enderhaber.com

enderhaber.com

Birləşmiş Ştatlar  prezdentinin  24 aprel  müraciətinin təsirinin çox davam etməyəcəyi məlum idi və gözlənildiyi kimi, iqtidar da, müxalifət də öz gündəmlərinə geri qayıtdılar. İqtisadiyyat  sahəsində hökumətin əsas işi yeni borc mənbələri  tapmaq  və   vaxtı gəlmiş borcların heç olmasa bir hissəsini ödəmək və ya növbəti dəfə təxirə salmaqdır.

Bazar iqtisadiyyatı sistemi hökumətin işini xeyli asanlaşdırır, çünki iş dünyası problemləri həll etmək üçün özü yollar axtarır və tapır. Bələdiyyələrin  sosial yardımları  isə hökumətin  işini yüngülləşdirən başqa bir faktordur.

Beynəlxalq münasibətlər sahəsində  hökumət başda Misir və Səudiyyə Ərəbistanı olmaqla, son 8  ildən bəri pozulan əlaqələrin bərpası üçün 180 dərəcə tərs istiqamətdə manevrlər edir.

Daxili siyasətə  gəlincə, müxalif ittifaqı parçalamağa hələ ki müvəffəq ola bilməyən hökumət  1990-cı illərin əvvəllərindəki ideoloji təmələ qayıtdı: artıq Rəbiyyə işarələri görünmədiyi  kimi,  qısa müddət ölkənin dünyəvi sisteminin açıq düşməni kimi çıxış etməkdən çəkinməyən Ayasofya məscidinin  professor mollası vəzifəsindən uzaqlaşdırılıb gəldiyi universitetə göndərilir.

18,5 ilin iqtidar partiyasını bu gün  87 yaşlı Oğuzhan Asiltürkün təkcə fikir və ideyaları yox, həm də özü dizayn edir. Hər həftə müxtəlif mövzularda obyektiv ictimai rəy sorğuları keçirtdirən dövlət başçısı Ərdoğan Türkiyənin ən güclü siyasi lideri olma  ünvanını qorusa da həm başında olduğu partiyanın, həm də Milliyyətçi Hərəkat Partiyası ilə yaratdıqları “Cumhur ittifaqı”nın reytinqinin istənilən səviyyədə olmamasından təbii olaraq narahatlıq keçirir və reytinqi yenidən yüksəltmək  üçün cürbəcür siyasi həmlələr, manevrlər edir. Hamısı normal və demokratik siyasətin tələbi olan proseslərdir.

Müxalifətə gəlincə, 31 mart 2019-cu ildə keçirilən bələdiyyə seçkisində 11 metropolda qalib  çıxması və xüsusilə 23 iyunda İstanbuldakı təkrar seçkidə Əkrəm İmamoğluna verilən çox güclü dəstək təkcə ana müxalifət partiyası tərəfindən deyil, “Millət ittifaqı”nın o biri iki partiyası tərəfindən ustalıqla dəyərləndirilir.

1994-cü ildə müxalifətdəki Refah Partiyası Ankara və İstanbulda qələbə qazananda Refah Partiyası lideri Ərbakan “bələdiyyələrimiz dastanlar yazır” şüarıyla 24 dekabr 1995-dəki parlament seçkisinə getmiş və islamçı siyasətin partiyası  ilk dəfə bir seçkidən birinci yerdə çıxmışdı. İndi də eyni proseslər yaşanır: 1994-dəki Ərdoğanın yerini 2019-da Əkrəm İmamoğlu, 1994-dəki Melih Gökçekin yerini 2019-da Mənsur  Yavaş alıb.

Bələdiyyələrin fasiləsiz sosial yardımları sayəsində reytinq yüksəldən “Millət ittifaqı”  bəzi məsələlərdə iqtidardan qabağa düşərək gündəmi müəyyənləşdirməyə və iqtidarı çətin durumda qoymağa müvəffəq ola bilir.

18,5 illik iqtidarı  dönəmində Ədalət və İnkişaf Partiyasının ilk dəfə gündəm  müəyyənləşdirmə məsələsində müxalifətdən geridə qaldığına şahid oluruq. İşin başqa bir maraqlı tərəfi cənab Ərdoğanın da siyasi mənşə baxımından mənsub olduğu Səadət Partiyası çizgisindəki siyasətin iki yerə bölünməsidir: Oğuzhan Asiltürk tamamilə iqtidarın tərəfinə keçərkən Səadət Partiyasının lideri Temel Karamollaoğlu “Millət ittifaqı”nda qalaraq iqtidara öz əməkdaşlıq  şərtlərini diqtə edir (iqtidara Ədalət Vəliyev lazımdır).

Müxalif ittifaq Türkiyənin ən obyektiv üç ictimai rəy sorğusu şirkətinin ikisiylə  hər həftə deyil, hər gün, hətta hər saat əməkdaşlıq  edərək iqtidara gəlmək üçün beyin məşqləri aparır (Türkiyənin iqtidar partiyası Zahid Orucun ictimai rəy sorğusu təcrübəsindən faydalanmalıdır). Ədalət və İnkişaf Partiyasının içindən çıxan iki siyasi partiyanın iqtidara təzyiqi artırması təmsili demokratiyanın tələbi  və gərəyidir: zira  konstitusiyanın və siyasi partiyalar haqqında qanunun  şərtləri çərçivəsində fəaliyyət göstərən hər bir siyasi dünyagörüşün özünü ifadə etməsi sərbəstdir.

Keçmiş baş nazir Əhməd Davudoğlu və baş nazirin iqtisadiyyata cavabdeh keçmiş müavini Əli Babacanın  iqtidara salvolarının  dozası  yüksəldikcə siyasi arena daha canlı hala gəlir. Bu canlılıqdan ruhlanan obyektiv media da öz işinə daha can-başla sarılaraq ictimaiyyəti məlumatlandırmaq adına yerinə yetirdiyi vəzifəsinin öhdəsindən məharətlə gəlir. Məsələn, gömrük və ticarət naziri Ruhsar Pekcanın ərinin şirkətindən nazirliyə sanitariya  materiallarının  satılmasını sənədlərilə OdaTV saytının müxbiri ortaya çıxardı, Pekcan əvvəl yalan danışaraq istefa vermək istəməyincə  prezident onu azad etmək məcburiyyətində qaldı.

Müşahidələr Türkiyə siyasətinin hazırkı ən təcrübəli və güclü siması olan Ədalət və İnkişaf Partiyasının sədri və prezident Ərdoğanın 2023-cü ildəki seçkidə iştirak edəcəyini göstərir. Bunun formulu Vladimir Putinin konstitusiya dəyişdirməsi qədər mürəkkəb olmayıb Məclisin  vaxtından əvvəl   prezident seçkisi keçirilməsinə dair qərar qəbul etməsindədir. Böyük bələdiyyələrin idarəçiliyinin müxalif ittifaqa keçməsindən sonra başda dini fondlar olmaq üzrə öz tərəfdarlarına maliyyə dəstəyi verməkdə çətinlik çəkən Ədalət və İnkişaf Partiyası iqtidarının qarşısında 2 variant  var: yay aylarında reytinqlər aşağı düşməyə davam edərsə, bu ilin payızında erkən seçkiyə gedilə bilir.

İrəlidəki 3-4 ay içində reytinqlərdə yaxşılaşma olması halında cənab Ərdoğan bunu daha da yaxşılaşdıra bilməyin yollarını axtaracaq və bu halda erkən seçki 2022-ci ilin payızında keçiriləcək. Hər hansı variantın həyata keçirilməsi üçün isə iqtidarın gözü-qulağı Vaşinqtondan gələcək növbəti Halkbank məhkəmə prosesində olacaq.

30  yaşındakı təbrizli bir gəncin Türkiyəni bir-birinə qatdığı prosesdə...

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti