![Siyasi fəalın atası azad buraxılıb (YENİLƏNİB)](https://turan.az/resized/media/2018/main/021800007741-750-500-resize.webp)
Siyasi fəalın atası azad buraxılıb (YENİLƏNİB)
Bakı/19.02.18/Turan: Almaniyada mühacirətdə olan siyasi fəal Tural Sadıqlının atası Əlövsət Sadıqlı fevralın 19-da azad edilib. Bu barədə Turan-a Əlövsət Sadıqlı bildirib.
T.Sadıqlı Azərbaycanın yüksək vəzifəli rəsmilərini kəskin tənqidləri ilə tanınır. O həmçinin Avropa ölkələrində Azərbaycan iqtidarına qarşı keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.
Ə. Sadıqlının sözlərinə görə, fevralın 18-də axşam saatlarında Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
"Saxlanmağımın səbəbi mühacirətdə olan oğlum Tural Sadıqlının tənqidi çıxışları, statusları, video yayımları ilə bağlı idi. Həm 12-ci polis bölməsində, həm də Sabunçu Rayon Polis İdarəsində oğlumun fəaliyyətinin dövlətin əleyhinə olduğunu dedilər. Mən isə dedim ki, hökumətin əleyhinə, idarəçilik mexanizmi ilə bağlı tənqidi çıxışları ola bilər, amma dövlətin əleyhinə heç zaman çıxış edə bilməz. Dövləti biz qurmuşuq, qurduğunuz dövlətə qarşı çıxa bilmərik", - Ə. Sadıqlı qeyd edib.
Ə.Sadıqlı qonşusunun da saxlanıldığını və sonradan azad buraxıldığını bildirib.
Xatırladaq ki, Tural Sadıqlının qardaşı və atası 2015-ci ildə də saxlanılmışdı. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
"2015-ci il yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angela Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki il həbs cəzası sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edildi və o, azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib", - T.Sadıqlı Turan-a bildirib.
Rəsmi qurumlar siyasi fəalın atasının saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyiblər.-0
* * *
2018 Fevral 19 (Bazar ertəsi) 13:29:46
Mühacirətdə olan siyasi fəal atasının saxlanıldığını bildirib
Bakı/18.02.18/Turan: Almaniyada mühacirətdə olan siyasi fəal Tural Sadıqlının Bakının Sabunçu rayonunun, Romanı qəsəbəsində yaşayan 65 yaşlı atası Əlövsət Sadıqlı və onkololoji xəstə olan qonşusu fevralın 18-də axşam saatlarında saxlanılıb.
Tural Sadıqlı Azərbaycanın yüksək vəzifəli rəsmilərini kəskin tənqidləri ilə tanınır. O, həmçinin Avropa ölkələrində Azərbaycan iqtidarına qarşı keçirilən etiraz aksiyalarının fəal iştirakçılarındandır.
"Atam və qonşumuzun hara aparıldığı bəlli deyil. Evimizin ətrafında hələ də polis maşınları dayanıb. Onlar qardaşımı da axtarırlar", Tural Sadıqlı Turana bildirib.
Xatırladaq ki, Tural Sadıqlının qardaşı və atası 2015-ci ildə də saxlanılıb. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
"2015-ci ildə yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angele Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki illik həbs sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edilərək azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib", Tural Sadıqlı Turana bildirib.
Siyasi fəalın atası Əlövsət Sadıqlının mobil telefonuna hazırda zəng çatır. Telefona cavab verən olmur və kim isə telefonu dərhal qapadır.
Rəsmi qurumlar siyasi fəalın saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyib.-03D-
-
- Bazarların icmalı
- 19 Fevral 2018 13:25
-
- İqtisadiyyat
- 19 Fevral 2018 13:44
Cəmiyyət
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Rəy yaz