Ekspertlər: Azərbaycan Rusiya sülhməramlılarının məsuliyyət zonasına yüklərin daşınmasına nəzarəti həyata keçirməlidir

Bakı/13.09.21/Turan: Son günlərdə sosial şəbəkələrdə Ermənistan ərazisindən keçərək Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilmiş Azərbaycan ərazilərinə İrana və bəzi digər ölkələrə məxsus yük maşınların daxil olması ilə bağlı videolar yayılıb. Bildirilir ki, Bakının rəsmi icazəsi olmadan avqustun 11-dən sentyabrın 10-dək Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. Bunlardan 55-i oranı daha sonra tərk edib.

Dünən isə Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlayıb. Məktublarda qeyd olunub ki, bu kimi hallar Azərbaycan və Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunub.

Avqustun 11-də İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi həmin məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilmişdi.

Qarabağ bölgəsinə bu qeyri-qanuni yük daşımalarının qarşısını almaq üçün Azərbaycan daha nə kimi addımlar atmalıdır? Rusiya sülhməramlıları niyə bunun qarşısını almır?

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə Turana bildirib ki, 10 noyabr sazişi imzalananda Azərbaycan hər şeyin çox rahat və səliqəli gedəcəyini heç də hesab etmirdi. «Çünki uzunmüddətli çox ağır və mürəkkəb bir problem əsasən həll edilsə də, müəyyən məsələlərin həlli müəyyən zamana qalırdı. Zaman göstərdi ki, bu həqiqətən də belədir. Ermənistanın Azərbaycan ərazilərini hələ də atəşə tutması, sülh sazişindən imtina etməsi, Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi və müəyyən Azərbaycan suverenliyini pozan məsələlər olub».

Deputat qeyd edib ki, Azərbaycan bu məsələləri gizlətmirdi və açıq şəkildə Rusiya tərəfinə və beynəlxalq ictimaiyyətinə bildirmişdi. «İran maşınlarının Rusiya sülhməramlılarının postundan keçərək həmin əraziyə qeyri-qanuni keçməsinə Azərbaycan öz ciddi narazılığını bildirdi. Bu barədə əvvəldən də məlumatlar verilirdi, sonra nota verildi. Ümid etmək istətirik ki, Rusiya tərəfi bu məsələdə bir qayda yaradacaq».

O vurğulayıb ki, Azərbaycan bu məsələyə nə göz yummaq, nə də güzəştə getmək fikrində deyil. «Bu məsələdə biz Rusiya tərəfdən konkrry bir addım gözləyirik. Eyni zamanda İran tərəfi ilə iş gedir. Çünki bu yüklər İrandan gəlir və İran hakimiyyəti bu şirkətlərlə Azərbaycan ərazisi bütövlüyünü pozan bir subyekt kimi iş aparmalıdır».

Deputatın sözlərinə görə, son günlər Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda post quraraq həmin maşınlarının yoxlaması özü də Azərbaycanın suveren hüququdur. «Azərbaycan öz hüquqlarını qoruyur və qoruyacaq. Azərbaycan öz ərazisinə qeyri-qanuni daxil olmanın qarşısını alıb və alacaq. Azərbaycanın qətiyyəti bu tip problemlərin azalmasına və sonda yox olmasına gətirəcək».

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, notaların bir faydası olmadı. «Nota adətən ölkəyə verilir ki, o, öz siyasətini bir az korrektə etsin. Amma notadan sonra İran nəyinki yük daşımalarını dayandırmadı, yüklərin sayı daha da artdı».

Ekspertin fikrincə, belə olan halda Azərbaycan müəyyən qərarlar verməlidir. «Birinci atacağımız addım İranla münasibətlərin səviyyəsi aşağı endirmək olmalıdır. Dövlətlərarası münasibətlərin dörd prinsipi var: qonşuluq münasibətləri, tərəfdaşlıq münasibətləri, strateji tərəfdaşlıq münasibətləri və strateji müttəfiqlik. Biz Rusiya və İranı rəsmi səviyyədə tərəfdaş adlandırırıq, amma bu təxribatların sonunda Rusiya və İranla artıq bu səviyyəni qonşuluq münasibətlərinə endirmək lazımdır».

O, qeyd edib ki, Azərbaycan ərazilərinə qeyri-qanuni keçən şirkətlərə və onların rəhbərlərinə qarşı sanksiyalar tədbiq etmək lazımdır. «Üçüncü addım isə dünən reallaşdı. Gorus-Qafan yolunda Azərbaycan ərazisinə düşən hissədə nəzarət gücləndirildi və İranın yük maşınları yoxlanılır».

Politoloq hesab edir ki, Laçın dəhlizi nəzarətə götürülməlidir. «Çünki İran yükləri dayandırılsa da, başqa ölkələrdən yüklər keçəcək. Biz bu yüklərin keçirilməsinin əleyhinə deyilik. Əgər ora yanacaq aparılırsa və həmin yanacaq mülki insanlar üçün lazımdırsa bu problem deyil. Amma bu Azərbaycanın razılığı ilə olmalıdır, kontraktlar bağlanmalıdır. Biz bu yüklərin nə olduğunu bilməliyik».

Şahinoğlunun fikrincə, məsələ artıq Rusiyanın qarşısında tələb formasında qoyulmalıdır. «Çünki söhbət Azərbaycan torpaqlarından gedir. Əgər tələblərimiz yerinə yetirilmirsə, bu artıq 10 noyabr bəyanatına yenidən baxmalıyıq».—0—

 

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti