Noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun kassasiya şikayətinə baxılacaq. Bu barədə Turan-a onun vəkili Fuad Ağayev bildirib.
Onun sözlərinə görə, kassasiya şikayətində cinayət hadisə və tərkibinin olmadığına görə cinayət təqibinin dayandırılması məsələsi qoyulur.
İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O 7 il azadlıqdan məhrum olunub. 2014-cü ilin mayında AİHM İ.Məmmədovun həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılmasına çağırıb.
Avropa Şurası Nazirlər Komitəsi 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib.
Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.
Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.
Hüquq müdafiəçilərinin fikrincə, 46-cı maddəyə istinad o deməkdir ki, İ.Məmmədov bundan sonra azadlığa buraxılmasa Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı sanksiya qəbul edə bilər.06D--
Rəy yaz