Dövlət Departamenti: Leyla Yunusun həbsindən çox narahatıq

ABŞ Dövlət Departamenti Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusa qarşı cinayət ittihamlarının irəli sürülməsi ilə bağlı bəyanat verib. Dövlət Departamentinin sözçüsü Mari Harfın açıqladığı bəyanatda Birləşmiş Ştatlar Azərbaycan hökumətini vətəndaşların əsas hüquqlarına hörmət etməyə çağırıb.

Bəyanatda deyilir: "Tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı iyulun 30-da cinayət ittihamlarının irəli sürülməsi dərin narahat doğurur və Azərbaycanda sivil cəmiyyətin dinc fəaliyyətinin daha da məhdudlaşdırılmasını göstərir. Xanım Yunusun səhhətində ciddi problemlərin olmasına baxmayaraq, həbsdə saxlanılır. Cənab Yunusun ciddi sağlıq problemləri var və o, ev dustağıdır. Bu ittihamlar onların regionda insanlar arasında gərginliyin azaldılması və etimad yaradılması məqsədi güdən proqramlarda iştirakı ilə əlaqədardır.

Biz Azərbaycan hökumətini vətəndaşların əsas hüquqlarına hörmət etməyə, bütün vətəndaşlar üçün ədalətli məhkəmə sistemi təmin etməyə və insan hüquqlarına dair beynəlxalq təhəddüdlər və öhdəliklərə uyğun olaraq onların öz fikirlərini azad şəkildə ifadə etməsinə imkan verməyə çağırırıq".

Eyni zamanda ABŞ Helsinki Komissiyası Leyla və Arif Yunusa qarşı irəli sürülən ittihamlarla bağlı bəyanatla çıxış edib. 

Sənəddə deyilir: “Azərbaycan hökuməti Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusu həbs edib, onlara qarşı dövlətə xəyanət, vergidən yayınma və başqa iqtisadi cinayətlər üzrə ittihamlar irəli sürüb. 

Buna cavab olaraq ATƏT Komissiyasının sədri ABŞ senatoru Ben Kardin və Komissiyanın həmsədri Konqresmen Kris Smit bəyanat veriblər:

“ Leyla və Arif Yunuslara qarşı irəli sürülən ittihamlar hiddət doğurur. Leyla və Arif uzun müddət Ermənistanla xalqlararası təmasları dəstəkləyib və onlara qarşı casusluq ittihamı absurddur. Biz Azərbaycan hökumətini bu ittihamları ləğv etməyə, söz azadlığı və toplaşmaq azadlığı hüquqlarını dinc şəkildə icra edən müxalifətə, sivil cəmiyyətə və jurnalistlərə qarşı  koordinasiyalaşdırılmış kampaniyaya son qoymağa çağırırıq”, - bəyanatda qeyd edilir. -03D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti