İstintaq təcridxanasında blogerin ölüm faktı üzrə cinayət işinə xitam verilib

Bakı/15.02.18/Turan: Bloger və fəal Mehman Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə cinayət işinə xitam verilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin Turan-a verdiyi məlumata görə, iş Qələndərovun 2018-ci il aprelin 28-də Bakı 1 saylı istintaq təcridxanasında ölümündən sonra Sabunçu rayon prokurorluğu tərəfindən 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) maddə ilə açılmışdı. Sonradan iş Bakı Şəhər Prokurorluğuna göndərilmişdi.

İbtidai istintaqın yekunlarına görə prokurorluq Qələndərovun ölümündə cinayət tərkibinin olmadığı, onun intihar etdiyi qənaətinə gəlib.

Hüquq müdafiəçisi Gülalıyev istintaqın obyektivliyini şübhə altına qoyur, Qələndərovun hədələndiyini, həbsxanadan sağ çıxmayacağı barədə xəbərdarlıq edildiyini xatırladır.

Qələndərov 2017-ci il fevralın 7-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə (234.2-ci maddə) həbs edilib.

Qələndərov həbs edildiyi gün öz facebook səhifəsində belə yazmışdı: "Hamımız Qiyas kimi olaq. Qul olmayaq".

(Fəallar Qiyas İbrahimov və Bayram Məmmədov H.Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra uydurma narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər - red.).

Bir saat sonra polis əməkdaşları Qələndərovun kirayə qaldığı mənzilə gələrək onu saxlayıblar. 2017-ci il aprelin 28-də o, istintaq təcridxanasında, rəsmi versiyaya görə, intihar edərək dünyasını dəyişib. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti