Vətəndaş cəmiyyəti: Azərbaycan-Aİ müqaviləsi demokratiya üzrə öhdəlikləri əhatə etməlıdiir

Bakı/07.12.18/Turan: Vətəndaş cəmiyyəti fəallarından ibarət böyük qrup Azərbaycan hökumətinə və Avropa İttifaqına müraciət qəbul edib. Müraciətdə əməkdaşlıq haqqında gələcək müqaviləyə hüquqi və siyasi islahatların daxil edilməsinin vacibliyi qeyd olunub.

Müəlliflər xatırladırlar ki, 24 noyabr 2017-ci il tarixində imzalanmış "Şərq Tərəfdaşlığı" sammitinin birgə bəyannaməsində Aİ və Azərbaycan dərin və hərtərəfli əməkdaşlıqla bağlı iradələrini təsdiq ediblər.

Aİ və Azərbaycan arasında əlaqələrin dərinləşməsi demokratiya, qanunun aliliyi və yaxşı idarəçilik, insan hüquq və fundamental azadlıqlara hörmət edilməsi kimi birgə öhdəliklərə və prinsiplərə əsaslanmalıdır.

"Hesab edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi iqtisadi rifaha, demokratikləşmə prosesinə və insan hüquqlarının təşviq edilməsinə mənfi təsir göstərir. Bu münaqişə sülh yolu ilə beynəlxalq norma və prinsiplərə əməl edilməklə həll edilməlidir", - müraciətdə deyilir.

Müəlliflər Azərbaycanı insan hüquq və fərdi azadlıqların, hər kəsin qanun qarşısında bərabərliyinin tam həcmdə mövcud olduğu Avropa istiqamətli və perspektivdə Aİ üzvü olacaq ölkə kimi görmək istəyirlər.

Sənəd müəllifləri Azərbaycan hökumətini və Aİ-ni əməkdaşlıq haqqında müqavilədə bəzi mühüm məsələləri nəzərə almağa çağırır:

Azərbaycanın regionda və ya Avropa İttifaqında yalnız enerji təhlükəsizliyini təmin edən ölkə kimi təqdim edilməsindən çəkinmək. Müqavilənin böyük hissəsini siyasi islahatlar əhatə etməlidir ki, bu dəyişikliklər də digər sahələrdə islahatlara gətirib çıxaracaq, Azərbaycan və Aİ vətəndaşlarının bəhrələnəcəyi birbaşa enerji təhlükəsizliyi, stabillik və tərəqqiyə səbəb olacaq.

İnsan hüquqları məsələsinin vacibliyini nəzərə almaq - xüsusən də siyasi məhbusların azad edilməsini. Bu, Azərbaycan insan hüquqları sahəsində göstəricilərini yaxşıladırmayaçağı halda müqaviləni ratifikasiya etməyəcəyi ilə bağlı aydın mesaj verən Avropa Parlamentinin mövqeyinə də uyğun olar.

Bakı və Brüssel arasında danışıqların şəffaflığının və Azərbaycanın vətəndaş cəmiyyəti ilə daimi məsləhətləşmələrin vacibliyi.

Vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsi üçün bütün hüquqi və siyasi şərtlərin yerinə yetirilsin, qanunvericilikdə məhdudiyyətlər aradan qaldırılsın; bütün hüquq və azadlıqlar qanunlarla və praktikada təmin edilsin, siyasi partiyalar haqqında qanun demokratik standartları təsbit etsin, sərbəst toplaşmaq azadlığı üzrə qanunvericilik təkmilləşdirilsin;

Məhkəmə müstəqilliyi təmin edilsin, hüquqşünasların Vəkillər Kollegiyasından çıxarılmasının qarşısını alan müdafiə mexanizmləri işləsin, yerli məhkəmələr qarşısında nümayəndəlik institutu bərpa edilsin;

Seçki Məcəlləsinə Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) kimi beynəlxalq təşkilatlar tərəfindən verilmiş tövsiyələr əsasında dəyişikliklər edilsin, azad və ədalətli seçkilər üçün bütün şərtlər təmin olunsun;

Korrupsiya ilə mübarizədə cəmiyyətin iştirakçılığı, biznes razılaşmalarında, o cümlədən Azərbaycan və Aİ arasındakı razılaşmalarda şəffaflıq və istisnasız bütün rəsmilər tərəfindən illik gəlir bəyannamələrinin təqdim edilməsi öhdəliyi təmin olunsun;

Viza liberallaşdırılması ilə bağlı danışıqlar ən qısa müddətdə öz məntiqi sonluğu - müvafiq razılaşmanın imzalanması ilə nəticələnsin;

Maliyyə idarəçiliyi sistemində şəffaflıq və hesabatlıq - dövlət şirkətləri tərəfindən hesabatların təqdim edilməsi indiki vəziyyətindən fərqli olaraq təkmilləşdirilsin;

Həmçinin sənəddə səhiyyə və təhsil sistemlərinin effektivliyinin artırılması, sosial xidmətlərin yenilənməsi; ətraf mühitin mühafizəsinin gücləndirilməsi tövsiyə olunur.

Müracəti vətəndaş cəmiyyətinin 51 görkəmli təmsilçisi imzalayıb. Onların arasında Əli Abbasov, Arzu Abdullayeva, Sabit Bağırov, Novella Cəfəroğlu, Rəsul Cəfərov, Oqtay Gülalıyev, İntiqam Əliyev, Leyla Əliyeva, Əvəz Həsənov, Emin Hüseynov, Fuad Həsənov, Şəhla İsmayıl, Mirvari Qəhrəmanlı, Akif Qurbanov, Anar Məmmədli və başqaları var.

Müraciət dekabrın 10-12-də Tbilisidə keçiriləcək "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun sessiyası ərəfəsində qəbul edilib.

Təşkilatşılar Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarova da rəsmi dəvət göndəriblər.-06D---

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti