haber7.com

haber7.com

Terror təşkilatının Şimali İraqda güclənməsinə imkan verməmək üçün Türkiyə Silahlı Qüvvələrinin sərhəddin 40 kilometr o tərəfinə təşkil etdiyi  hərbi əməliyyatda 47 terrorçunu məhv etməsi məmnuniyyətlə qarşılanarkən terror təşkilatının 5-6 ildən bəri girov saxladığı 13 təhlükəsizlik qüvvəsi mənsubunu (kəşfiyyatçı, hərbçi və polis) qətlə yetirməsi təhlükənin davam etdiyini açıq şəkildə ortaya qoydu.

Keçən ilin iyulunda bölgəyə təşkil edilən genişmiqyaslı hərbi əməliyyatda çox ağır zərbələrə məruz qalan terror təşkilatının 13 girovu qətlə yetirməsi gözlərin yenidən Şimali İraq bölgəsinə çevrilməsinə səbəb oldu. Ona görə “yenidən” deyirik ki, 2019-cu ilin dekabrından bəri terror təşkilatının Suriyanın şimal-şərq bölgəsində yuvalanmasına mane olmaq üçün qərarlı addımlar atılmış, ABŞ ilə bəzən fikir ayrılığı yaşanmasına baxmayaraq, PKK-nın Suriyadakı uzantısı olan PYD/YPG terror təşkilatının Türkiyə sərhədlərindən 20 kilometr o tərəfə çəkilməsinə nail olunmuşdu. Amma PYD/YPG-nin sərhəddin o tərəfində təşkilatlanması Ankaranın əsla diqqətindən yayınmamışdı.

İllərdən bəri bölgədəki o qrupla yaxın əlaqə içində olan McGurkun prezident Bayden tərəfindən Suriya xüsusi təmsilçiliyi vəzifəsinə təyin edilməsi isə Ankaradakı narahatlığı ən yüksək səviyyəyə çıxararkən Şimali İraqda girov saxlanılan 13 təhlükəsizlik və ictimai asayiş mənsubunun qətlə yetirilməsi iqtidarı bir neçə baxımdan ciddi düşünməyə sövq edir. Çünki bölgədə daşlar yenidən yerindən oynayır, qurulan tarazlıqların zədə alması halında terror təşkilatlarının gücləndirilərək tədavülə daxil ediləcəyini görmək üçün münəccim olmağa gərək yoxdur.

Mötərizə açaraq bunu da qeyd edək ki, Cənubi Azərbaycanda demokratik hərəkatın alovlanmasından qorxan Tehran rejimi  bu proseslərdə PKK-dan ASALA-ya qədər separatçı  fəaliyyətlərin hamısına dəstək verməkdən əsla çəkinməyəcək. İstər sərhədlər daxilində, istərsə də sərhədlərin o tərəfində separatçı terrorun Türkiyəyə qarşı əsas hədəfinin əvvəlcə  dövlət quraraq  onun erməni dövlətiylə  birbaşa əlaqəsini, sonra isə inteqrasiyasını təmin etmək olduğu nəzərə alınanda bundan sonra öz sərhədlərinin şimal qismi olan Ermənistandakı prosesləri daha yaxından izləmək Ankaranın əsas vəzifələri arasında olacaq. Çünki Türkiyəyə qarşı terrorçu fəaliyyətlərin mərkəzi fiquru olan PKK  terror təşkilatının illərdən bəri Ermənistanda təşkilatlanması şübhə doğurmadığı  kimi, son 6-7 ilə yezidilərin də istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı  vuruşduqları və bundan sonra da vuruşmaq niyyətlərini gizləmədiklərini hamı görməkdədir.

Türkiyə kəşfiyyatının məlumatlarına görə, Şimali İraqdakı terrorçular ağır zərbəyə məruz qaldıqca Ermənistana üz  tutmaqdadırlar. Yaxın gələcəkdə Türkiyə ordusunun təkcə Şimali İraqa deyil, Suriyanın şimal-şərq bölgəsinə daha genişmiqyaslı əməliyyatlar təşkil edəcəyi gözlənilərkən terror təşkilatı üzvlərinin Azərbaycanın qələbəsi nəticəsində darmadağın olmuş Ermənistanda özünə daha rahat yer axtaracağını və hətta oradan Azərbaycanın Qarabağ bölgəsinə keçərək təhlükəsizliklərini müvəqqəti də olsa təmin etməyə çalışacaqları heç sirr deyil.

Keçən ilin yayından bəri söhbət etdiyimiz təhlükəsizlik və asayiş üzrə ən təcrübəli mütəxəssislər, məsələn, keçmiş daxili işlər naziri Sadettin Tantan, Baş Qərargah Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmail Hakkı Pekin  bu ssenariləri daima gündəmdə saxlayaraq terror təşkilatının bölgədə yaranmış vəziyyətdən istifadə etməsinin qarşısını almaq üçün “Türkiyə və Azərbaycan kəşfiyyatlarının öz qüvvələrini mümkün qədər birləşdirmələrinin və terrora qarşı müştərək əməliyyatlar keçirmələrinin” zərurətindən bəhs edirlər.

Bəzi təcrübəli şəxslər isə təkcə PKK terror təşkilatının deyil, ASALA terror təşkilatının da bölgəyə öz adamlarını göndərmə planlarına qarşı Azərbaycanın da “qeyri-nizami əməliyyat” (qeyri-rəsmi) metodlarından istifadə etmək üçün təşkilat qurmasının lüzumunu gündəmə gətirirlər. Şimali İraqda ağır zərbələrə məruz qalan terror təşkilatı mənsublarının xaotik vəziyyətdəki Ermənistana keçmək üçün İran ərazisindən də istifadə edəcəklərini xatırladan təhlükəsizlik və asayiş üzrə mütəxəssislər Zəngəzur dəhlizinin mümkün qədər tez açılmasının  önəminə  həm də buna görə diqqəti cəlb edirlər.

Regional tarazlığın dəyişməsi terror təşkilatları üzərindən yeni planları tədavülə daxil edəcək. Tədbirlər görülməli...

Mayis Əlizadə

Rəy yaz

Analitika

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti