Təcridxana rəhbərliyi: Əfqan Muxtarlının səhhəti kafidir
"Əfqan Muxtarlının səhhəti hazırda kafidir. Bakı İstintaq Təcridxanasında onun təzyiqinə, qanındakı şəkərin miqdarına nəzarət edilir".
Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun və təcridxananın tibbi-sanitar hissənin rəisi Qurban Hüseynovun həbsdəki jurnalistin vəkillərinə məktubunda belə deyilir. Bu haqda Turana jurnalistin vəkillərindən Elçin Sadıqov məlumat verib.
Vəkilləri ayın əvvəlində təcridxana rəhbərliyinə müraciət edərək, Ə.Muxtarlının sağlıq durumundakı problemlərin nəzarətdə saxlanmasını, gərəkli müayinə-müalicələrin təmin edilməsini istəmişdilər.
Təcridxana rəhbərliyinin cavabında bildirilir ki, Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasına yerləşdiriləndən - iyun ayının 1-dən gərəkli tibbi müalicə-müayinə ilə təmin edilib.
"Müayinəsi zamanı Ə.Muxtarlı şəkərli diabet xəstəsi olduğunu, arterial təzyiqini hipotensiv prepatratlarla tənzimlədiyini bildirib. O, klinik, laborator, rentgenoloji, elektrokardioloji, ultrasonoloji müayinələrdən keçirilib. Müayinə zamanı yalnız şəkərinin normadan bir qədər yüksək olduğu müəyyən edilib. Ona dəstəkləyici dərmanlardan istifadəni davam etdirməsi məsləhət görülüb. Qanda şəkərin səviyyəsinə nəzarət məqsədilə qlükometr cihazını daim yanında saxlaması üçün tapşırıq verilib", təcridxana rəhbərliyi vəkillərə bildirib.
Məktubda o da qeyd olunur ki, Ə.Muxtarlı təcridxanada saxlandığı müddətdə daim həkim nəzarətində saxlanılıb, kardioloq və endokrinoloq tərəfindən konsultasiya edilib. Bu müddət ərzində Ə.Muxtarlının səhhətində xüsusi tibbi yardım tələb edən heç bir kəskin vəziyyət - arrterial təzyiq, qanda şəkərin miqdarının kəskin yüksəlməsi halı müəyyən edilməyib.
Qeyd edək ki, bir müddət öncə də vəkilləri jurnalistin sağlıq problemlərinin olduğunu açıqlamışdılar. Onun mədə ağrılarından əziyyət çəkdiyi, 21 kiloqram çəki itirdiyi bildirilmişdi.
Bir neçə gün əvvəl jurnalistin vəkillərindən Nemət Kərimli isə onun ürəyində ciddi problemlərin olmasından bəhs etmişdi.
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Bu yaxınlarda isə bu cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanıb.-0-
Cəmiyyət
-
Abşeron rayonundakı müəssisələrdən birində baş verən insident nəticəsində bir Hindistan vətəndaşı ölüb, digəri xəsarət alıb. Bu barədə yanvarın 13-də Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
-
Yeni nəqliyyat proqramı çərçivəsində paytaxtın ekoloji cəhətdən təmiz, sürətli və birləşdirici ictimai nəqliyyat sistemi olaraq metropolitenin daha geniş əhatə dairəsinə malik olması hədəflənib.
-
Çərşənbə axşamı Bakıda hava şəraiti dəyişkən buludlu olacaq. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti yanvarın 13-nə olan hava proqnozunu açıqlayıb. Ölkə üzrə mülayim hava şəraiti gözlənilir.
Rəy yaz