Bakı/22.09.17/Turan: 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş müstəntiq Rüfət Səfərov və jurnalist Cavid Şirəliyev sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıblar. Bu barədə Turan-a Rüfət Səfərovun anası Tahirə Səfərova bildirib.
T.Səfərovanın sözlərinə görə, onlar 9 saylı cəzaçəkmə müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən "kars"lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə etiraz edirlər.
T.Səfərova bildirib ki, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri Rüfət Səfərov və Cavid Şirəliyevə baş çəkiblər.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
*Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub. 2015-ci il dekabrın 20-də hüquq-mühafizə orqanlarındakı qanunsuzluğa etiraz bəyanatı yayaraq istefa verib. Həmin il dekabrın sonunda ona qarşı rüşvət almaq ittihamı ilə cinayət işi başlayıb. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum edib. O, YAP-dan keçmiş deputat, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.
* 7gun.az-ın redaktoru Cavid Şirəliyev 2016-cı il mayın 22-də Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən hədə-qorxu yolu pul tələb etmək ittihamı (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) ilə mühakimə olunub. Jurnalist ittihamları qəbul etməyərək peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. -06D--
Rəy yaz