lodoshaber.com

lodoshaber.com

Rusiyanın bəzi xəbər qurumları bir neçə gün əvvəl Suriyanın əl-Bab bölgəsində təyyarələrdən müraciət mətnlərinin atılaraq əhalinin bölgədən çıxmasının tələb edildiyini yazdı.

Bölgədən gələn bəzi məlumatlarda əl-Babın Rusiya təyyarələri tərəfindən bombalandığı iddia edildi, bunun ardınca yayımlanan xəbərlərdə isə Cerablus bölgəsindəki bəzi yerlərdə təşkil edilən terror aksiyalarında 3 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirildi.

Xatırladaq ki, Cerablus Türkiyə ordusunun 24 avqust 2016-cı ildə Suriyanın şimal qərb bölgəsində təşkil etdiyi “Fərat qalxanı” əməliyyatından sonra nəzarətə alınmış və terrorçu qruplar oradan uzaqlaşdırılaraq Türkiyənin hakimiyyəti qurulmuşdu.

O vaxt əl-Baba doğru da irəliləyən ordu şəhərin bir hissəsini öz nəzarəti altına alsa da buna tam müvəffəq ola bilməmidi: çünki rus tankları qəfildən gətirib küçənin o biri tərəfinə yerləşdirmişdi. 2018-ci ilin yanvar- mart aylarında keçirilən “Zeytun budağı” əməliyyatıyla Suriyanın 911 kilometrlik sərhəddi tamamilə nəzarət altına alınandan sonra gözlər İdlib bölgəsinə çevrilmişdi: Rusiya oradakı radikal islamçı qrupların (çoxu çeçen, uyğur və Orta Asiya əsilli) təmizlənməsini tələb edərkən Türkiyə o qrupları “mülayim müxalifət” deyə xarakterizə edərək bölgədən çıxarılmalarına hərarətli baxmırdı. Ta ki 27 fevral 2020-ci ildə 57 Türk hərbçinin (rəsmi say 34 nəfər) qətlə yetirilməsinə qədər.  Sonra Türkiyənin təkidilə atəşkəs elan edilərək iki ölkənin patrul xidmətlərinin birlikdə fəaliyyəti qərarlaşdırılsa da əslində Suriya ərazisində Rusiya-Türkiyə əməkdaşlığı de-fakto bitmiş, rəqabət Liviyanın şimal bölgələrinə keçmişdi.

Payızda isə Azərbaycanın öz topraqlarını erməni işğalından azadetmə əməliyyatlarına Türkiyənin verdiyi dəstəyə pərdə qabağında Rusiya səssiz qalsa da Cənubi Qafqazda Türkiyənin güclənməsini istəmədiyi o vaxt məlum idi, günlər keçdikcə müxtəlif səviyyələrdəki rəsmi açıqlamalar bunu açıq şəkildə göstərdi (Azərbaycanın şanlı politoqları bunu “Putinin Ərdoğandan çəkinməsi” kimi şərhə davam etsinlər).

Bax, son günlərdə Suriya ərazisində Türkiyə hakimiyyəti altında olan bölgələrdə cərəyan edən hadisələrin bir səbəbi Cənubi Qafqazdakı o güclənmə cəhdi və Türkiyə-Azərbaycan yaxınlaşmasıdır.

Rusiyadan yüksələn rəsmi açıqlamalar bu yaxınlaşmanı bəhanə edərək Moskvanın İrəvanı tamamilə öz ovcuna alma niyyətinin ifadəsi və Türkiyənin Cənubi Qafqazda öz ayaqlarını yerə daha bərk basmasını əngəlləmə cəhdidir. Bu cəhdin praktiki ifadələrindən biri də Suriya ərazisində həyata keçirilir və İdlib faciəsinin birinci ildönümündə Türkyənin nəzarətində olan bölgələrin bombalandığına, oralarda terror aksiyaları həyata keçirildiyinə dair xəbərlər yayılır. Bu minvalla Moskva Ankaraya “Suriyada mənim icazəmlə var olduğunu unutma” mesajını verərək diqqəti oraya yönəltmək istəyir.

Bu mesajlarla Türkiyənin diqqəti Cənubi Qafqazdan və şübhəsiz ki, əsas olaraq Azərbaycandan nə dərəcədə ayrılacaq? Vəziyyət böyük ölçüdə Suriyadakı Ankara-Moskva ziddləşməsinin gərginlik dərəcəsindən asılı olacaq. Türkiyənin Suriyadakı varlığını hədəf alan bombardmanın və terror aksiyalarının digər səbəbi isə S-400 raketləri ətrafında son 3 ayda yaşanan ABŞ-Türkiyə gərginliyidir. Belə ki, Ankaranın hətta “istifadə etməyəndə yerin altında qalsın” təklifinə qulaq asmaq istəməyən Vaşinqton bu məsələni artıq “S-400 raketlərinin adını da çəkməyəcəksən” nöqtəsinə gətirib.

Dövlət başçısı Ərdoğanın “dostum Donald” dediyi dönəmdə Ağ Evə olan arxayınçılıq artıq yoxdur, Konqresin və Senatın hücum xoruna Dövlət Departamenti o dəqiqə ən zil pərdədən öz töhfəsini verməklə qalmayıb, bəzən onlardan da qabağa düşür. Bəzən dövlət başçısı Ərdoğan “S-400 raketlərindən əsla vaz keçməyəcəklərini” açıqlayır, Rusiya silah sənayeçisinin idarəçiləri iki ölkə arasında raket alış-satışına dair qərarlı sözlər söyləyir və adama elə gəlir ki, Türkiyənin o raketlərdən vaz keçməsi mümkün deyil. Ancaq o biri tərəfdən, tədavülə amerikan sanksiya təhdidləri daxil olanda durum kifayət qədər mürəkkəbləşir. Suriya torpaqlarında Türkiyənin sıxışdırılmaq istənilməsi üçün əl-Babın bombalanması və başqa bölgələrdə buna yaxın mahiyyətdə işlərin baş verməsi də buna görədir. Həm Türkiyənin diqqətini başda Azərbaycan olmaqla, Cənubi Qafqazdan yayındırmaq, həm də Vaşinqtonun getdikcə artan təzyiqləri qarşısında Ankaranın geri addım atmasına mane olmaq.

Dönüb-dolaşıb yenə eyni qapıya çıxdıq: Bakının mövqeyi böyük ölçüdə müəyyənləşdirici olacaq.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti