The Baku-Tbilisi-Ceyhan (BTC) oil pipeline

The Baku-Tbilisi-Ceyhan (BTC) oil pipeline

“Əsrin kontraktı” imzalananda Azərbaycan cəmiyyətinin o sazişdən müəyyən gözləntiləri var idi. Bir əsrin ¼ qədərlik zaman kəsiyi artıq geridə qaldı. 2017-ci ildə şərti olaraq “Əsrin kontraktı-2” kimi tanıdığımız növbəti meqalayihə qüvvəyə mindi. 26 illik layihə müddətində kontraktın operatoru olan BP və digər Qərb şirkətləri öz maraqlarınını maksimum təmin edə bilən bufer zona yaratdılar. Bu zona onların sərbəst hərəkəti və maraqlarının maksimum təmin etmələri üçün gözəl məkan oldu.

Şirkətlər özəl sektorun subyektidirlər. Dövlət-şirkət-vətəndaş cəmiyyəti üçbucağından yalnız bir üzü təmsil edirlər. Onları yalnız korporativ maraq düşündürür. Amma kiçik və orta sahibkarlıq subyektlərindən fərqli olaraq transmilli şirkətlər sadəcə şirkətlər sayılmırlar. Onlar çox zaman dövlət içində “dövlət” olurlar. Onlar hansı dövlətdə genişmiqyasılı biznes fəaliyyətini həyata keçirirlərsə, bu onların sadəcə həmin məhdud maraqla sərhədlənməsi anlamına gəlmir. Belə düşünmək diletant yanaşma olardı. Transmilli şirkətlər həm də öz hökumətləri üçün faydalandıqları (bizneslərin qurduqları) dövlətlərin maraq daşıyıcıları sayılırlar. Onlar dövlət qərarlarına dolayı təsir güclərinə malik olurlar. Geniş əlaqələri ilə dövlət təmsilçilərinə ciddi təsir edə bilirlər. Obrazlıq desək, böyük dənizlərin “yeraltı” sularını dalğalandıra bilirlər. Bu mənada onlardan gözləntilər az olmur.

AGT hərbi münaqişə ocaqları kimi

Azərbaycan-Gürcüstan-Türkiyə dövlətləri bir neçə layihədə ortaq iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum (CQBK) qaz kəmərlərinin operatoru BP-dir. Azərbaycandan başlayaraq Gürcüstandan tranzit ölkə olaraq keçən və Türkiyədə (AGT) sonuclanan enerji marşrutları müəyyən mənada risk yaradıcı dairə hesab oluna bilər.

Hər üç ölkədən keçən enerji marşrutları  təhdid zonaları sayılır. Hər üç dövlət müxtəlif münaqişələrdən əziyyət çəkir. Türkiyədə PKK, Gürcüstanda Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ probleminin olması kəməri xeyli həssas edib.

Gürcüstanın Cənubi Osetiyaya qarşı 1990-1992- cı illərdə başlayaraq davam etmiş münaqişə bölğəsi kəmərin 55 km yaxınlığından keçirdi. Şimali Osetiyanın İnquşetiyaya qarşı münaqişəsi də başlamışdı. Bu münaiqşə zonası isə kəmərin 220 km əhatəsində idi. Gürcüstanın Abxaziyaya qarşı müstəqiilik illərinin ilk əvvələrində (1992-93) baş qaldıranda AGT-nın 130 km yaxınlığında idi. Türkiyəyə qarşı 1984-cü ildən başlayaraq PKK tərəfindən başlanmış terrorçu hərəkat isə hələ də davam etməkdədir. Hər üç ölkədə mövcud olan münaqişə zonaları içərisində enerji marşrutlarına ən yaxın olan həssas bölgə Dağlıq Qarabağ zonasıdır. Dağlıq Qarabağ  kəmərin konfliktli bölgələrdən cəmi 15 km-lik çox yaxın məsafə ayırır. Bu isə enerji marşrutunun Qarabağın həssaslıq nöqtəsinə nə qədər həssas olduğunu göstərir. Heç bir ölkədə bu qədər enerji marşrutlarını təhdid edən yaxın məsafəli münaqişə zonası yoxdur. On bir gündür Qarabağ ətrafında gedən torpaqlarımızın təmizlənməsi əməliyyatları zamanı erməni silahlıları BTC neft kəmərini hədəfə alan zərbələr endiriblər. Ordumuzun preventiv tədbirləri hesabına zərbələr zərərsizləşdirilib.  

Azərbaycan neftin və qazın tranzit ölkəsi yox, sahibidir. Resurs sahibi olan bir dövlətin torpaqlarının zorla ondan qoparılma cəhdinə yaxın müttəfiqlərinin seyrçi qalması və ya passiv dəstəyi təkcə ədalətsizlik deyil, həm də siyasi müttəfiqliyin təbiətinə yad bir münasibətdir.

Sual oluna bilər ki, problem bizim ola-ola, nə üçün başqa ölkələrin şirkətləri bu məsələdə maraqlı olmalıdırlar? Sual ritorik deyil. Müəyyən mənada əsaslandırılmış cavab tələb edən sualdır. Düşüncələrimi paylaşım;    

Əvvəla, şirkətlər də unutmamalıdırlar ki, uzunmüddətli investisiyaları qəbul etməsi üçün həmin ölkənin inkişafı və davamlı siyasi sabitliyinin qarantı kimi  həmin dövlət tam sərhəddə malik olmalıdır. Hansı ölkə kapitulyasiyaya məruz qalaraq “yaralı” formada inkişaf edə bilər? Əlbətdə, mümkün deyil. Ölkənin xarici təhdidlərlə tez-tez üzləşməsi və ölkədaxili etnik separatizm təhlükələrinə məruz qalması investisiya mühitini pozan faktordır. Bu baxımdan yaxşı olardı ki, Hasilatın Pay Bölgüsü Sazişində iştirakçı şirkətlər sərhədyanı bölgələrə müəyyən həcmdə investisiyaların qoyulması ilə bağlı öhdəliklərə malik olardılar. Bu isə neft müqavilələrində nəzərdə tutulsaydı, çox yaxşı olardı. Bu sərhəd bölgələrində xarici təzyiqlərə qarşı müqavimət gücünü mobilzasiya edilməsini təmin edə bilərdi ki, bu da problemin həlli istiqamətində dost dövlətlərin və güclərin mövqeyini bizə doğru yaxınlaşmasına səbəb olardı.

İkincisi, şirkətlərdə neft kontraktlarındakı əlaqələrdən istifadə edib, onların köməyi ilə Dağlıq Qarabağla bağlı lobbiçilik fəaliyyəti qurula bilərdi. Bu məsələdə neft şirkətləri ilə xarici siyasət idarəmizin koordinayalı fəaliyyəti olmalı idi.

Üçüncüsü, dünya təcrübəsində belə hallar olub ki, haqsız müharibəyə sürüklənən ölkələrin haqq mövqelərinə dəstək üçün transmilli şirkətlər cəsarətli mövqe sərgiləyiblər. Bu vəziyyətlərdə belə şirkətlər maliyyə imkanlarının bir qismini risk etməkdən çəkinməyiblər. Çoxlu sayda nümunələr var.

1995-ci ildə Kolumbiya hökuməti ölkədə işləyən neft şirkətlərindən neft kəmərinin qorunması və müdafiə sisteminin formalaşması üçün tələb etmişdi ki, hər barrel neftdən 1 dollar “müharibə vergisi” ödəsinlər. Hökumət bu mövqelərini neft qurğularının keşiyini çəkən orduya və polisı maliyyə yardımı edilməsi məqsədilə edildiyini tələb edirdi. Jurnalist araşdırmalarına görə, 1995-ci ildə BP Kolumbuyanın müdafiə nazirliyi ilə 11,6 milyon dolarlıq 3 illik əməkdaşlıq müqavbiləsi imzalayıb və bundan əlavə 2,2 milyon dollarlıq “müharibə vergisi” ödəyib. O zamanlar bu məqsədlə bağlanmış müqavilə şərtlərinə görə, BP briqadanı informativ-rabitə avadanlıqları, inzibati materiallarla, mühəndist-texnik qurğularla, helipkotlerlə və yerüstü nəqliyyat vasitələri ilə təmin etmişdi.  

Söhbət BP-nin və ya digər neft şirkətlərinin Azərbaycan ordusuna açıq-aydın dəstək görsədərək qarşı tərəfi münaqişə zonasından süpürülüb çıxarılması üçün tərəfi olmağından getmir. BP hərbi təşkilat deyil, şirkətdir. Məsələ mövcud praktikaların tətbiqindən və Qarabağ probleminin praktik həlli baxımından neftin benefitlərinin (faydalanan tərəflərin) neftin sahibinin haqq davasına qazandıra bildiyi üstünlüklərindən gedir.

Qərb şirkətlərinin maraqlarının maksimum təmin olunması ilə ölkəmizin mövcud problemləri arasında böyük ziddiyyət də var. O ziddiyət isə ondan ibarətdir ki, dünyada şirkətlər heç də yalnız köklü biznes maraqlarını reallaşdırmaqla işlərini bitmiş hesab etmirlər. Çağdaş sivil biznes praktikasında Korporativ Sosial Məsuliyyət (KSM) anlayışı var və o anlayışa görə şirkətlər fəaliyyət göstərdikləri cəmiyyət qarşısında Sosial Öhdəliklər Toplusuna riayət etməlidirlər. Həmin Öhdəliklər Toplusunun əsas elementləri aşağıdakılardır: böhran situasiyalarının tənzimlənməsi, istehsal prosesinin təhlükəsizliyi, biznesin yerli əhalinin həyatına təsiri, xalqın mədəniyyət və tarixinə etnik münasibət, ətraf mühitin etikası, şəffaflıq və sosial məsuliyyət.

Kəmərlərin qorunması praktikası bütün dünyada mövcuddur. Azərbaycan-Gürcüstan-Türkiyədən keçən kəmərlərin qorunması istiqamətində kəşfiyyat işlərinin başlanması mərhələsindən sonra belə operativ tədbirlər görülməyə başlanılmışdı. BTC kəmərinin istifadəyə verilməsindən hələ 5 il öncə onun qorunması məqsədilə hərbi təlimlərə start verilmişdi. Hələ o zamanlar (01.05.2001) ABŞ əsgərlərindən ibarət 26 nəfərlik heyət ilk dəstə Gürcüstana gəlmişdi. Bu Gürcüstan ordusunun  hərbi təlimlərini əlaqələndirmək üçün gəlmiş 150 nəfərlik tərkibin bir hissəsi idi. Sonralar bu əlaqələr daha da genişləndi. Çünki tərəflər bilirdilər ki, kəmərlərin qorunması təbii resursun kəşfiyyatı və onun hasilatı qədər mühüm mərhələ olmaqla hər bir ölkə üçün tale yüklü məsələdir.

Əgər enerji marşrutu ilə bağlı hər hansı bir fors-major situasiya yaranarsa - partladılarsa və bundan tərəflərə ziyan dəyərsə, bu artıq lokal hüquqi mübahisələndirmə kontekstindən çıxmış olacaq. Münaqişə zamanı kəmərlə bağlı hər hansı bir ciddi xətalar (texniki xətalar istisna olmaqla) meydana gələrsə, bu beynəlxalq tribunalda həll hüququna malik olur.  Yerli məhkəmə instansiyaları bu münaqişə məsələlərini mübahisələndirmək səlahiyyətinə malik olmurlar. Ona görə şirkətlər kəmərlərin və ona yaxın ərazilərdə hərbi əməliyyatların olmasına qəti sürətdə imkan vermirlər. Bu mənada transmilli şirkətlərin təhlükəsizliyin təmin olunması istiqamətində mühüm rolları vardır. Ona görə də dövlətlərin siyasi təhlükəsizliklərini yaratdıqları koalisiyalar vasitəsilə təmin etdiyi kimi, dövlətlər də təhlükəsizliklərini də bir çox hallarda transmili korporasiyaların prosesdə iştirakı hesabına həll etməyə üstünlük verirlər.    

Ümumiyyətlə isə, hərbi vəziyyət qaldıqca, büdcənin xərc hissəsi militarist yönümlü sahəyə böyük vəsait sərf edirlər və nəticədə iqtisadiyyatın digər sektorları (sosial,infrastruktur) inkişafdan geri qalmış olur. Ona görə də Dağlıq Qarabağ probleminin konservləşdirilməsi zamanı iqtisadiyyat nə qədər inkişaf etsə belə, yenə də Azərbaycanın dayanıqlı inkişaf modeli formalaşa bilməyəcək. Deməli bizim davamlı inkişafımızın formalaşması Dağlıq Qarabağ probleminin həllindən asılıdır. Bədəni qəlpələrlə doldurulmuş bir canlı orqanizm sağlam və inkişafda olan orqanizm sayıla bilməz. 

Qarabağ bağlanmış kilidə bənzəyir. Onun açarı neft amilidir. Qarabağın qaytarılması həm də genişmiqyaslı inkişafımızı şərtləndirəcək. Qarabağsız sərvətimizin artımı yarımçıq inkişaf deməkdir. Tam inkişafımız Qarabağın qaytarılması ilə birbaşa bağlıdır.

Məhəmməd Talıblı

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti