Оперативно-тактический ракетный комплекс «Искандер-Э»

Оперативно-тактический ракетный комплекс «Искандер-Э»

2019-cu ildə Putin öz raket divizionlarını Avropa İttifaqının sərhədinə yeritdikdə Qərbdə vəlvələ yaradan bu silah, Paşinyanın sözlərinə görə, Azərbaycana qarşı 10% partlayıb.

Fevralın 23-də Paşinyan “Dağlıq Qarabağda müharibənin dördüncü günündəcə İsgəndərlərdən istifadə edərdim” deyən keçmiş Ermənistan prezidenti Serj Sarkisyana belə cavab verib. Sarkisyan həmçinin Azərbaycanın neft-qaz obyektlərinin niyə bu komplekslərlə vurulmadığı ilə maraqlanıb.

Baş nazir cavab verib ki, Rusiyada istehsal edilən raketlər “istifadə üçün yararsızdır” və tam partlamır. “Qoy sual versin ki, “İsgəndər” raketi niyə partlamayıb? Və ya niyə 10 faiz partlayıb, məsələn?”, deyə Paşinyan Sarkisyana xitab edib.

Paşinyanın bu bəyanatı Rusiya ekspertləri və KİV-ləri tərəfindən lağa qoyulub, onlar baş naziri səriştəsizlikdə ittiham ediblər və cəlb edilmiş bütün təbliğat Ermənistanın hökumət başçısının iddialarının absurd olduğunu isbat etməyə çalışıb.

Amma Kreml hökuməti üçün bu, heç də gülməli deyildi. Fevralın 25-də Putinin Paşinyanla telefon söhbəti baş tutub, söhbət zamanı baş nazir bildirib ki, ona yanlış məlumat veriblər.

Baş nazirin mətbuat katibi Mane Qevorqyan bildirib ki, Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı “İsgəndər”lər barədə bu yaxınlarda səsləndirdiyi bəyanatı müzakirə edib. “Mövcud faktların və məlumatların müqayisəsi nəticəsində Ermənistan baş naziri belə bir qənaətə gəlib ki, bu vəziyyətlə bağlı ona yanlış məruzə edilib”, deyə o bildirib.

Amma, çox güman ki, Paşinyan bu etirafı təzyiq altında edib. Hələ ötən il noyabrın 19-da Ermənistanın keçmiş Baş Qərargah rəisi Movses Akopyan Ermənistanın “İsgəndər”lərdən istifadə etdiyi haqqında açıq bəyanat verib. “Bilirəm ki, atıblar, amma hansı istiqamətdə atıldığını deməyəcəyəm”, deyə o, jurnalistin sualına cavabda bildirib.

Elə həmin Akopyan fevralın 25-də bildirib ki, Ermənistan ordusunun “İsgəndər” kompleksləri ilə bağlı hər hansı problemi olmayıb, buna görə baş nazir Nikol Paşinyanın onların nasazlığı mümkünlüyü barədə sözləri ona aydın deyil. Akopyan nə nəzərdə tuturdu: yəni, raketlər hədəflərə 100% çatıb?

Amerikanın The Drive nəşri 2020-ci il noyabrın 10-da Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycana qarşı “İsgəndər”lərdən istifadə etdiyini bildirib və erməni əsgərlərin çəkdiyi videonu yerləşdirib. https://twitter.com/fab_hinz/status/1325922423355674627

Videoda havadakı raket görünür, daha sonra raketi göstərib “Azərbaycanlılar”, “Azərbaycanlılar” deyə qışqıran erməni əsgərlərin hay-küyü altında bir raket qurğusundan bir dəqiqə ara ilə iki raket buraxılır.

Bunlar “İsgəndər” idi. Məsələ ondadır ki, Toçka-U və Skad buraxıcı qurğularının hər birində bir raket yerləşir, videoda isə, “İsgəndər”də olduğu kimi, iki raket yerləşdiyi görünür.

ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu iddia edir ki, “İsgəndər”lər Bakı yaxınlığında İsrail istehsalı olan RƏM sistemləri tərəfindən tutulub. Movses Akopyan da onun dediklərini təkrar edib.

“Yerevan ballistik “İsgəndər” raketini atəşkəsdən bir neçə gün əvvəl birbaşa paytaxta buraxıb. Bu, Azərbaycan rəsmilərini narahat edib. Amma Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi raket əleyhinə müdafiə sistemi – İsraildə istehsal edilmiş Barak-8 onu vurub”, deyə Akopyan martın 4-də etiraf edib.

Müharibə günlərində Rusiyalı ekspertlər israrla ermənilərin Azərbaycana qarşı Toçka-U raketlərindən istifadə etməsindən, xüsusən, Gəncədə yaşayış məntəqəsini onunla vurmasından danışırdılar. Rusiya tərəfi ermənilərin “İsgəndər”lərdən istifadə etdiyini istisna edirdi və indi də istisna edir.

Rəsmi Bakı da öz ərazisinə ermənilər tərəfindən “İsgəndər” atılmasını inkar edir. Prezident Əliyev Putinə dəm tutub və o da Rusiya tərəflə səs-səsə verib Paşinyanı ələ salıb.

Azərbaycan Dağlıq Qarabağda münaqişə zamanı Ermənistanın Rusiyada istehsal edilmiş “İsgəndər” raket komplekslərindən istifadə etməsini qeydə almayıb, deyə o, Putin və Paşinyan arasındakı söhbətdən bir gün sonra, fevralın 26-da xarici və yerli KİV-lər üçün keçirilən mətbuat konfransında bildirib.

“Mən bu mövzuda istehza ilə danışmaq istəmirəm, Rusiyanın rəsmi şəxsləri, Rusiya parlamentinin üzvləri, ekspertlər arasında da artıq kifayət qədər şərhlər olub ki, raketlərin 10 faizinin partlaması üçün, əlbəttə, çox çalışmaq lazımdır... Prinsipcə, Ermənistanda indi baş verənlər hansısa tragikomediyanı xatırladır... 10 faiz partlayıb. Axı, bu, sadəcə olaraq, gülməlidir”, deyə Əliyev bildirib.

Əslində Paşinyan öz bəyanatı ilə döyüş meydanında Rusiya silahının səmərəliliyini şübhə altına alıb və bununla da potensial alıcıların etimadını müəyyən dərəcədə sarsıdır, bu da Rusiya üçün silah bazarında ciddi çətinliklərə səbəb ola bilər. Eyni zamanda, o, Rusiya ilə münasibətləri ciddi şəkildə mürəkkəbləşən ABŞ-a pas atıb. Ağ Ev Kremli Orta və Yaxın Mənzilli Raketlərin Ləğvi haqqında Müqaviləni (OYMRM) pozmaqda ittiham edir. Qərb sərhədində yeni 9M729 raketi ilə (NATO-nun təsnifatına görə SSC-8) Rusiya “İsgəndər”lərinin yerləşdirilməsi ABŞ-ın OYMRM-dən çıxmasının səbəblərindən biri olub. NATO hesab edir ki, raketin uçuş məsafəsi müqavilə şərtlərini pozur. Qərb hərbiçiləri hesab edirlər ki, “İsgəndər”lər Moskvanın iddia etdiyi kimi 450 km-ə qədər deyil, minlərlə kilometr məsafə qət etmək iqtidarındadır. Trampın dövründə ABŞ müqaviləni uzatmaqdan imtina edib və bu gün Moskva Bayden administrasiyası ilə razılıq əldə etməyə ümid edir.

2020-ci il oktyabrın 26-da prezident Vladimir Putin bildirib ki, NATO ölkələri də analoji addımlar atarsa, Rusiya Avropa hissəsində 9M729 raketlərini, yəni “İsgəndər”ləri yerləşdirməkdən imtina etməyə hazırdır. Bundan əvvəl ABŞ ballistik raketləri şərti hədəfə çatdırmaq üçün Rusiyanın qərb sərhədində hipersəsli raketlər yerləşdirmək planından bəhs etmişdi.

Geri addım atmaq qərarına gələn Putinin bəyanatı okeanın o biri tərəfində eşidilib. Bayden prezident seçilməsi ərəfəsində ABŞ-ın OYMRM-dən çıxmasının əleyhinə olduğunu bildirib və sazişin saxlanmasında israr edib. Putin buna çox ümid edir.

Fevralın 3-də strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında Rusiya-Amerika müqaviləsinin beş il müddətinə uzadılması bu cəhətdən yaxşı xəbər olub.

Paşinyanın bəyanatının təsadüfən və ya qəsdən yersiz olması yalnız onun özünə dəqiq məlumdur. Amma Vaşinqtonun Paşinyanın 10%-ə eyham etməklə bəhs etdiyi dəlilləri həqiqətən varsa, bu, ABŞ-RF münasibətlərin daha da çətinləşməsi üçün ciddi səbəbdir, Putin isə bunda maraqlı deyil. Və bu mənada Kremlin sahibi ABŞ-ın “İsgəndər”dən istifadə olunduğunu, ya istifadə olunmadığını hesab etməsindən asılı vəziyyətə düşür. Bu hal Putinin Paşinyan hökuməti ilə bağlı addımlarını məhdudlaşdırır. Görəsən, bu gün eks-prezident Robert Koçaryanın müxalifətə rəhbərlik etməkdən imtinası və Qarabağ münaqişəsinin bundan sonra ATƏT-in Minsk Qrupu çərçivəsində həllini dəstəkləməyi açıq-aşkar bununla bağlı deyil mi?  

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti