ptoday.ru

ptoday.ru

Azərbaycanda uşaq pulunun ödənilməsi SSRİ dövründən mövcuddur. Sovet İttifaqı dağıldıqdan sonra milli müstəqilliyin qazanan Azərbaycan Respublikasında hər bir uşağa doğulduğu aydan başlayaraq 16 (yaşına çatanadək (təqaüd almayan məktəblilər 18 yaşadək) aylıq vahid müavinətin ödənilməsinə 1992-ci il  7 sentyabrda ölkə prezidenti Əbülfəz Elçibəy fərman verib. “Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 174 saylı Fərmani[1] ilə 1992 –ci il oktyabr ayından etibarən ödənilən uşaq pulunun məbləğu ailədə adambaşına düşən orta aylıq əmək haqqı minimum əmək haqqının olan nisbətinə mütənasib olaraq  müəyyənləşdirilib.

 2006-cı ilin 1 yanvarından qüvvəyə minən Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa[2] görə, uşaqlara aylıq vahid müavinətin ödənilməsi bu qanunun 4-cü maddəsi ilə təyin olunan müavinətlərin siyahısından çıxarıldı.  Bu qanunla  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və  1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət müəyyənləşdirildi. Elə o vaxtandan, 2006-cı ildən  indiyədək aztəminatlı ailələrdə böyüyən uşaqlar sosial müavinət almaqdan məhrum edildi. 

2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Konstitusiyasının[3]  Konstitusiyanın yeni redaksiyasına 15-ci maddəsinə “Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır”  cümləsi ilə  II hisssəsi əlavə olundu. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti  modelinə keçid edir və bundan sonra sosial müdafiə tədbirləri daha da genişləndiriləcək. Lakin, bu belə olmadı. Baxmayaraq ki,  Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sıradan da  uşaqlar qarşısında sosial öhdəlikləri vardır.

Bundan əlavə, Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub[4]. Bu Konvesisiya ilə Azərbaycan hakimiyyəti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir.

Lakin, 2006-cı ildən  bəri Azərbaycan dövləti bu istiqamətdə irəliləyə doğru atmır. Rəsmilər bunu Azərbaycanda  demoqrafiya probleminin olmaması,  əhalinin təbii artımının mövcudluğu, eləcə də aztəminatlı (1),  çoxuşaqlı ailələrə başqa sosial müdafiə proqramları çərçivəsində aylıq vahid ödəniş edilməsi (2)  və büdcənin maliyyə yükünü çəkə bilməyəcəyi ilə izah edirlər.

Birincisi,  Azərbaycanda ümumilikdə əhali sayında artım olsa da uşaqların sayında 2001-ci illə müqayisədə azalma müşahidə olunur.  Belə ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına[5] görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 yüz  nəfər azalıb.

İkincisi,   Azərbaycanda hazırda tətbiq edilən sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir. Belə ki, DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır.

Üçüncüsü, büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir. Hesablamalar göstərir ki, hazırkı büdcə çərçivəsində də uşaqlar üçün aylıq müavinət ödəmək mümkündür. Belə ki, hazırda 401249 nəfər 0-17 yaşlı  uşağlara ayda orta hesabla 118,4 manat aylıq müavinət ödənilir.  Bu isə o deməkdir, yeni müavinət yerdə qalan uşaqlara ödənilməlidir. Bu ödənişləri ailənin gəlirləri  ilə əlaqələndirdən yerdə müavinət ödənilməli olan uşaqların sayı yenə də azalacaq. Digər tərəfdən də uşaqlara aylıq vahid müavinət ödənişinə keçid nəticəsində digər proqramlar üzrə də qənaətlər ayaranacaq.

Beynəlxaq təcrübəyə nəzər salsaq, uşaq pullarının verilməsinin üç fərqli istiqamətini görmək olar. 

1) Uşaq pulları bütün ailələrə görə verilir və uşaq pullarını ailədəki uşaqların sayına görə reqressiv və ya proqressiv şkala üzrə müəyyənləşdirirlər. Məsələn, hansı ölkələrdə ki, demoqrafik artım müşahidə olunur, o ölkələrdə uşaqların sayı artdıqca uşaq pullarının məbləği azalır. Hansı ölkələrdə isə demoqrafik artım yoxdur, o ailələrdə isə uşaqların sayı artdıqca uşaq pullarının məbləği çoxaldılır. Məsələn, Almaniyada uşaqların sayı artdıqca uşaq pullarının məbləği azaldılır. Amma, Britaniyada və Kanadada uşaqların sayı artdıqca uşaq pullarının məbləği artırılır. 

2) Bir qrup ölkələrdə uşaq pulları ailələrin gəlirliyi ilə əlaqələndirilir. Aztəminatlı ailələrə daha çox uşaq pulu adı ilə vəsait ödənilir. Uşaq pullarının məbləği həm də ailənin gəlirləri ilə əks mütənasiblik təşkil eləyir. Ailənin gəlirləri az olanda uşaq pullarını daha da çoxaldırlar. Belə bir yanaşma Avropa ölkələrində, o sırdadan İtaliyada var. Eyni zamanda ABŞ-da da ailənin gəlirləri ilə uşaqlara olan qayğı arasında bir əlaqə var. Gəlirlər az olanda uşaqlara olan qayğı daha çox olur, gəlirlər çox olanda isə uşaqlara olan qayğı nisbətən az olur.

3) Beynəlxalq təcrübədə üçüncü yanaşma uşaqların sayına görə vergi güzəştləridir. Daha doğrusu ödənilmiş verginin bir hissəsinin geri qaytarılması zamanı ailədə uşaqların sayının nəzərə alınması praktikasıdır. Bu praktikadan həm ABŞ, həm Kanada, həm də ki, Avstraliya və Böyük Britaniya istifadə edir. Hesab edirəm ki, bu da həm də, vergi ödənişlərinin leqallaşdırılması, həm də uşaqlara görə vergiyə ödənilmiş məbləğin bir hissəsini geriyə qaytarılması baxımında maraqlı ola bilər.

 Fikrimcə,  Azərbaycan da uşaqlar üçün aylıq müavinətin təyin edilməsi zamanı ikinci modelə istinad edə bilər. Hesab edirəm ki, uşaqlar üçün aylıq müavinətlərin ödənilməsi ailənin gəlirlərinə və onun təminatına, ehtiyaclarına bağlı olan bir məsələdir. Bir çox ölkələrdə 0-6, 6-10, 10-15 yaşlı uşaqlara verilən məbləğlər fərqli olur. Yəni ki, 0-6 yaşlı uşaqlara daha az məbləğ verilir. 6-10 yaşlı uşaqlara nisbətən çox, orta məbləğ, 10 yaşından yuxarı olan uşaqlara isə daha çox məbləğ ödənilir.

Azərbaycanda 0-17 yaşlı uşaqların hər birinə aylıq vahid müavinət  ailənin gəlirlərindən asılı olaraq tənzimlənə və ödənilə bilər. Bu zaman yardımın məbləği ailənin gəlirləri ilə yaşayış hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər,  Statistik tədqiqatlar göstərir ki, Azərbaycanda yoxsulluq  daha çox uşaqlı ailələr üçün xarakterikdir. DSK-nın məlumatına görə, 1 yanvar 2020-ci ilə ev təsərrüfatlarının ölçüsünə görə, cəmi uşaqlı ailələrin sayında 1 uşaqlı ailələr 30,1 faiz, 2 uşaqlı ailələr 40,3 faiz, 3 uşaqlı ailələr 19,9 faiz, 4 və çox uşaqlı ailələr isə 9,7 faiz təşkil edir. Ölkədə çoxuşaqlı ailələrin sayının azalması daha sürətlə müşahidə olunur. Belə ki, DSK-nın məlumatına istinadən, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi doğulduğu halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə qədər enib. Uşaqların və çox uşaqlı ailələrin sayının azalmasının bir sıra səbəbləri mövcud olsa da onlar işərisində ən qabarıq olanlar boşanma hallarının çoxalması, evlilik yaşının yüksəlməsi, ailənin xərclərinin artması, xüsusilə də uşaqlara yönələn məsrəflərin büdcədə çox yer tutmasıdır. Bu isə uşaqlara dövlət qayğısı siyasətinə yenidən baxmaq üçün ciddi əsaslar yaradır. Hesab edirəm ki, indiki halda dövlətin qayğısının aparıcı xəttini uşaq pullarının verilməsinin bərpası təşkil etməlidir.

Təklif edirəm ki, uşaqlar üçün aylıq vahid müavinətin tənzimlənməsi və maliyyələşdirilməsi üçün Respublika Uşaq Fondu yaradılmalıdr. Fondun   maliyyə mənbələri büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına şaxələndirilməlidir. Neft Fondundan Uşaq Fonduna ayırmalar hesabına uşaqlar üçün aylıq vahid müavinətin ödənilməsi  artıq dördə üçü  xərclənmiş neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər.  Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərinin möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər.

Yekun olaraq onu bildirmək istərdim ki, uşaq pulunun ödənilməsi post-pandemiya iqtisadiyyatında  işgüzar fəallığın artmasına və büdcə gəlirlərinin çoxalmasına da stimul verəcək. Belə ki, ailədəki uşaqların sayından asılı olaraq aylıq vahid ödənişin ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət  uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə  qaytaracaq.

Qubad İbadoğlu


[1] “Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikasi Prezidentinin 174 saylı Fərmani, 7 sentyabr 1992-ci il, http://www.e-qanun.az/framework/7713

[2]  Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının № 55-IIIQ saylı  Qanunu,  7 fevral 2006-cı il, http://www.e-qanun.az/framework/11508

[3] Azərbaycan Respublikasının Konstitusiyası, http://www.e-qanun.az/framework/897

[4] İnsan hüquqlarına hörmət uşaqlara münasibətdən başlayır, http://www.anl.az/down/meqale/azerbaycan/2012/noyabr/278387.htm

[5] Azərbaycanda uşaqlar 2020, Statistik məcmuə https://www.stat.gov.az/source/demoqraphy/au/

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti