Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/26.05.21/Turan: Mayın 26-da Bakı Apellyasiya Məhkəməsinin binasında Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun sədrliyi ilə Azərbaycan Ordusuna dəstək üçün 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib.

Növbəti məhkəmə iclası iyunun 2-də olacaq.

Bugünki prosesdə ittiham tərəfinin təqdim etdiyi videosübutlarda yenə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarına qarşı irəli sürülən ittihamların əks olunduğu kadrlar olmayıb.

“Bu videosüjetlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin hər hansı qeyri-etik, zorakı davranışı müşahidə edilmədi. Bundan  sonra videosüjetlər və baş verən hadisə ilə bağlı ekspert rəyləri təqdim olundu. Çox aydın şəkildə bəlli oldu ki, ekspert rəyləri ilə videodakı görünənlər üst-üstə düşmür. Videolarda hər hansı zorakılıq hadisəsi görünmür. Amma ekspert rəyində yazılıb ki, məsələn, Milli Məclisdə divardan hansısa plitə qoparılıb yerə çırpılıb və bu, xəsarət yaradıb. Xəsarət kadrları videolarda görünmür. Ekspert rəyinin tam əksəriyyəti videosüjetlərdə görsənmir. Ekspert rəyində polisə zor tətbiqi yazılıb. Amma videosüjetlərdə bir dənə də belə hal yoxdur”, deyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı qeyd edib.

Qəhrəmanlı həmçinin deyib ki, istintaq orqanı Xalq Cəbhəsi Partiyasının fəallarının sosial şəbəkələrdə qapalı qruplarda yazışmalaırna müdaxilə edib.

“Təbii ki, həmin yazışmaların heç birində aksiyanın təşkili ilə bağlı hər hansı fikir yoxdur. Amma məhkəmə insanların qapalı qruplarda yazışmalarına məhkəmə qərarları olmadan müdaxiləyə qiymət verməlidir. İnsanların şəxsi yazışma hüququna müdaxilə qanunvericiliklə qadağandır”, deyə o qeyd edib.

Məhkəməsi keçirilən qrupa Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Məmməd İbrahim, Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Bəxtiyar İmanov, Müsəlman Birliyi Hərəkatının 2 üzvü və digər 6 nəfər daxildir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.

Bu cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var. Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılan təqsirləndirilən şəxslərin hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Təqsirləndirilən şəxslərdən 16 nəfəri Xalq Cəbhəsi Partiyasının, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfəri Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.

2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.

Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.

Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.

“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb”, deyə məlumatda qeyd edilir.

Xalq Cəbhəsi Partiyası və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir. -03-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti