Nardaranda Şahbazovlar ailəsinin dördüncü üzvü saxlanılıb

Bakı/10.05.17/Turan: Polis əməkdaşları qanunsuz silah saxlamaqda şübhəli bildikləri Nardaran qəsəbəsinin sakini Natiq Şahbazovu saxlayıblar. Bu, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra Şahbazovlar ailəsinin cinayət məsuliyyətinə cəlb olunan dördüncü üzvüdür. Bu barədə Turan-a vəkil Fariz Namazlı bildirib.

Natiq Şahbazovun atası Atabala Şahbazov Nardaran hadisələrindən sonra, 2015-ci il dekabrın 1-də həbs olunub. Ona qarşı qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Həmin vaxt polis bölməsində Natiq Şahbazovun qardaşı Əli Şahbazova qardaşlardan birinin “təqsiri” öz üzərinə götürməsini təklif ediblər, bunun əvəzində atalarını azad etməyi vəd ediblər. Əli Şahbazov guya evlərində tapılmış silaha görə məsuliyyəti öz üzərinə götürməyi qərara alıb. Əli Şahbazovu həbs ediblər və ona terrorçuluq da daxil olmaqla, 10 maddə əlavə ediblər. Hazırda o, “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Həsənovla birlikdə “Nardaran işi – 2” üzrə keçir. Atası Atabala Şahbazovu isə azad etməyiblər və 2,5 il müddətinə azadlıqdan məhrum ediblər.

Bu ailənin həbs olunan üçüncü üzvü Fail Şahbazov olub, vəkil Namazlı onun hüquqlarını müdafiə edir.

O, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə və digər 17 fəalın işi üzrə məhkəmə prosesi zamanı ictimai dəstək qrupunda fəal iştirak edib. Bundan başqa, o, İnternetdə sosial şəbəkələrdə 2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı öldürülmüş 4 mülki şəxsin dağıdılmış məzarlarının fooşəkillərini yayıb. Fail Şahbazov bu ilin aprelində həbs olunub və polisə tabe olmadığını etiraf etməyi təklif ediblər, inzibati həbslə kifayətlənməyi vəd ediblər. Əvvəlcə onu 30 gün müddətinə həbs ediblər. Amma sonradan ona qarşı da qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Hazırda onun işi üzrə məhkəmə prosesi davam edir, deyə Namazlı bildirib.

Mayın 8-də DİN bildirib ki, “Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb”.

Atabala Şahbazov, Əli Şahbazov və Fail Şahbazov Siyasi Məhbusları Müdafiə Mərkəzinin aprelin 1-də elan etdikləri 162 nəfərlik siyasi məhbuslar siyahısına daxil ediliblər.

Bir müddət əvvəl digər Nardaran sakini, Ələsgər Cabbarov qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib. Onun qardaşı, “Müsəlman Birliyi” hərəkatının fəalı Cabbar Cabbarov bu ilin yanvarında 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2015-ci ilin noyabrında Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra bu qəsəbədə onlarla yerli sakin həbs olunub. Onların əksəriyyətinə qanunsuz silah saxlamaq ittihamı irəli sürülüb. Çoxları artıq mühakimə olunub. Amma, göründüyü kimi, həbslər hələ də davam edir. -35B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti