Women's March in Baku on March 8, 2020. Photo: Abzas.net

Women's March in Baku on March 8, 2020. Photo: Abzas.net

***

-Şəhla xanım, son illər Azərbaycanda qadın hüquqlarının durumunda hansısa müsbətə doğru dəyişiklik varmı?

Şəhla İsmayıl -Azərbaycanda qadın hüquqlarının durumunda son illər müəyyən qədər müsbətə doğru dəyişikliklər var. Amma müəyyən qədər hələ əsaslı dəyişikliklər demək deyil. Bəzi göstəricilərdə cüzi üstünlüklər görə bilirik. Məsələn, erkən nikahlar sahəsində bizdə əvvəlki illərə nisbətən daha yaxşı göstəricilər var ki, bu da sevindirici haldır. Amma böyük mənada çox ciddi problemlər mövcuddur və biz qadın hüquqlarının durumunda hələ ciddi irəliləyiş haqqında danışa bilmirik. Əsas müsbət dəyişiklik kimi qadın hüquqlarının durumunda deyil, onlara münasibətdə olan durumu qeyd etmək istərdim. Məsələyə daha şüurlu və yetkin yanaşma var, bu, sevindirici haldır. Əvvəla, cəmiyyətin özündə qadın hüquqları sahəsində problemlərin mövcudluğunu dərk etməsini və bu mövzuya birqədər daha tolerant, daha şüurlu yanaşmanı hiss edirəm. Əgər əvvəllər bu mövzuda danışarkən çox ciddi təpkilərlə üzləşirdiksə, bu gün artıq yetərincə insan qadın hüquqlarından rahat danışır və etiraf edir ki, bu sahədə ciddi problemlər mövcuddur və bu sahəyə ayrıca diqqət ayrılmalıdır. İkinci müsbət tərəfinə gəldikdə, Azərbaycan hökuməti 10-15 il bundan əvvəl qadın hüquqları mövzularının bir hissəsini tamamən inkar edirdi və ya çox yumşaq formada yanaşırdı ki, bu da qadın hüquqları müdafiəçilərinə əlavə enerji, əlavə təşəbbüslər ehtiyacı yaradırdı. Yəni, biz illərdir hökuməti inandırmağa çalışırdıq ki, bu sahədə ciddi tədbirlərə ehtiyac var. Amma bu gün artıq bu, belə deyil. Sevindirici hal ondan ibarətdir ki, gec olsa da və tam istədiyimiz formada olmasa da, bir neçə çətin məsələlər üzrə ötən il Azərbaycanda Milli Fəaliyyət planları qəbul olundu. Bizim 2010-cu ildə qəbul olunmuş məişət zorakılığı haqqında qanunumuz var. Onun 10 ildir icra mexanizminin təməl daşı olan Fəaliyyət Planı yox idi. Nəhayət, ötən ilin noyabr ayında bu, qəbul olundu. Həmçinin selektiv abortlara dair kompleks yanaşmanı özündə əks etdirən Milli Fəaliyyət planı da ötən ilin fevral ayında qəbul olunub ki, bu da Azərbaycanın utancverici bir məsələdən qurtulma şansı ola bilər. Bildiyiniz ki, Azərbaycan artıq bir neçə ildir ki, BMT-nin hesablamalarına əsasən selektiv abortlar göstəricisinə görə ikinci yerdədir, yəni dünyada qız uşaqlarının ana bətnində qətli mövzusunda ən pis vəziyyət ilk olaraq Çində, sonra isə Azərbaycandadır. Beləliklə, artıq milli və dövlət səviyyəsində ən azı bu iki məsələyə kompleks yanaşmanın zərurəti etiraf olundu. Bu, artıq bir neçə illik Azərbaycanın gündəmində olan və prioritet sahə olan məsələlər kimi qeyd olundu. Bu qadın hüquqları durumunu daha müsbət müstəviyə, dəyişikliyə gətirmək üçün zəruri olan addımlar idi ki, bunu təqdir etmək lazımdır. Lakin gedəcəyimiz yol, əlbəttə ki, olduqca uzundur. Təəssüf ki, hər iki fəaliyyət planında müəyyən qədər çatışmazlıqlar və qüsurlar var, bu planların tərtibatında bütün tərəflərin ekspertizasından istifadə olunmayıb, üstəlik, bu tipli fəaliyyət planları gərək çarpaz məsələlərə də diqqət yetirərdi ki, bunu görmədik. Amma hər bir halda, bizə belə siyasət və istinad sənədləri lazımdır, indi əsas məsələ onların icrasını maksimum keyfiyyətli etməkdir.

-2021-ci il olmasına baxmayaraq, biz hələ də selektiv abortlar, erkən nikahlar, qız uşaqlarının təhsildən uzaqlaşdırılması kimi bir çox gerici problemlərlə mübarizə aparırıq. Nədir bunun səbəbi? Maarifçiliyin yetərincə aparılmaması, yoxsa mentalitetin və ya dini faktorların cəmiyyətdə daha üstün mövqeyə sahib olması?

-Əlbəttə ki, selektiv abortlar, erkən nikahlar, qız uşaqlarının təhsildən yayınması, məişət zorakılığı, reproduktiv sağlamlıq, siyasi iştirakçılıq və digər sahələrdə olan olan çətinliklər barədə danışacağıqsa, biz onlardaı qadın hüquqları məsələsinə aid ümumi vizyon formatında danışmalıyıq. Bu problemlərin səbəbləri nədir? İlk öncə maarifçiliyin yetərincə olmaması. Maarifçilik daim, uzunmüddətli, bütün səviyyələrdə aparılacaq bir işdir. Maarifçilik təkcə böyük insanlarla deyil, ən erkən yaşlardan, nəinki məktəblərdə, hətta məktəbəqədər olan yaşlarda bütün insanlarla, qız-oğlan, qadın-kişilərlə aparılmalıdır.

Biz gender-əsaslı stereotiplərlə, bizim mentalitetdə, milli-mənəvi dəyərlərdə ədalətli yanaşmanı sual altına qoyan önyarğılarla mübarizə aparmalıyıq. Əsrlərdir qadınımıza yönəlik adət-ənənələrdə diskriminativ xarakter daşıyan yanaşmaya son qoymalıyıq. İllərdir qadınlarımız ailə-məişət yükünü - ənənəvi olaraq ailənin, uşaqların, yaşlıların, bütövlükdə təsərrüfat qayğılarını üzərlərinə götürüblər.

Üstəlik, bizdə dini faktor da var ki, bu da müəyyən qədər bizi geriyə salır. O mənada ki, dini arqumentlərin də təhrif olunmuş forması təəssüf ki, cəmiyyətə daha çox əlçatımlı olduğu üçün bəzi məsələlərdə çox cahil yanaşmalar mövcuddur. Biz onları da istər dini, istər hüquqi əks- arqumentlərlə heçə endirməliyik. Həmin stereotipləri qırmaq üçün çox dərin maarifçiliyə ehtiyacımız var.

Bir sözlə, əsas maarifçilikdir. Maarifçiliklə bərabər ümumi təhsilsizlik də var. Təhsilli insan, mədəni səviyyəsi yüksəyə qalxmış insan istər-istəməz ümuminsan hüquqları və bəşəri dəyərlərə fərqli yanaşır. Daha müsbət, ali yanaşır. Təəssüf ki, təhsilin aşağı getməsi ilə biz bunun əks- təzahürünün şahidi oluruq.

-Qadınların cəmiyyətdəki rolu barədə danışaq. Niyə hökumət orqanlarında, idarələrdə, parlamentdə, elə vətəndaş cəmiyyətində, siyasi partiyalarda qadınlar o qədər də aktiv deyil? Və ya aktiv qadınların sayı azdır? Buna mane olan nədir? Niyə qadınlar özləri bunun üçün mübarizə aparmırlar? Və ya bunu edən kişilərdir, yoxsa ölkədəki ictimai-siyasi ab-hava?

-Ümumiyyətlə, qadınlar fəaldırlar. Qadınlar həyatlarında, ailə, cəmiyyət səviyyəsində hər zaman daha fəal olublar. Sadəcə, daha ali səviyyələrə gəlmək üçün hökumət orqanlarında, idarələrdə, idarəetmədə, parlamentdə, bütövlükdə siyasi iştirakçılıqda iştirak etmələri üçün qadınların üzərlərində olan qayğıları iləəlaqəli olan baryerlər aradan qaldırılmalıdır. Bu gün Azərbaycan qadını yüksək idarəetməni demirəm, sadəcə, adi peşəsi üzrə işləmək istəyirsə, öncə ailə səviyyəsində məişət qayğılarını elə sistemləşdirməlidir ki, evə gələndə onun işləməsi bir yana qalsın, ev səviyyəsində nəyi isə çatdırmaması məcazi mənada sillə kimi ona dəyməsin. Heç kəs deməsin ki, sənin işləməyini neynirəm, xörək yoxdursa, köynəyim ütülənməyibsə v s. Yəni, qadının üzərində öncə ailə-məişət qayğıları birinci səviyyədə həll olunmalıdır ki, qadın artıq ikinci səviyyəyə, ümumiyyətlə, iqtisadi cəhətdən ailəyə dəstək olmaq üçün hansısa bir adımdı atsın. Əksər vaxt qadınlar bəlli reproduktiv yaş müddətində övlad dünyaya gətirirlərsə, əlbəttə ki, işlərindən bir qədər geri qalırlar. Analıq məzuniyyəti götürməli olurlar, adətən ard-arda uşaq dünyaya gətirdikdə 8-10 il aralığında peşəkar əməkdən geri qalırlar. Və işə, ümumiyyətlə, geri dönmək birqədər çətin olur. Çünki bu gün hər şey çox çevikdir, çox dəyişkəndir. Qadının həmin ərəfədə 7 il, 10 il əvvəl aldığı bacarıqlar müasir iş bazarı üçün artıq yararsız olur. Ona görə də qadının o səviyyədə gəlib rəqabətə dayanması, müəyyən kurslara getməklə iqtisadi cəhətdən işə sahib olması çox çətin başa gəlir. Qaldı ki, idarəetməyə və siyasi iştirakçılığa qadını sövq etmək istəyiriksə, biz onun bütün bu əvvəlki məsələlərini həll etməliyik. Bir sözlə, qadınlara mane olan illərdir, əsrlərdir davam edən ailədə gender rolların bərabər paylanmamasıdır. Bu rollar dəyişdikdən sonra hansısa əsaslı dəyişiklikdən danışa bilərik.

Soruşursunuz ki, qadınlara mane olan kişilərdir, yoxsa ictimai-siyasi ab hava? Birbaşa olaraq heç biri. Amma bütövlükdə hər biri. Kişilər mane olmurlar, amma ailələrdə qadının yükünün azalmasına şərait yaratmırlarsa, hər bir kişinin üzərinə düşəcək məsuliyyətə yenidən baxış keçirilmirsə, hər kişi öhdəliyini genişləndirməyə hazır deyilsə, o zaman biz heç bir ədalətli yanaşmadan və ya baryersiz mübarizədən danışa bilmərik. Üzdə kişilər deyə bilərlər ki, qadın gəlsin mənim silahdaşım olsun. Amma hər bir kişinin evində onu gözləyən bir xanım var ki, o xanım üçün də müəyyən şərait yaradılmalıdır. Ona görə də məsələyə münasibət kompleks şəkildə qəbul olunmalıdır.

-Ölkədə son illər feminizm trend olub. Amma ya onların tutduqları yol, ya da hakimiyyətin təbliği nəticəsində cəmiyyətdə feminizmə münasibət birmənalı deyil. Hətta deyərdim ki, cəmiyyətdə feminizmə münasibət çox pisdir. Sizcə, bunun səbəbi nədir?

-Məsələ bundadır ki, burada ciddi bir yanlışlıq var. Yanlışlıq ondan ibarətdir ki, Azərbaycanda feminizmi son illərin trendi kimi göstərirlər. Əslində, bu, belə deyil. Qadın hüquqları ilə məşğul olan, gender bərabərliyini gündəmdə saxlayan hər bir kəs əslində feminizmin tərkib hissəsidir. Mütləq deyil ki, qadın hüquqlarını qadın hüquq müdafiəçisi qorusun. Həm qadın, həm də kişilər arasında qadın hüquqlarını təqdir edən, anlayan, təbliğ edən insanları feministik yanaşması olan insan kimi təqdim etmək olar. Amma son iki ildə 8 mart gününü əlamətdar bir marşla qeyd edən insanları feminizmin əsasını qoyanlar kimi təqdim edirlər. Bu, yanlış bir yanaşmadır. Çünki Azərbaycanda son 20 ildir feminizmin dəyərlərini özündə daşıyan qadın hüquqlarını, insan hüquqlarını ali müstəviyə gətirməyə cəhd edən insanların sayı olduqca çoxdur. Biz bu 20 illik işi son iki ildə olan işlərin ayağının altına verə bilmərik. Çünki böyük işlər görülüb. Bu gün o feminist marşa cəsarəti çatan xanımların olması əslində onlardan öncə daha yaşlı nəsillərin ilkin bünövrəni qoymasının nəticəsində yaranıb. Ona görə təqdimatın yenidən baxışa ehtiyacı var. Mənə görə radikal addımla yaxşı nəticələr əldə etmək mümkün deyil. Hesab edirəm ki, son illərin təqdimatı radikal təqdimatdır. Çox qıcıq yaradan bir təqdimatdır. Biz cəmiyyətin zəif və güclü tərəflərini nəzərə almalıyıq. Biz bilməliyik ki, feminizmi bu formada təqdim etmək bütün etdiyimiz işi paramparça etməkdir. Biz bilməlyik ki, cəmiyyət bunu doğru anlamayacaq. Hətta feminizmə yaxşı münasibəti olan insanlar arasında bu qədər qıcığa səbəb olan addımlara yenidən baxılmalıdır. Təkidlə, hər şeyə rəğmən, cırmaq-cırmaq ildə bir dəfə o marşı etməkdənsə, 365 günü damla-damla etmək, qadınları bir addım yaxşı statusa gətirmək mənə görə daha təqdirəlayiq haldır. Halbuki, yenə də anlayıram ki, burada gənclik, səbrsizlik, üsyan faktoru var. Amma bu üsyan bizi heç yerə aparıb çıxarmırsa, deməli, bu üsula yenidən baxmaq lazımdır. Hesab edirəm ki, həmin 8 martda mars-aksiya keçirənlərin etdikləri olduqca cəsarətli addım olsa da daha tədbirli, daha təmkinli, daha rasional yanaşmaq lazımdır. Feminizmdən iyrəndirmə prosesi bu formada davam etməyəcək. Mən həqiqətən buna çox böyük ümid edirəm.

-Ölkədə qadınların hüquqlarının pozulmaması, onların cəmiyyətdə daha yaxşı yerlər tutması, ölkənin ictimai-siyasi həyatında aktiv olması üçün nə lazımdır? Sizin təklifləriniz nədən ibarətdir?

-Hər bir qadının potensialı mövcuddur. Hər bir qadının bəlli bir imkanları olsa mövcud olduğu səviyyədən daha yuxarı qalxmağa qadirdir. Ona görə məsələ bir neçə mərhələdə getməlidir. Birinci, qadının özü ilə iş aparılmalıdır. Onun təhsil məsələsi heç bir kompromissiz, birmənalı olaraq önə çəkilməlidir və orta təhsili heç olmasa sona qədər oxumağa şərait yaradılmalıdır. Əks halda, orta təhsili olmayan qadın hansısa bir nailiyyətə gəlib çıxmayacaq. Təhsili davamlı olsa çox yaxşı olar. Paralel olaraq, qadının bir çox sahələrdə məlumatlanma imkanı olmalıdır. Məsələn, reproduktiv sağlamlıq qadının bütövlükdə fizioloji, hormonal məsələlərini də nəzərə almaqla bütün bədəninin, ruhunun, bütün mental və fiziki harmoniyasının bir araya gətirilməsidir. Qadının bütün həyatına təsir edəcək bir məsələdir. Lakin bu mövzuda qadının maariflənmə imkanları çox aşağıdır. Reproduktiv sağlamlıq haqqında çox ciddi maarifləndirmə işi aparılmalıdır. Qızlar və qadınların, ümumiyyətlə, yetişdirilməsi ilə bağlı, yəni ailədə olan ədalətli yanaşma ilə bağlı, liderlik və qərarvermə ilə bağlı şüurlu bir yanaşma və ailədaxili ədalətli bir mühit yaranmalıdır. Yəni, ikinci səviyyədə ailə ilə iş getməlidir, daha sonra da məktəb səviyyəsində ciddi işlər aparılmalıdır. Qızlar və qadınlar maarifləndikcə və ailə səviyyəsində onlara dəstək verildikcə, onların özgüvənləri artacaq. Bu da artdıqca  fəallıqları və liderlik potensialları güclənəcək. Yəni, aktivliyi suni deyil, təbii formada artırmaq mümkündür. Bütövlükdə isə dövlətin üzərinə çox böyük pay düşür. Erkən nikahlar fenomeninin qarşısını birmənalı olaraq almaq lazımdır. Əslində bunun çox rahat üsulu var ki, 18 yaşına çatmamış insan evlənə bilməz. Nikah haqqında şəhadətnamə əldə olunana qədər dini kəbin kəsilməsin. Kağız üzərində belə bir sərəncam mövcuddur. Lakin təcrübədə biz bunun tətbiqini görmürük. O dini kəbini kəsən mollalar ciddi cəzalandırılmalıdırlar. Adətən dini kəbin və ya dövlət nikahı olmadan bir araya gəlməyə ailələr razı olmurlar. Dini kəbin dövlətlə tam həmrəy olarsa, biz bu erkən nikah fenomeninin qarşısını almış olarıq. Bunun qarşısını almış olsaq o zaman təhsillə bağlı qızların şansı bir qədər çoxalar. Ən azından orta məktəbi bitirə bilərlər.

Daha sonra bəzi qanunlara ciddi baxış lazımdır. O qanunların mövcudluğu yaxşıdır. Amma onların ciddi qüsurları və kəsirləri var ki, ekspertizaya ehtiyacı var. Mütləq həmin qanunlara yenidən baxılmalı, bəzi müddəalar yenidən yazılmalıdır. Qanunların icra mexanizmi də önəmlidir. Mövcud Milli Fəaliyyət planları qüsurlu olsa da olmamasından daha yaxşıdır. Olanların icrasını çox yaxşı təmin etmək lazımdır. Kağız üzərindən real həyata keçid etmək lazımdır. Bu, olmadıqca real irəliləyişdən söhbət gedə bilməz.

Ümumiyyətlə, qadın hüquqları mövzusuna kompleks yanaşmaq lazımdır. Bir ölkədə neqativ fenomenlərin sayı artırsa (məsələn fiziki zorakılıq, qadın qətlləri, intihar halları son bir neçə ildə artma tendensiyası ilə gedir) deməli, biz məsələni düzgün diaqnoz edə bilməmişik. Səbəblərə baxmadan, həqiqi qiymətləndirmə etmədən simptomatik yanaşma bu vəziyyəti dəyişməyəcək. Bir də əlbəttə ki vətəndaş cəmiyyətini bütövlükdə bu işə cəlb etmək lazımdır. 2014-cü ildən vətəndaş cəmiyyətinin işi tam iflasa uğrayıb, tamamən iflic olunmuş formada fəaliyyət göstərir. Bu gün gördüklərimiz vətəndaş cəmiyyətinin qalıqlarıdır. Peşəkar və dayanıqlı iş göstərən vətəndaş cəmiyyətindən bu gün söz gedə bilməz. Heç bir dövlətdə vətəndaş cəmiyyətinin iştirakı olmadan bundan daha da kiçik problemlərin həlli mümkün deyil. Bütün dünya bu prosesdən keçib. Müasir dövlətlər o nəticələri əldə ediblərsə, onlar ancaq inkluziv, bütün sektorların iştirak etməsi şərtilə buna nail olublar. Bu gün biz gülcü dövlət qurmaq iddiasındayıqsa vətəndaş cəmiyyəti, mediası, siyasi təşkilatları zəif olan yerdə iddia etdiyimiz statusa nail ola bilmərik. Çox ümid edirəm ki, hökumət bunu anlayaraq tezliklə bu utancverici durumu düzəldəcək.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti