Hüquq-mühafizə orqanları Əli Kərimlinin saxlanılmasının səbəbləri haqqında məlumat vermir (YENİLƏNİB)

Bakı/18.11.18/Turan: Bazar günü günorta saatlarına qədər AXCP lideri Əli Kərimlinin saxlanılması məsələsinə aydınlıq gətirilməyib.

Hüquq-mühafizə orqanları Kərimlinin saxlanma yeri və ittiham olunduğu əməllər barədə məlumat vermirlər. Qeyri-rəsmi məlumata görə, o və dünən yürüş zamanı saxlanılan digər yeddi şəxs İnzibati Xətalar Məcəlləsinin 513-cü (piket, nümayiş, yürüş qaydalarının pozulması) maddəsində nəzərdə tutulan əməllərdə ittiham olunurlar. Bu maddə 300 manatdan 600 manata qədər cərimə (240-480 dollar) və ya 160 saatdan 240 saata qədər ictimai işlər, yaxud 2 aya qədər inzibati həbs cəzası nəzərdə tutur.

Gənc fəallar Ruslan Əmirov, Ramiz Cəfərov, Ramid Nağıyev, Tahir Həsənli, Cavid İbrahimov və gənc jurnalistlər - Kanal-13 online resursundan Nurlan Qəhrəmanlı və Azad Söz resursu ilə əməkdaşlıq edən Fatimə Mövlamlı da həbsdə saxlanılır. -06D-

* * *

2018 Noyabr 18 (Bazar) 12:14:03

Əli Kərimlinin taleyi naməlum qalır (YENİLƏNİB)

Gecəyarısınadək saxlanılanların əksəriyyəti buraxılsada Əli Kərimli və daha 7 fəalın taleyi naməlumdur.

"Səbail Polis İdarəsindən bildirdilər ki, saxlanılanlar Səbail məhkəməsinə aparılıb. Lakin məhkəmədə heç kim yoxdur. Polis idarəsinin ətrafındakı polislər hamısı dağılıb getdilər", - deyə AXCP-dən bildiriblər.-0-

* * *

2018 Noyabr 18 (Bazar) 01:39:14

Cəmil Həsənlini polisdən buraxıblar, Əli Kərimli isə hələ oradadır (YENİLƏNİB)

Bakı/17.11.18/Turan: Saat 23:00-a yaxın DQMŞ sədri Cəmil Həsənli Səbayel Rayon Polis İdarəsindən buraxılıb.

O, Turan-ın müxbirinə bildirib ki, o və AXCP sədri Əli Kərimli polisdə onlara təklif olunan izahatnaməni yazmayıblar. "Biz onlara dedik ki, vəkillərimiz olmadan heç bir şey yazmayacağıq", -C.Həsənli qeyd edib.

Onun sözlərinə görə, əvvəlcə Ə.Kərimli ilə eyni otaqda olub. Sonra Ə.Kərimlini başqa otağa aparıblar. Onun ardınca da C.Həsənlini oraya aparıblar. Saat 22:10-da C.Həsənlini yenidən başqa otağa aparıblar və sonra buraxıblar.

C.Həsənlinin sözlərinə görə, polisdə ona qarşı münasibət normal olub.

İdarədə izahatnamə yazmaqdan imtina etdiklərinə görə hər hansı dindirmə olmayıb.

"Saat 15:00-a yaxın Şəhidlər Xiyabanında olarkən bizə bildirdilər ki, aksiya qanunsuzdur. Ancaq biz dedik ki, bu nə yürüşdür, nə aksiya. Biz bura bayrama gəlmişik, Milli Dirçəliş Günü gəlmişik ki, şəhidlərin məzarına çiçək qoyaq", - C.Həsənli bildirib.

O deyib ki, Polis İdarəsinin binası saxlanılanlarla dolu olub. -06D--

* * *

2018 Noyabr 17 (Şəmbə) 23:24:57

Milli Şuranın sədri və AXCP sədri saxlanılıb VİDEO YENİLƏNİB (YENİLƏNİB)

* * *

2018 Noyabr 17 (Şəmbə) 21:22:02

Milli Şuranın sədri və AXCP sədri saxlanılıb VİDEO (YENİLƏNİB)

* * *

2018 Noyabr 17 (Şəmbə) 17:51:13

Milli Şuranın sədri və AXCP sədri saxlanılıb (VİDEO)

Bakı/17.11.18/Turan: 17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən müxalifətçilərin saxlanıldığı bildirilir.

Bu haqda Turan-a Demokratik Qüvvələrin Milli Şurasından bildiriblər.

Məlumata görə, quruma üzv olan siyasi birliklərin yüzlərlə üzvü bu gün, noyabrın 17-də ziyarət üçün Şəhidlər Xiyabanının qarşısına toplaşıb. Ancaq əraziyə nəzarət edən hüquq mühafizə qurumları əməkdaşları onları xiyabana buraxmayıb.

Daha sonra ərziyə əlavə polis qüvvələrinin çağırıldığı, onlarla müxalifətçinin saxlanıldığı bildirilir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası fəalı Ruslan Qurbanlı da saxlanılanlar arasındadır. Onun bildirməsinə görə, 50-dən artıq müxalifətçi zorla avtobuslara doldurularaq Səbail rayon Polis İdarəsinə aparılıb. Saxlanılanlar arasında AXCP səderi Əli Kərimlinin, Milli Şuranın sədri Cəmil Həsənlinin də olduğu bildirilir.

AXCP fəalının sözlərinə görə, sıravi müxalifətçilər hazırda idarənin həyətində saxlanılır. Onların arasında ürəyi gedənlərin olduğu bildirilir.

Hələlik rəsmi qurumlardan müxalifətçilərin saxlanılması ilə bağlı məluimat almaq mümkün olmayıb.

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb. O dövrün şahidlərinin bildirməsinə görə, Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.

1992-ci ildə 17 noyabr bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib. Milli Dirçəliş günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.--0--

Bu il həmin hərəkatın 30 ili tamam olur.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti