ATƏT XİN Şurasında Minsk Qrupu ölkələrinin nümayəndə heyətlərinin başçılarının Qarabağla bağlı bəyanatı

Bratislava/05.12.19/Turan: "Bratislavada ATƏT-in Nazirlər Şurasının iclası ilə əlaqədar biz, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətlərinin başçıları (Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa və xarici işlər üzrə naziri yanında dövlət katibi Jan-Batist Lemuan və ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi səlahiyyətlərini icra edən Fil Riker Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında vasitəçiliyə sadiqik. Nümayəndə heyətlərinin başçıları təmas xəttində və dövlət sərhədində zorakılıq səviyyəsinin nisbətən aşağı olduğunu qeyd edir və iyunda xarici işlər nazirlərinin Vaşinqton görüşündə razılaşdıqları kimi, gərginlik riskini azaltmaq üçün aralarında birbaşa kommunikasiya əlaqələrindən istifadəyə görə tərəflərə təşəkkür edirlər.

Biz ötən il gərginliyin azaldılması və əhalinin sülhə hazırlanması üçün atılmış konkret addımları alqışlayırıq, həmsədr ölkələr 2018-ci ilin dekabrında Milan bəyanatında bu barədə çağırış etmişdilər və nazirlər 2019-cu ilin yanvarında Parisdə bu barədə razılığa gəlmişdilər.

Liderlərin martda Vyana görüşündə müzakirə etdikləri və apreldə Moskvada xarici işlər nazirləri tərəfindən işlənib hazırlanmış humanitar tədbirlərin həyata keçirilməsi səylərinin, xüsusən, bu yaxınlarda başa çatmış jurnalistlərin qarşılıqlı səfərlərinin və eyni zamanda iyunun 28-də məhbusların azad edilməsi kimi səylərin dinc nizamlanma əldə olunması üzrə konkret danışıqlara şərait yaratdığını qeyd edən üç nümayəndə heyəti başçısı əlavə konkret humanitar tədbirlər və təhlükəsizlik tədbirləri görməyə çağırırlar.

Həmsədrlər, nümayəndə heyətlərinin başçıları israrla tərəfləri humanitar tədbirlər və təhlükəsizlik tədbirləri haqqında əvvəlcədən əldə olunmuş razılaşmaların yerinə yetirilməsi üzrə gecikmədən konkret addımlar atmağa çağırırlar. Həlak olanların dəhşətli iztirablarını nəzərə alaraq, tərəfləri 2014-cü ilin oktyabrında Parisdə keçirilən sammitdə iki liderin bəyan etdiyi kimi, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə kömək etmək üçün səyləri ikiyə qatlamağa çağırırıq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin atəşkəs rejiminin qorunub saxlanılmasına böyük töhfə verdiyini etiraf edərək, tərəflərin 2016-cı ildə razılaşdıqları monitorinq missiyasının genişləndirilməsi haqqında müzakirələrin bərpası zərurətini vurğulayırıq.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dinc nizamlanmanın əsas məsələləri üzrə danışıqları fəallaşdırmaq və ən yüksək səviyyədə gələcək danışıqlara şərait yaratmaq üçün 2020-ci ilin əvvəllərində həmsədrlərin himayəsi altında yenidən görüşmək niyyətini alqışlayırıq.

Həmsədrlər, nümayəndə heyətlərinin başçıları ədalətli və möhkəm nizamlanmanın, xüsusən, Helsinki Yekun Aktının güc tətbiq edilməməsi və ya güc tətbiqi təhdidindən istifadə edilməməsi, ərazi bütövlüyü və xalqların bərabər hüquqları haqqında prinsiplərinə əsaslanmalı olduğunu bir daha bəyan edirlər və həmsədr ölkələrin nümayəndə heyətlərinin başçılarının və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2009-cu ildə Afinada ATƏT Nazirlər Şurasının iclasında səsləndirdikləri, sonradan ATƏT-in Nazirlər Şurası tərəfindən təsdiq edilmiş birgə bəyanatını xatırladırlar. Bu bəyanata həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementlər daxil edilməlidir.

Həmsədrlər, nümayəndə heyətlərinin başçıları bir daha qeyd edirlər ki, status-kvo qəbuledilməzdir və münaqişənin hərbi həlli yolu ola bilməz. Buna görə tərəfləri süni gecikdirmələr və ya şərtlər olmadan, mahiyyəti üzrə danışıqları vicdanlı şəkildə aparmağa çağırırıq.

Həmsədrlər, nümayəndə heyətlərinin başçıları ATƏT-in Minsk Qrupu formatı möhkəm nizamlanma əldə olunması üzrə səylərin əvəzolunmaz mərkəzi olaraq qalır.

Tərəfləri bir-biri və vasitəçilik səylərini davam etdirməyi tapşıracağımız Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq etməyə çağırırıq".  -0-

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti