən-birə elan olunmayıb. Mart ayında qadağalar, tədbirlər yavaş-yavaş artırdı. Insanlar demək olar ki, bu rejimə hazırlaşırdı. Yəni gözləyirdilər. hamı üçün aydın idi ki, bu karantin rejimi gec-tez tətbiq olunacaq. Sadəcə dəqiq vaxtını bilmirdilər. Belə mərhələli şəkildə qadağaları artdıqca insanlarda qəflətən stress xarakteri daşımayan, psixoloji gərginlik yaratmayan bir vəziyyət yaranmışdı. Böyük bir panika hiss olunmurdu. Qərblə müqayisə edəsi olsaq, burda orakı kimi marketlərdə ərzaq tamam bitməmişdi. Doğrudur, görürdük ki, bəzi adamlar daha çox ərzaq məhsulları alır. Amma prinsipcə karantin rejiminin tətbiqi böyük panika yaratmadı.

-Virusun yayılmasının səbəblərindən biri də imunitetin aşağı olmasındadır. Imuniteti aşağı salan nüanslardan biri də stressdir, ruh halının pis olmasıdır, qorxudur. Sizcə, cəmiyyətdə stress, qorxu varmı?

-Virusun yayılmasının səbəbi tək imunitetin zəif olmasıdır demək düzgün olmaz. Virusun yayılmasının səbəbi daha çox həmin virusun həddindən artıq aqressiv, aktiv olmasıdır. Imunitetin aşağı olması isə sözsüz ki, virusa daha tez yoluxmağa, xəstəliyi daha ağır formada keçirməyə şərait yaradır. Imunitetin aşağı olmasının səbələrindən biri sözsüz ki stresslə əlaqədardır. Amma stresin, qorxunun, həyəcanın müsbət tərəfi də var. Virusa yoluxmaq qorxusu ilə yaşayan insanlar özlərini daha çox qoruyur. Təəsüflə qeyd etməliyik ki, biz son zamanlara qədər görürdük ki, şəhərdə nə qədər insan gəzir. Toylar, yaslar qadağan olunana qədər həmin mərasimlər keçirilirdi. Hətta Novruz bayramını insanlar regionlardakı otellərə gedib, orada qeyd etmək istəyirdi. Yəni qorxu, həyəcan az idi. Halbuki hamı bilirdi ki, virusdan qorunmaq üçün ehtiyyatlı olmalıyıq və buna görə normal dərəcədə qorxu, həyəcan olmalıdır.

-Stressin, qorxunun mənbəyi nədir? Doğru düzgün informasiya verilməməsi nəticəsində insanlar arasında qorxulu şayiələrin artmasındanmı? Informasiyasızlıq boşluğundanmıı? Yoxsa hökumətin mövzu ilə bağlı insanlara basqısındanmı?

-Tam razıyam ki, stress, qorxu, həyəcan informasiya mühitindən çox asılıdır. Informasiya az olanda, qeyri-dəqiq olanda, bir-birinə zidd olanda insanlar özlərini itirirlər. Dayaq nöqtəsini tapmaqda çətinlik çəkir. Bilmirlər ki, nəyə inansınlar, nəyə arxalansınlar. Martın birinci yarısında və bir qədər də ondan sonra belə bir vəziyyətlə qarşılaşdıq ki, ayrı-ayrı mənbələrdən düzgün və saxta məlumatlar yayılırdı. Amma rəsmi məlumat həddindən artıq az idi. Olsa da natamam idi. Insanlar o boşluğu cürbəcür saytlarda və sosial şəbəkələrdə olan xəbərlərlər və şayiələrlə doldururdular. O məlumatların içərisində həqiqi olanı da var idi, şayiələr də çoxluq təşkil edirdi. Insanlar isə hansı məlumatın doğru, hansınınsa şayiə olduğunu ayıra bilmirdi. Bu baxımdan razılaşmaq lazımdır ki, informasiya ağır olsa da həqiqi olmalıdır. Bu məsələdə yaxşı olardı ki, Estoniyanın təcrübəsindən istifadə ediləydi. Orada tam açıq, şəffaf rəsmi məlumatlarla cəmiyyəti məlumatlandırırdılar və beləcə şayiələrin yayılmasına imkan verilmirdi.

Hesab edirəm ki, hökumətin məsələ ilə bağlı insanlara məlumatı xəsisliklə verməsi sadəcə məsuliyyətdən böyun qaçırmaq məqsədi daşıyır. Yəni heç kim səlahiyyəti öz boynuna götürüb, bu məlumatları cəmiyyətə vermək istəmirdi. Insanlarda qorxu, həyəcan olduğu kimi, hökumət nümayəndələrində də var. Real məlumatı heç kim bilmədiyi üçün risk edib hansısa məlumatı açıqlamaq, bəlkə də acı həqiqəti demək istəmirdi. Son zamanlar hələ tam normaya düşməsə də heç olmasa az da olsa rəsmi məlumatlar daha geniş xarakter almağa başlayıb.

-Karantin rejimi başlayandan hüquq mühafizə orqanları tərəfindən fəallar, müxalifət üzvləri polis orqanlarına çağırılıb, inzibati həbsə məhkum olunanlar var. Müxalifətin aparıcı simalarından biri Tofiq Yaqublu həbs olunub. Bütün bunlar cəmiyyətin müəyyən çevrələrində stressi artırır, qorxu mühiti yaradır. Hakimiyyət indiki dövrdə bu addımları niyə atır? İnsanları karantin rejimində də qorxu mühitində saxlamaq üçünmü?

-Çətin sualdır. O baxımdan ki, pandemiya ilə mübarizə aparmaq üçün hökumətlər istər- istəməz, hətta bəzi demokratik ölkələrdə belə insan haqları məhdudlaşdırılıb. Aydındır ki, tam demokratik olmayan ölkələrdə siyasi qüvvələr bu vəziyyətdən istifadə edir və əks tərəfə, yəni müxalif qüvvələrə təzyiq göstərməyə cəhd edir.  O cümlədən də Azərbaycanda. Amma başa düşməliyik ki, istər Azərbaycan olsun, istər digər ölkələr insan hüquqlarını koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırmadılar. Insanlara seçim hüququ verdilər ki, ya özünüz özünüzü qoruyun, ya biz daha ciddi tədbirlər görəcəyik. Reallıq da onu göstərir ki, bir tərəfdən pandemiyaya qarşı hansısa qadağalarla bərabər insan hüquqlarını pozan amillərdən də istifadə olunacaq. Bunu biz reallıq kimi qəbul etməliyik. Amma sözsüz ki, təəssüflə qeyd etməlyik ki, təkcə müxalifət deyil, eləcə də rəsmi fikirlərdən fərqli olan fikirlərini səsləndirən insanlara təzyiqlər artacaq.  

-Həkim olaraq nə təklif edərdiniz? Pandemiya, karantin rejimində insanların özləri ilə bərabər ruhlarını da sağlam tuta bilmələri üçün insanlar, cəmiyyət, hakimiyyət hansı addımları atmalıdır?

-Ilk növbədə hakimiyyət səhiyyə problemlərini həll etməklə bərabər nümayiş etdirməlidir ki, o əhalini hərtərəfli qorumağa hazırdır. Bu insanların sosial, maliyyə, kiçik və orta biznesin problemləridir. Bunları həll etməlidir. Bu barədə söhbət gedir. Amma hələlik real heç nə görünmür. Kreditlər məsələsi, 60-70 faiz qeyri-rəsmi olaraq gündəlik qazancla işləyən əhaliyə hökumət hansısa formada dəstək olmalıdırlar. Bunları hökumət etməsə istər istəməz karantin rejimi pozulacaq. Insanlar naməlum bir virusdan öləcək, ya ölməyəcək, xəstələnəcək ya xəstələnməyəcək onu düşünmürlər, amma çörək pulu qazana bilməyəcəklərsə, bu rejimi pozacaqlar. Bu məsələdə hökumət insanlara dəstək olmalıdır, onları müdafiə etməlidir.

İnsanlar da bir-birinə dəstək olmalıdır. Çıxılmaz bir vəziyyətdir. Bir-iki gün öncə rus saytlarının birində ev dustaqlarının məsləhətlərini oxuyurdum. Ev dustaqları karantin mərhələsində insanların evdə depressiv hal yaşamamaları üçün məsləhət verirdilər. Bu yaxşı bir təcrübədir. Azərbaycanda ev dustağı olmuş insanlar az deyil. Onların da məsləhətləri və tövsiyələri maraqlı olardı. Insanların karantindən daha da çətin olan ev dustaqlığında yaşadıqları stresləri, psixoloji gərginliyi necə dəf etdiklərini öyrənmək yaxşı olardı.

 

Rəy yaz

Sosial sahə

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti