URA.RU

URA.RU

“Son onillikdə planetdə yeni güclü mərkəzlər formalaşıb və onlar getdikcə özlərini daha çox büruzə verirlər, onların hər biri öz siyasi sistemlərini və ictimai institutlarını inkişaf etdirir, öz iqtisadi inkişaf modellərini həyata keçirir və əlbəttə ki, onları qorumaq, öz milli suverenliyini təmin etmək hüququna malikdir... Söhbət obyektiv proseslərdən, geosiyasətdə, qlobal iqtisadiyyatda, texnologiya sahəsində, bütün beynəlxalq münasibətlər sistemində inqilabi, tektonik dəyişikliklərdən gedir”, deyə o, iyunun 17-də Peterburq Beynəlxalq İqtisadi Forumunda (PBİF) bildirib.

Putinin PBİF-nin plenar iclasında səsləndirdiyi “tektonik” bəyanatdan iki gün əvvəl onun mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin və Co Baydenin Cenevrədə ötən ilki tarixi görüşü zamanı dünya artıq tektonik dəyişikliklərin kandarında idi.

“Dünya fərqli deyildi. Dünya hələ o vaxt hiss edirdi, hazırda müşahidə etdiklərimizin əlamətləri adi gözlə görünürdü... və biz hazırda baş verən tektonik dəyişikliklərin kandarında dayanmışdıq”, deyə Peskov bildirib.

Göründüyü qədər, geosiyasətdə tektonik dəyişiklik terminindən PBİF ərəfəsində istifadə edilib və Rusiyanın düşdüyü vəziyyətin dramatikliyini dünyaya göstərmək məqsədi daşıyırdı.

Bundan bir ay əvvəl Putin tektonik dəyişikliklər terminindən Rusiya iqtisadiyyatının əsas sahəsi - neft sahəsi ilə bağlı istifadə etmişdi.

Mayın 17-də neft sahəsində vəzittətlə bağlı müşavirədə o, neft bazarında “tektonik” dəyişikliklərdən danışıb və qeyd edib ki, əvvəlki kimi işləmək olmaz. O, həmçinin bildirib ki, Rusiya hakimiyyəti Qərbin “xaotik qərarlarından” yararlanaraq, onları qabaqlamalıdır.

Rusiya lideri yeni dünyanın qurulması tektonikasını birqütblü dünyanın dağılmasında və dövlətin suverenliyinin müdafiəsinin ön plana çıxmasında görür. Əlbəttə, söhbət Rusiyanın suverenliyindən gedir. Gürcüstana, Ukraynaya hücum edən Putin üçün digər ölkələrin suverenliyinin xüsusi bir əhəmiyyəti yoxdur.

O, ekzistensial təhdid qarşısında qalan Rusiyanın suverenliyi problemindən çaşqınlıq içərisindədir.

Peterburq Beynəlxalq İqtisadi Forumu ərəfəsində iyunun 9-da VDNX-də (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) gənc sahibkarlar, mühəndislər və alimlərlə görüşdə Putin belə deyib:

“Və hansısa liderliyə iddia etmək üçün – hələ qlobal liderlikdən bəhs etmirəm, amma nədəsə, - şübhəsiz, istənilən ölkə, istənilən xalq, istənilən etnik qrup öz suverenliyini təmin etməlidir. Çünki aralıq komponent, aralıq vəziyyət olmur: ölkə ya suverendir, ya da müstəmləkədir, bu müstəmləkə necə adlanırsa adlansın”.

O, ölkənin qlobal suverenliyinin tərkib hissəsi kimi dörd suverenlik növünü qeyd edib: hərbi-siyasi, iqtisadi, texnoloji və ictimai suverenlik.

O, hesab edir ki, ölkə və ölkələr qrupu suveren qərarlar qəbul etmək iqtidarında deyilsə, bu, artıq tarixi perspektivi olmayan və sağ qalmaq şansı olmayan müstəmləkədir.

Yəni Putin bu mövzuya toxunaraq və suverenliyin bütün komponentlərinin böhran vəziyyətində olduğunu nəzərə alaraq, faktiki olaraq, Rusiyanın Qərb tərəfindən müstəmləkələşdirilmə astanasında olduğuna işarə edib. Ən azından, o, dünyanı belə görür.

Putin “özünü yer üzündə Allahın elçisi” elan edən ABŞ-ı geosiyasi tektonik qırılmanın əsas katalizatoru adlandırır.

Tektonik partlayışın əsas səbəbi Putin ABŞ-ın SSRİ-nin dağılması nəticəsində təsdiq etdiyi birqütblü dünyada görür və bu birqütblü dünya Amerikanın dünyada təkbaşına liderliyi təmin etmək iqtidarında olmadığı üçün dağılmağa başlayıb.

Onun fikrincə, ABŞ-ın digər ölkələrin işlərinə fəal şəkildə müdaxilə etməsi, onların bəzilərinin suverenliyini itirməsi aparıcı ölkələr tərəfindən qarşıdurma yaranmasına gətirib çıxarıb.

“İl yarım əvvəl Davos forumunda qeyd edilmişdi ki, birqütblü dünya nizamı dövrü başa çatıb. İstənilən vasitələrlə onu qoruyub saxlamaq, mühafizə etmək cəhdlərinə baxmayaraq, başa çatıb. Dəyişikliklər tarixi təbii gedişatıdır, belə ki, planetin sivilizasiya müxtəlifliyini, mədəniyyət zənginliyini siyasi, iqtisadi və digər şablonlarla birləşdirmək çətindir. Burada bir mərkəzdən kobud şəkildə, alternativsiz olaraq qəbul etdirilən şablonlar işləmir”, deyə Putin PBİF-də bildirib.

Beynəlxalq münasibətlər və milli təhlükəsizlik üzrə ekspert Natalya Qolubkova PBİF ərəfəsində dərc edilən “Yeni geosiyasi şəraitdə milli suverenliyin rolunun dəyişməsi” sərlövhəli məqaləsində qeyd edir ki, müasir geosiyasi sistemdə tektonik dəyişikliklər əsas oyunçuların öz milli suverenliklərinə yeni yanaşmasının formalaşmasına gətirib çıxarır, burada yaranmış inteqrasiya prosesləri nəzərə alınmaqla, milli maraqlara xüsusi diqqət yetirilir.

“Birqütblü dünya nizamı dövrü başa çatıb və autentik institutları (elektoral, hərbi, dini və s.), ənənəvi dəyərləri qoruyub saxlamaqla milli suverenliklərini mühafizə etməyə diqqət yetirən, dövlət dəyərlərini beynəlxalq dəyərlərdən üstün tutan ölkələr: Rusiya, Çin, İran və ərəb dünyası yeni “güc mərkəzlərinə” çevrilir. Yeni milli suverenliklər dövrü, şübhəsiz, dünya siyasətinin liderlərindən zəifliklərini nümayiş etdirən beynəlxalq təşkilatlara minimum dərəcədə arxalanmaqla, öz statuslarını qoruyub saxlamaq bacarığı tələb edəcək”.

Putin ilk dəfə olaraq birqütblü dünyanın qəbuledilməz olduğunu 10 fevral 2007-ci ildə məşhur Münhen nitqində bildirmişdi: Hesab edirəm ki, müasir dünya üçün birqütblü model nəinki qəbuledilməzdir, ümumiyyətlə, qeyri-mümkündür. Təkcə ona görə yox ki, müasir – məhz müasir dünyada təkbaşına liderlik üçün nə hərbi-siyasi, nə iqtisadi resurslar çatmayacaq. Daha da önəmlisi: model özü işlək deyil, belə ki, onun əsasında müasir sivilizasiyanın mənəvi-əxlaqi təməli yoxdur və ola da bilməz”.

Putinin doktrinasına əsasən, Ukraynada müharibə tektonik geosiyasi dəyişikliklər daşıyan ekzistensional təhdidin aradan qaldırılması vasitəsidir. Putin Rusiyanı əhatə edən ölkələrdə öz suverenliyinə birbaşa təhdid görür, belə ki, bu ölkələr onları Rusiya əleyhinə təsir zonalarına daxil etməyə çalışan Rusiyanın qlobal düşmənləri üçün geosiyasi maraq doğurur.

“Bu gün artıq böyük dövlətlərin birbaşa olmasa da, dolayı iştirakı ilə bir sıra kəskin münaqişələrin baş verməsi ehtimalı həddindən artıq artıb. Bu zaman təkcə ənənəvi dövlətlərarası fikir ayrılıqları deyil, həm də ayrı-ayrı dövlətlərin daxili qeyri-sabitliyi də risk amilinə çevrilir, xüsusən, söhbət böyük dövlətlərin geosiyasi maraqlarının kəsişməsində və ya mədəni-tarixi, iqtisadi, sivilizasiya “qitələrinin” sərhədində yerləşən ölkələrdən gedirsə. Haqqında çox danışdığımız və hələ danışacağımız Ukrayna bütün dünyada güc bölgüsünə təsir göstərən bu cür münaqişələrin nümunələrindən biridir - və zənnimcə, heç də sonuncusu deyil”, deyə Putin 24 oktyabr 2014-cü il tarixində “Valday” beynəlxalq diskusiya klubunun XI iclasının yekun plenar iclasında bildirib.

Buradan belə çıxır ki, bugünki Putin postsovet dövlətlərinin aid olduğu Rusiyanın təsir zonasında olan istənilən ölkəyə hücum etməyə hər zamankından daha çox hazırdır. Geosiyasi təsir uğrunda mübarizənin gücləndiyi Mərkəzi Asiya, Cənubi Qafqaz Kremlin növbəti xüsusi əməliyyat zonasına çevrilə bilər. Bu, xüsusən Cənubi Qafqazda aydın görünür, Rusiyanın Ukraynada müharibə başlatması fonunda burada Amerikanın məkik diplomatiyası nəzərəçarpacaq dərəcədə fəallaşıb.

Putin PBİF-i keçirərkən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid “ABŞ-n Cənubi Qafqaz regionunda sülhə, demokratiyaya və inkişafa sadiqliyini vurğulamaq üçün” 14-19 iyun tarixlərində Azərbaycana, Gürcüstana və Ermənistana səfər edib.

“Hər üç ölkə ilə diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edən Donfrid ABŞ-ın Azərbaycanın, Gürcüstanın və Ermənistanın suverenliyinə və müstəqilliyinə, habelə öz yolunu çəkmək hüququna dəstəyini ifadə edəcək. O, həmçinin Birləşmiş Ştatların bütün regionda siyasi, iqtisadi və şəxsiyyətlərarası əlaqələrin inkişafına dəstəkləməklə də Cənubi Qafqazda möhkəm sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu vurğulayacaq”, deyə Dövlət Departamentinin Donfridin səfərinə dair məlumatında qeyd edilirdi.

 

Rəy yaz

Keçmiş Sovet məkanı

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə