health-genderviolence.org
Azərbaycanla bağlı məsələdə bir şeyi bilmək vacibdir: XIX əsrin sonlarında və XX əsrin ortalarına qədər qadınların sayı kişilərin sayından az idi, dünya ölkələrində buna çox nadir rast gəlinir. XX əsrin əvvəllərində Rusiyada 100 kişiyə 103 qadın, Azərbaycanda isə 87 qadın düşürdü və Azərbaycanda 54% kişilər, 46% qadınlar yaşayırdı. 1926-cı ildə də eyni vəziyyət müşahidə olunurdu, kişilərin sayı qadınlardan 112 min artıq idi, bu vəziyyət yalnız ikinci dünya müharibəsindən sonra dəyişdi. Bəlkə də bu səbəbdən müsəlmanlar arasında yayılan çoxarvadlılıq Azərbaycanda nadir hallarda tətbiq edilirdi.
Maarif əlamətdar hadisə oldu, xalqın gələcəyini qadının azad edilməsi, dustaqlıqdan çıxması və təhsil alması ilə əlaqələndirirdilər. Digər bir hadisə kişilərin və qadınların bərabərhüquqluluğunu, bir sıra Qərb ölkələrində mövcud olan qadınlara səs və ölkənin ali qanunverici orqanına seçilmək hüququnun verilməsini nəzərdə tutan ADR-də Seçkilər haqqında Əsasnamə (1919-cu il) ilə bağlıdır.
Sovet dövründə müsəlman ölkəsi üçün radikal olan "Şərq qadınının azad edilməsi"nin müasirləşdirilməsi proqramı qəbul edilib. Qadın çadranı atıb, fəal şəkildə ictimai həyata atılıb, sovet hakimiyyəti qadın siyasəti sahəsinə xüsusi qayğı göstərirdi. 2-ci dünya müharibəsi qadınların taleyini kəskin dəyişdirdi (kənd təsərrüfatında 78%, şəhərlərdə isə 60% işləyən), qadınlar respublikanın kişi əhalisi ilə bərabərləşdi, daha sonra isə önə çıxdı (1939-cu il: qadınlar 1562,6 nəfər, kişilər 1642,6; 1959-cu il: qadınlar 1941,1, kişilər 1756,6 nəfər). Sosializmin istilası yenidənqurma illərində məhv edildi: kvotalar sisteminin ləğvi, həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi qadınlardan yeni sosial rollar qəbul etməyi tələb edirdi.
Postsovet dövründə cəmiyyətin patriarxal düşüncəsi ortaya çıxan "vəhşi" kapitalizmlə üz-üzə gəldi. Etnik münaqişə ilə dərinləşən hüquqi nihilizm və xaos şəraitində demokratiya, bazar möhkəmlənirdi. Həyatda öz yerini bərqərar etmək uğrunda dinamik, inadlı mübarizə metodları, güc metodları, amansız metodlar xaricdən liberal və demokratik ritorika ilə üzləşir, təfəkkürdə paradoksa, psixikanın toqquşmasına səbəb olurdu. Dövlət, partiyalar, qadın təşkilatları qadın problemləri ilə deyil, maraqlar qruplarında birləşən ayrı-ayrı qadınlarla məşğul olurdu. Qərbdə olduğu kimi, Azərbaycanda da qadın hərəkatı patriarxal dəyərlərin kortəbii şəkildə təkrarlanmasından, qadınların kişilərə "ayaq uydurmasından" başlayırdı.
Müstəqilliyin ilk illərində Azərbaycan həyatının siyasi və iqtisadi səhbəsində israrla öz hüquqlarını axtaran qadınların ortaya çıxdığını görmək olar. Gender vəziyyəti həddindən artıq pozulmuşdu və qadınlar məcburiyyətdən onlara xas olmayan sosial rolları oynamağa, yaranan boşluqları tez bir zamanda doldurmağa başladılar.
Azərbaycanda vəziyyəti cəmiyyətin ailə dəyərlərinə meyli ilə səciyyələnməyə davam edir, amma sosial-iqtisadi dəyişikliklər ona nəzərəçarpan dəyişikliklər edir: ənənəvi dəyərlər pozulur, kişilər çox vaxt qadını çörəkpulu gətirən əsas insana çevirən cinslərin sosial-mədəni davranış modellərinin dəyişməsini ağrı ilə müşahidə edir. "Məkik qadın", "satlıq qadın", xarici mənimsəyən qadın - əvvəllər müzakirəsi qadağan olunmuş mövzular birdən-birə mətbuat səhifələrinə çıxdı, cəmiyyətin əxlaqını güclü şoka məruz qoydu.
Bu gün gender rollarının dəyişməsini sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid də müəyyən edir, bu zaman maskulin keyfiyyətlərə tələbat azalır və femin keyfiyyətlərə tələbat artır. Matriarxatın özünəməxsus renessansı başlayır - informasiya texnologiyalarının "qadın əsri" intuisiya, səbr, diqqət, işdə səliqə kimi keyfiyyətlər tələb edir. Qadın tolerantlığı bu gün patriarxal güc dəyərlərinin məngənəsində olan siyasət dünyası üçün də həyati əhəmiyyət daşıyır.
Qadın və gender inkişafı proqramlarının başa çatması ilə BMT respublikada gender bərabərhüquqluluğuna nail olunması üzrə səyləri zəiflədib. Yenidən iqtisadiyyatda, istehsal və xidmət sahələrində gender bərabərsizliyi müşahidə olunur, qadınların köhnə problemləri yenidən baş qaldırır və yeni problemləri yaranır, gender problemləri ilə məşğul olan ictimai və qeyri-hökumət təşkilatlarının sayı kəskin şəkildə azalıb.
Müasir Azərbaycan qadınının əsas problemləri nədən ibarətdir?
İlk növbədə demoqrafiya: 2017-ci il üçün Azərbaycan əhalisi 9,81 mln. nəfər təşkil edib, bunun 4,918 mln. nəfəri qadınlardır (50,14%), müvafiq olaraq dünyaya gələn qızların sayı oğlanlardan təxminən 4% az olub. Bu, ölkədə uşağın cinsiyyətinin selektiv seçilməsinin və deməli, qadınların sağlamlığına və psixikasına mənfi təsir göstərən məcburi abort təcrübəsinin də tətbiq edildiyinin göstəricisidir. Bundan başqa, gender bərabərsizliyi gələcəkdə nikaha daxil olanların nisbətsizliyinə gətirib çıxaracaq.
Digər problemlər Dünya İqtisadi Forumunun (WEF) 2006-cı ildən etibarən dərc etdiyi Gender Uyğunsuzluğu İndeksində müəyyən olunur: hər bir ölkədə gender tarazsızlığının dərəcəsi dörd sahə üzrə müəyyən olunur: əmək bazarındakı vəziyyət və karyera imkanları; təhsil əldə etmək imkanı; sağlamlıq və ömrün uzunluğu; siyasi iştirak. 2017-ci il üzrə araşdırmaların nəticələrinə görə Azərbaycan 144 ölkə arasında 97-ci yeri tutub, bu zaman bərabərliyin təmin edilməsinin ümumi səviyyəsi 67%-ə çatıb.
Gözlənildiyi kimi, ölkə dünyaya gələn oğlanların və qızların arasında böyük tarazsızlıqla əlaqədar 142-ci (144 ölkə arasında) yerdədir. Orta hesabla AR-də kişilərin və qadınların nisbəti 49%:51%-dir.
"Azərbaycan "təhsil imkanları" kateqoriyasında 91-ci yerdədir - bu, qızlar arasında təhsilin dəyərsizləşməsinin və erkən nikahların nəticəsidir.
MSİ-nin məlumatına görə, qadınlar kişilərdən iki dəfə az əmək haqqı alır, belə ki, əksəriyyət aşağı əmək haqqı verilən işlərdə işləyir.
Kişilərin və qadınların ölkənin iqtisadi həyatında bərabər iştirakı üzrə yer kifayət qədər yüksəkdir - 46; əvəzində təhsil imkanları üzrə 91-ci, siyasi iştirak üzrə 131-ci yerdəyik.
Bir il ərzində dörd kateqoriya üzrə ümumi göstəricidə Azərbaycanın reytinqdəki mövqeyini 11 bənd pisləşdirməsi səciyyəvidir. DİF ekspertlərinin dünyada gender bərabərliyinə nail olmaqda durğunluq və hətta geriləmə olduğunu qeyd etməsi kiçik də olsa, təsəllidir. 2016-cı illə müqayisədə dünyada cinslərin orta bərabərlik səviyyəsi 68,3%-dən 68%-ə qədər azalıb.
Azərbaycanın bir çox rayonlarında qızlar müəyyən yaşdan sonra məktəbə getmirlər və ailə həyatına hazırlaşırlar. Erkən nikahlardan başqa, "dini" nikahlar, tanışlıqla gecikən nikahlar, vətəndaş nikahlarının və nikahsız reproduktiv yaşlı qadınların sayının artması (18-45 yaş qrupunun 30%-i) problemləri də var. Sonuncudan başqa, bütün bu hallarda qadınlar qanunla müdafiədən məhrumdurlar. Və bu, ev zorakılığı hallarının artdığı bir şəraitdə baş verir. Ən yaxşı halda bu, boşanma ilə nəticələnir ki, AR-də boşanmaların sayı il ərzində bağlanan nikahların sayından beş dəfə azdır.
Qadın sahibkarlığı problemləri kredit alınmasında çətinliklərlə (belə ki, qadınların nadir hallarda girov qoymaq üçün kifayət qədər mülkiyyəti olur), habelə cinsi təcavüzərlə bağlıdır.
Aydındır ki, qadınların problemləri bununla məhdudlaşmır. Karyerada yüksəliş, "şüşə tavan" (müxtəlif məşğulluq sahələrində qadınlar bunu aşa bilmir), qərarların qəbulu sahəsində məhdudiyyətlər və çox sayda digər problemlər var ki, bunlar əsasən bir həqiqətlə bağlıdır - Azərbaycan, dünyanın bir çox dövlətləri kimi, əsasən patriarxal təfəkkürlü insanların məskunlaşdığı patriarxal dövlətdir. Bu, o deməkdir ki, qadınlar özləri də mövcud normaların "ədalətli olduğundan" əmindirlər, xüsusən, gender tarazlığının pozulması şəxsən onlara aid olmayan hallarda. Amma hətta şəxsi xarakterli hallarda belə qadınların çox azı öz hüquqlarını müdafiə etməyə və necə deyərlər, "evdəki söz-söhbəti bayıra çıxarmağa" hazır olurlar.
Azərbaycanda 10 illik gender bumunun qadınlarda öz hüquqlarını müdafiə etmək təşəbbüsü oyandırmalı, kişilərə və qadınlara bərabərhüquqluluq öyrətməli, onlarda gender tarazlığının hər iki cinsin maraqlarına uyğun olması barədə qənaət formalaşdırmalı, dövlət məmurlarını və özəl sahibkarları gender cəhətdən daha həssas insanlara çevirməli olduğu düşünülürdü. Amma təəssüf ki, bu, baş vermədi. Bu zaman böyük təlim, tərbiyə və təcrübə işləri aparılıb. Buna görə artıq gender tarazlığını və cəmiyyətdə qadınların vəziyyətini yaxşılaşdırmaq üçün kimə və hansı tövsiyələr verilməli olduğu barədə qərar vermək çətindir. Çox güman ki, heç vaxt və heç yerdə qanunvericilikdə təsbit edilmiş kvotalar sistemindən daha yaxşı bir şey düşünülməyib. Hətta Aİ və Avropa Şurası müntəzəm olaraq (o cümlədən postsovet ölkələrində) kvotaların köməyilə qadınların vəziyyətinin yaxşılaşdırılması zərurəti ilə bağlı müxtəlif sənədlər çıxarır. Bütün digər tədbirlər və təkliflər - gender təlim-tərbiyəsi, bütün nazirliklərdə və idarələrdə gender şöbələrinin yaradılması, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin işi, Konstitusiyaya daxil edilmiş gender bərabərhüquqluluğu haqqında xüsusi qanunun qəbulu, seminarların və konfransların keçirilməsi və s. konkret bir qadına çox az kömək edib.
Mart, 2018
Rəy yaz