Açıq mənbələrdən foto
Amma, əvvəlki hesabatlardan fərqli olaraq, hazırki hesabat elə qurulub ki, bütünlükdə KİV üzrə, eləcə də ayrı-ayrı KİV növləri üzrə reklamın həcmini müəyyən etmək çətindir.
Televiziya və radio, çap KİV-ləri və onlayn KİV-lər bir-birindən ayrılmayıb. Hazırki hesabatda televiziya və radio vahid teleradio başlığı altında birləşdirilib, telekommunikasiya vasitələri isə poçt köçürmələri ilə birləşdirilib, dövri mətbuat yazılı bildirişlərlə, çap və audio-vizual məhsullarla birləşdirilib. Ümumiyyətlə, KİV haqqında məlumat da yoxdur. KİV “kütləvi tədbirlər” hissəsi ilə birləşdirilib.
Dünyanın heç bir ölkəsində olmayan bu yenilik hər bir KİV sahəsinin vəziyyətini təhlil etmək imkanı vermir. Dövlət Statistika Komitəsinin əməlləri faktiki olaraq Azərbaycanda 20 ildir stabil ağır olaraq qalan media reklam bazarının əsl vəziyyətini ört-basdır edir.
Bu səbəbdən biz 2018-ci və 2019-cu illərin məlumatlarını müqayisə edə və yerli mediareklam bazarının vəziyyəti haqqında ətraflı məlumat təqdim edə bilmirik.
Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə kütləvi informasiya vasitələri və kütləvi tədbirlərin təşkilatçıları reklamdan 11 mln. 731,7 min manat (6,9 mln. avro) əldə edib. 2018-ci ildə təkcə Azərbaycan KİV-lərinin reklam gəlirləri 7 mln. 747,2 min manat (4,03 mln. avro) təşkil edib.
Həmişə olduğu kimi, reklamdan ən çox teleradio şirkətləri gəlir əldə edib - 7 688,9 min manat (4,5 mln. dollar). Bu zaman bir il ərzində onların gəlirləri cəmi 5,7% artıb.
Yazılı bildirişlər, çap məhsulları və audiovizual məhsullarla birlikdə dövri mətbuatın reklam gəlirləri 978,2 min manat (575,4 min dollar) təşkil edib. 2018-ci ildə çap KİV-ləri başlığında 1 min manat reklam pulundan bəhs olunurdu.
Onlayn KİV-lərin payına nə qədər reklam düşdüyünü deyə bilmərik. İndi onlar “telekommunikasiya vasitələri, yazılı bildirişlər və poçt tədarükləri” başlığı altında birləşdirilib. Bu böyük başlığın payına 1 mln. manat düşür. 2018-ci ildə onlayn KİV-lərin gəliri 474,5 min manat (279 min dollar) ölçüsündə göstərilirdi.
Amma KIV-in ümumi gəlirindən - 11 mln, 731,7 min manatdan (6,9 mln. avro) KİV-ə aid olmayan sahələrin gəlirlərini çıxsaq, ümumilikdə 2019-cu ildə KİV-in payına təxminən 2018-ci ildəki qədər - 7,5 mln. manat, bəlkə də daha az gəlir düşdüyünü qeyd etmək olar.
Hətta media reklam bazarının həcmi bu cür üstüörtülü formada açıqlandığı halda belə görünür ki, vəziyyət qətiyyən yaxşılaşmayıb və dəhşətli olaraq qalmaqda davam edir.
Mediareklamın ÜDM-də misli görünməmiş kiçik payı
2019-cu ildə Azərbaycan ÜDM-i 81,7 mlrd. manat (48 mlrd. dollar) təşkil edib.
Mediareklamın ÜDM-dəki payı 0,009% təşkil edib, bir halda ki, beynəlxalq norma ÜDM-in 1%-nə bərabərdir.
Reklamdan adambaşına düşən gəlir 0,012 manat (0,0071 dollar) təşkil edir.
Yerli mediareklam bazarının ideal həcmi 7,5 mln. manat deyil, bundan yüz dəfə çox təşkil etməli idi. Amma bu, yalnız ölkənin demokratik quruluşa və açıq iqtisadiyyata malik olması şərtilə mümkündür. Mətbuatın boğulması və ona nəzarət siyasi kursunun həyata keçirildiyi hazırki dövrdə reklam bazarında əsaslı dəyişikliklər gözləməyə dəyməz. KİV-lərin yoxsulluğu onları hakimiyyətdən asılı vəziyyətə salır ki, bu da rejimin strateji məqsədini təşkil edir.
Leqal və qeyri-leqal dotasiyalar
KİV, praktiki olaraq, dövlətin dotasiyasındadır. Amma yenə də qeyri-leqal dotasiyalar leqal dotasiyalardan dəfələrlə çox ola bilər. Aydındır ki, Azərbaycan KİV-ləri, o cümlədən 24 teleradio şirkəti, yüzlərlə media saytı, qəzet, jurnal 7,5 mln. manatlıq reklam və bir neçə milyon manatlıq leqal yardım hesabına mövcud ola bilməz. Söhbət on milyonlarla manat qeyri-leqal maliyyələşmədən gedə bilər.
Məsələn, Azərbaycanda 24 teleradio şirkəti var, onların 12-si ümumrespublika şirkətidir. 2019-cu ildə bir teleradio şirkətinə orta hesabla 320,4 min manat düşüb. Bu, TV-nin saxlanılması xərclərinin tələb etdiyi məbləğdən xeyli azdır. 2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən iki telekanala - AzTV və İTV-yə 50 mln. manatdan çox vəsait ayrılıb. 2019-cu ildə Milli Teleradioyayım Şurası beş ümumrespublika özəl teleradioyayım şirkətinin hər birinə - Lider, Xəzər, ATV, ARB 24 və Space-ə 600 min manat (352,9 min dollar) ölçüsündə birdəfəlik maliyyə yardımı ayırıb.
Hökumətin iddia etdiyinə görə, ölkədə 4 mindən çox KİV qeydiyyatdadır. Amma onların 10%-i real olaraq fəaliyyət göstərir.
Rəsmi olaraq 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun xətti ilə 18 qəzet dövlət dəstəyi alıb. Fondun büdcəsi 4,08 mln. manat (2,4 mln. avro) təşkil edib. Bunun 1/3-ü bəzilərinin adları oxucuya ümumiyyətlə məlum olmayan həmin qəzetlərin birbaşa maliyyələşdirilməsinə xərclənib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında çap KİV-lərinin və onlayn KİV-lərin gəlirlərinin 1 mln. təşkil etdiyini ehtimal etsək belə, belə çıxır ki, dörd yüz KİV-in hər birinə ildə orta hesabla 2,5 min manat düşür.
KİV-in hökumətdən iqtisadi asılılığı kursunun davam etdiriləcəyini proqnozlaşdırmaq olar, belə ki, hökumət mətbuata avtomatik olaraq yaradıcılıq azadlığına və Dördüncü Hakimiyyət qismində ictimai nəzarət funksiyasının həyata keçirilməsinə gətirib çıxaracaq iqtisadi azadlıq verməkdə maraqlı deyil.
2020-ci ildə beynəlxalq maliyyə agentliklərinin qeyd etdiyi iqtisadiyyatın güclü tənəzzülü ilə əlaqədar KİV-in iqtisadi vəziyyətinin daha da pisləşəcəyini, onun dövlətdən asılılığının artacağını, habelə sosial şəbəkələrin və şəxsi təşəbbüslərin getdikcə daha çox müstəqil məlumata ehtiyac duyan ictimai rəyə təsirinin artmaqda davam edəcəyini təxmin etmək olar.
Rəy yaz