Azərbaycan Xocalı soyqırımının 26-cü ildönümünü qeyd edir

Bakı/26.02.18/Turan: Bu günlər Azərbaycanda Xocalı soyqırımının 26-ci ildönümü qeyd edilir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlıların ikinci böyük yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni separatçıları tərəfindən işğal edilib.

Bu günlər dövlət rəhbərləri, hökumət üzvləri, parlamentin deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül qoyur və həlak olanların xatirəsini yad edirlər.

İşğalçılar şəhəri ələ keçirərək qadınlar (o cümlədən hamilələr), uşaqlar və qocalar da daxil olmaqla, yüzlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc əhalinin qətlə yetirilməsi daha bir neçə gün davam edib, azğın işğalçılar əsirlərə işgəncə verir və onları öldürür, qadınları və uşaqları zorlayır, hərbi əsirlərin başlarını kəsib və asıblar.

Ümumilikdə, 613 dinc sakin qətlə yetirilib, onların 106 nəfəri qadın, 83 nəfəri uşaq idi. Minlərlə insan müxtəlif dərəcəli əlil olub (76 nəfəri yetkinlik yaşına çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.

İnsanlığa qarşı bu cinayətləri törədən erməni separatçıları və rus zabitlərinin adları müəyyən edilib. Onlar hamısı hələ də azadlıqdadır və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev 2014-cü il fevralın 21-də Bakıda keçirilən konfransda bildirib ki, istintaq zamanı Xocalıda cinayətlərin törədilməsində 39 nəfərin iştirak etdiyi müəyyən edilib. Onların 18-i 366 alayın keçmiş hərbçiləri, 8-i Xankəndi və Əsgəran daxili işlər şöbələrinin əməkdaşları, 5 nəfəri digər vəzifəli şəxs, 8 nəfəri mülki şəxsdir.

Həmin şəxslərin barəsində soyqırım (Azərbaycan CM-in 103-cü maddəsi) ittihamı üzrə axtarış elan edilib. Onlar həmçinin Azərbaycan CM-in 107 (əhalinin deportasiyası), 113 (işgəncə), 115.4 (müharibə qanun və qaydalarının pozulması), 116.0.17 (zorlama, seksual zorakılıq, fahişəliyə cəlb etmə və s.) təqsirli bilinirlər.

Azərbaycan Milli Məclisi bir neçə dəfə dünya ictimaiyyəti, hökumətlər və parlamentlərin ünvanına Ermənistan rəhbərlərinin təşkilatçısı olduğu Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

Hər il Ermənistan törədilmiş cinayətlərə bəraət qazandırmağa və ya onların əhəmiyyətini kiçiltməyə cəhd edir. Xocalı hadisələrini hakimiyyət uğrunda mübarizənin nəticəsi kimi təqdim etmək və kütləvi qətllərə görə günahı Azərbaycan tərəfin üzərinə qoymaq cəhdləri olur. Bunun səbəblərindən biri Ermənistanın bugünki rəhbərliyinin həmin cinayətlərdə bilavasitə iştirakıdır. Belə ki, Ermənistanın hazırki və sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan bu cinayətlərin bilavasitə iştirakçısı olublar, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə Xocalını işğal edən birləşmələrdən birinə rəhbərlik edib.

Çoxsaylı sənədli faktlar, o cümlədən yerli və əcnəbi jurnalistlər tərəfindən çəkilmiş foto və videomateriallar, şahidlərin dəlilləri kütləvi qətllərin Xocalı şəhərinin özündə və ermənilərin nəzarəti altında olan ərazilərdə baş verdiyini sübut edir. Əsir və girov götürülmüş xocalılara qarşı işgəncələri də təkzib etmək mümkün deyil.

Beynəlxalq konvensiya və beynəlxalq humanitar hüquq normaları pozulmaqla, əsirlər görülməmiş vəhşiliklərə məruz qalıblar. Onların başının dərisi soyulub, qulaqları, burunları kəsilib, erməni məzarlarında azərbaycanlıların başı "qurban" kimi kəsilib.

İldən-ilə bütün dünya Xocalı soyqırımı haqqında daha çox həqiqətləri öyrənir. Bütün dünyada azərbaycanlıların çoxsaylı diaspora və tələbə təşkilatları dünya ictimaiyyətindən Xocalı soyqırımını tanımaq və pisləmək tələbi ilə aksiyalar keçirir. Bu aksiyalarda iştirak edən başqa dövlətlərin vətəndaşları getdikcə artır.

Son illər Meksika parlamentinin Senatı və Nümayəndələr Palatası, Pakistanın parlament komitəsi, Çexiya parlamentinin Xarici İşlər Komitəsi, ABŞ-ın 20-dək ştatının qanunverici orqanları bu hadisələri kütləvi qətl və insanlığa qarşı cinayət kimi tanıyıblar.-02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti