Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Jan-Klod Yunker

Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Jan-Klod Yunker

Sammitin özündə olduğu kimi, yekun bəyannaməsində də iştirakçılar formalaşan yeni Avropayönlü oxa ehtiyatla yanaşan Rusiya ilə bağlı "iynələyici" ifadələrdən istifadə etməməyə çalışıblar.

Əvvəlki, 2015-ci il bəyannaməsindən fərqli olaraq, yekun sənəddə Rusiyanın Ukraynaya qarşı təcavüzündən bəhs edilmir, imzalanmış Aİ-Ermənistan İnteqrasiya sazişində isə Yerevanın Moskvayönlü Avrasiya İqtisadi Birliyi ilə sazişindəki öhdəlikləri nəzərə alınıb.

Aİ-nin Şərq qonşuları ilə gələcək yaxınlaşması, onların inkişaf və sabitlik səviyyəsinin artırılması məqsədilə 2020-ci ilə qədər dörd sahəni əhatə edən 20 vəzifə razılaşdırılıb:

1. İqtisadiyyatın gücləndirilməsi: iqtisadi inkişaf və bazar imkanları, kiçik və orta biznesin kredit almaq imkanı, Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) genişləndirilməsi

2. İdarəetmənin gücləndirilməsi: institutların möhkəmləndirilməsi və sağlam idarəetmə, antikorrupsiya mexanizmlərinin tətbiqi, məhkəmə islahatı;

3. Əlaqələrin gücləndirilməsi: əlçatanlıq, enerji səmərəliliyi, ətraf mühit və iqlimin dəyişməsi, rouminqlərin qiymətinin azaldılması;

4. Cəmiyyətin möhkəmləndirilməsi: hərəkətlilik və insanlar arasında ünsiyyət, Tbilisidə "Avropa Şərq Tərəfdaşlığı Məktəbi"nin açılması.

Genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə Avropa komissarı Yohannes Hanın sözlərinə görə, bu 20 məqsəd region ölkələrinin "ayrı-ayrılıqda hər bir vətəndaşının maraqlarına uyğundur".

Sammitin səciyyəvi xüsusiyyəti Ermənistanın Aİ ilə tərəfdaşlığı haqqında sazişin imzalanması oldu. Bu güzəştli sənəddə, tərəflərin qeyd etdiyi kimi, Ermənistanın Rusiyanın dövlətlərarası layihələrində iştirakı və Rusiyanın bu ölkədəki maraqları nəzərə alınıb. Sənəddə əsas diqqət 2018-ci ilin yazında prezident-parlament respublikasından parlament respublikasına keçəcək Ermənistanın bundan sonra da demokratikləşməyə davam etməsinə yetirilib.

Almaniya kansleri Angela Merkel bildirib ki, Moskvanın mövqeyi güclü olan Azərbaycanla da buna bənzər sənəd imzalanması planlaşdırılır.

"Bu ölkələrdə Rusiya ilə münasibət mərkəzi rol oynayır", deyə kansler qeyd edib.

Vəzifədə olduğu dövrdə dumanlı Albionun Aİ-dən çıxma proseduruna başladığı Böyük Britaniyanın baş naziri Tereza Mey fikrini daha açıq şəkildə bildirib: "Rusiya kimi düşmən ölkələr "Şərq Tərəfdaşlığı"nın böyüməsi üçün təhlükə təşkil edir və bizim kollektiv gücümüzü pozmağa çalışır".

Etiraf etmək lazımdır ki, bu dəfə Rusiyanın sammitə münasibəti əvvəlkilərdən daha təmkinli olub. Cənubi Qafqazda Rusiyanın ön cəbhəsi olan Ermənistanın Aİ ilə əməkdaşlığının dərinləşməsi faktı özü Kremlin təfəkküründə postsovet məkanında Aİ-nin rolunun güclənməsinin qəbul edilməsi ilə bağlı müsbət irəliləyişlər baş verdiyini göstərir.

Rusiyanın Avropanın perspektivinə baxışlarında bu dəyişiklik Azərbaycanın Aİ-yə iddialı əməkdaşlıq platforması təklif etməsinə imkan verir. Axı Azərbaycanın, Ermənistandan fərqli olaraq, Avrasiya İqtisadi Şurası, ŞƏT, KTMT və s. çərçivəsində öhdəlikləri yoxdur. Bu halda qanunvericiliklərin və normativ sənədlərin uyğunlaşdırılması o qədər də böyük problem kimi görünmür.

İndi, Ermənistan-Aİ sazişi imzalandıqdan sonra Azərbaycanın Moskvanın istəməməsinə və təhdidlərinə istinad edərək Avrointeqrasiyanı təxirə salmasına bəraət qazandırması daha çətin olacaq.

Bu gün aydın olur ki, rəsmi Bakının əvvəllər Rusiyanın təhdidi və Qarabağ münaqişəsinin həll olunmaması ilə əsaslandırdığı Avrointeqrasiya prosesini uzatması daha çox ölkənin demokratikləşməsinə keçmək istəməməsi ilə bağlıdır. Sonuncu məsələdə də Aİ güzəştə gedərək, yekun bəyannaməyə dövlətlərin ərazi bütövlüyü prinsipinə mütləq riayət olunması çağırışını daxil edib.

Rusiya və Aİ-nin bu güzəştləri ilə gələn il Azərbaycanın Aİ ilə sazişi imzalaması üçün bütün zəminlər formalaşır.

"Bu ilin fevralında biz yeni müqavilə ilə bağlı danışıqlara başlamışıq, bu danışıqların erkən yekunlarına ümid edirəm", - I.Əliyev Aİ-nin Şərq tərəfdaşlığı üzrə Brüssel sammitində bildirib.

Amma bu, 2018-ci ildə keçiriləcək prezident seçkiləri fonunda şübhəli görünür. Bakı məsuliyyətli anı əsas gətirərək, yenə Moskvaya qarşı loyallığın nümayişi və Brüsselə Avropalaşma vədi arasında tarazlığı qoruyub saxlamağa çalışacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti