Rus turistlərin sevimli kurortu sülhün başlanğıc nöqtəsi ola bilər

11-13 mart tarixlərində Türkiyənin Antalya şəhərində, rus və Ukraynalı turistlərin sevimli kurortunda “Diplomatiyanın yenidən kodlaşdırılması” mövzusunda ikinci Diplomatiya Forumu keçiriləcək.

Forum ölkə prezidenti Recep Tayyip Erdoğanın himayəsi altında keçiriləcək və xarici işlər naziri Mevlut Çavuşoğlu tərəfindən təşkil ediləcək.

12 dövlət başçısının, 15 liderin, o cümlədən 3 hökumət başçısının, 67 nazirin, 6 nazir müavininin və 44 regional və beynəlxalq təşkilatın katiblərinin, o cümlədən NATO-nun baş katibi Yens Stoltenberqin iştirak edəcəyi gözlənilir.

Martın 10-da forum çərçivəsində Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrov və Dmitri Kuleb arasında Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun vasitəçiliyi ilə danışıqlar keçiriləcəyi anons edilib. “Görüş mənim iştirakımla keçiriləcək. Biz onun təşkili üçün böyük səy göstərdik”, deyə Türkiyə naziri bildirib.

Bu, Ukraynada müharibənin başlamasından etibarən Lavrov və Kuleb arasında ilk danışıqlar olacaq və danışıqlar üç səbəbdən ehtiyatlı uğur şansına malikdir. Birincisi, hər iki tərəfin Türkiyə ilə yaxşı münasibətləri var və onlar dəfələrlə onun vasitəçiliyini qəbul etməyə hazır olduqlarını bildiriblər. Əvvəlcə prezident Recep Tayyip Erdoğan hər iki ölkənin prezidenti ilə telefonla danışıb və bildirib ki, Vladimir Putin və Vladimir Zelenski arasında görüş təşkil etməyə hazırdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ona silah verir, amma Rusiyaya qarşı sanksiya tətbiq etməkdən imtina edir.

İkincisi, Antalya görüşündən əvvəl Kiyev və Moskva arasında rəsmi səviyyədə dialoq baş tutub. Dialoqun üç mərhələsində mütərəqqi müsbət məqamlar olub, ilk növbədə də humanitar sahədə.

Və nəhayət, üçüncüsü, müharibə uzun, dağıdıcı xarakter qazanır, bunda nə Moskva, nə Kiyev maraqlı ola bilməz.

Türkiyə və Azərbaycan prezidentlərinin danışıqlara qoşulacağı istisna deyil. Prezident Əliyev martın 10-da Antalyada olacaq.

Bakı və Ankara dünən Ukrayna böhranının nizamlanması yollarını müzakirə ediblər. Martın 5-də Çavuşoğlu Bakıya səfər edib, burada Əliyev və XİN başçısı Ceyhun Bayramovla məsləhətləşmələr aparıb.

Azərbaycan və Türkiyə beynəlxalq aləmdə razılaşdırılmış xarici siyasət yürüdür, öz addımlarını əlaqələndirirlər. Bu barədə iki ölkənin XİN başçıları Ceyhun Bayramov və Mevlut Çavuşoğlunun birgə yekun mətbuat konfransında bildirilib.

“Bu hadisələr (Ukrayna hadisələri - red.) çox ciddi narahatlıq doğurur, Azərbaycan və Türkiyə münaqişənin həlli yollarının axtarışında çox fəaldırlar, Rusiya və Ukrayna liderləri ilə fəal əlaqələr saxlayırlar. Ümid edirik ki, Moskva və Kiyev arasındakı danışıqlar nəticə verəcək”, deyə Bayramov bildirib.

“Biz dövlətlərin sərhədlərinin zorla dəyişdirilməsinə qarşıyıq və biz Ukraynada müharibəyə qarşıyıq. Bu müharibənin başa çatması üçün addımlar atırıq”, deyə Çavuşoğlu qeyd edib.

 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti