Açıq mənbələrdən foto
Azərbaycanda 1 yanvar 2020-ci ildən başlayaraq kənd təsərrüfatının subsidiyalaşdırılmasında yeni mexanizm tətbiq olunmağa başlanılıb, fermerlərə dövlət yardımı sistemi tam elektronlaşdırılıb. Bu məqsədlə 2019-cu ildə tələb olunan qanunvericilik bazası qəbul edilib, müvafiq elektron sistem və ona daxil olan altsistemlər formalaşdırılıb. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bir neçə altsistem fəaliyyət göstərir. Onlardan ən əsası Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı, Subsidiyalar və Heyvandarlıq və süni mayalanma altsistemləridir. EKTİS-də təkcə fermerlər qeydiyyatdan keçmirlər. Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı altsistemi vasitəsilə fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin qeydiyyatının aparılması, onların fəaliyyəti üzrə tələb olunan məlumatların və sənədlərin daxil edilməsi, torpaq sahələrinin xəritələşdirilməsi nəzərdə tutulur.
Örən ilin yanvarından başlayaraq subsidiya almaq istəyən fermer mütləq əvvəlcə EKTİS-dən qeydiyyatdan keçməli, daha sonra isə müvafiq məlumatları Subsidiyalar altsisteminə daxil etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq hazırda aqrar sektora aşağıdakı subsidiyalar verilir:
1. Əkin subsidiyası. Fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiya;
2. Məhsul subsidiyası. Tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiya;
3. Toxum subsidiyası. Ölkədə istehsal edilən, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən subsidiya;
4. Heyvan subsidiyası. Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə verilən subsidiya;
5. Arı subsidiyası. Hər arı ailəsinə (pətəyə) görə verilən subsidiya;
6. Barama subsidiyası. Ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən subsidiya.
Subsidiyaların məbləği Aqrar Subsidiya Şurasının qərarı əsasında hesablanır. Şura Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (1 nəfər), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (1 nəfər) və yerli fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələri daxil olmaqla 7 üzvdən ibarətdir. Şuranın rəhbəri Kənd Təsərrüfatı naziri İnam Kərimovdur.
Şura hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün regionlar üzrə bitkilərin siyahısı və onlara tətbiq edilən əkin əmsallarını, məhsul subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısını və onlara tətbiq edilən əmsalları, toxum subsidiyasının tətbiqi üçün bitkiçilik məhsullarının siyahısını və onlara tətbiq edilən əmsalları və kvotaları təsdiq edir.
Fermerlərə subsidiyaların verilməsi (ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkili və əlaqələndirilməsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən həyata keçirilir.
Qeyd olunan subsidiya növləri içərisində əkin subsidiyası həm daha çox fermeri əhatə etməsinə, həm bu istiqamətə xərclənən vəsaitin digərlərindən çox olması, həm də bu subsidiya növünün məhsuldarlıqla (məhsulla) əlaqələndirilməməsi, nəticədən asılı olmayaraq əkinin həyata keçirilməsinə görə verilməsi baxımından fərqlənir. Təqdim olunan cədvəl məlumatları da bu 3 qənaətin doğruluğunu təsdiq edir. Ona görə də bu yazıda əsas diqqəti əkin subsidiyası ilə bağlı mövcud problemlərə yönəldəcəyik.
6 yanvar 2021-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirmişdi ki, “bu günədək elektron kənd təsərrüfatı sistemində 546 mindən çox fermer qeydiyyatdan keçib”.[1] Rəsmi statistikaya uyğun tərtib etdiyimiz cədvəldən göründüyü kimi 2020-ci ildə 498 121 nəfərə fermerə 277 840 min manat subsdiya ayrılıb. Ümumi subsidiya alanların içərisində 2019-cu ilin payızında və 2020-ci ilin yazında aparılan əkinlərə görə əkin subsidiyası alan fermerlərin xüsusi çəkisi 82,1 faiz (409 141 nəfər), bu istiqamətə ayrılan subsidiya vəsaitinin ümumi yekunda payı isə 83,9% (232 935 930 manat) təşkil edib.
Cədvəl 1. 2020-ci ildə aqrar sektorun subsidiyalaşdırılması[2]
№ | Subsidiyanın növü | Əhatə etdiyi rayonlar | Subsidiya alan fermerlərin sayı, nəfərlə | Təhvil verilən məhsul, min tonla | Subsidiyanın məbləği, min manatla | Ümumi yekunda payı, faizlə |
1. | Əkin subsidyası(2019-cu ilin payızında və 2020-ci ilin yazında aparılan əkinlərə görə) | |||||
Becərilən əkinlərə və çoxillik əkmələrə görə verilir | Respublika üzrə | 409 141 | - | 232 935,93 | 83,9 | |
2. | Məhsula görə subsidiya | |||||
2.1. Pambığa görə | 23 rayon üzrə | 16 683 | 283,62 | 28 361,54 | 10,2 | |
2.2. Tütünə görə | 12 rayon üzrə | 453 | Quru tütün: 2,44Yaş tütün: 21,29 | 228,6 | 0,1 | |
2.3. Şəkər çuğunduru | 17 rayon üzrə | 169 | 187,38 | 749,5 | 0,3 | |
3. | Heyvan subsidiyası | |||||
Süni mayalanma yolu ilə alınmış buzova görə verilir | Respublika üzrə | 44 433 | 83 895 baş buzova görə | 8 389,5 | 3,0 | |
4. | Barama subsidiyası | |||||
Barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verilən yaş baramaya görə verilir | Respublika üzrə | 4 955 | 431, 58 | 2157,91 | 0,8 | |
5. | Arı subsidiyası | |||||
Hər bi arı ailəsinə görə verilir | Respublika üzrə | 22 287 | 501.718 arı ailəsinə görə | 5017,18 | 1.8 | |
CƏMİ: | 498 121 | 277840,2 | 100,0 |
Qüvvədə olan qanunvericiliyə görə, fermer tərəfindən Subsidiya altsisteminə (SİS) tələb olunan sənədlər yükləndikdən sonra əkin subsidiyasının məbləği “Fermer kartı”na köçürülür. Fermer əkin subsidiyası məbləğinin 25 faizini nağd şəkildə, 75 faizini isə köçürmə yolu ilə istifadə edə bilir. Burada istifadə olunan “köçürmə” sözü nağdsız mənasındadır, fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması üçün istifadə etdikcə, bu barədə SİS vasitəsilə ona göndərilən məlumatı təsdiq edir. Sonra müvafiq xərcləməyə uyğun məbləğ avtomatlaşdırılmış qaydada fermerin kart hesabından təchizatçının hesabına köçürülür.
Qeyd edək ki, SİS-in tətbiqinin birinci yarımili elə də ürəkaçan faktlarla yadda qalmayıb. 2020-ci ilin iyulunda Quba, Xaçmaz, İmişli, Şəmkir və digər rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartların qanunsuz ələ keçirilməsi halları olub. 30-a yaxın üzvü olan mütəşəkkil dəstə yaxın adamlarının adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla subsidiya vəsaitlərini nağdlaşdıraraq mənimsəyiblər.
Dəstə üzvləri tərəfindən yaradılan “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə 2020-ci ilin ilk 3 ayı ərzində respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən 2.000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 milyon manata yaxın subsidiya vəsaiti təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.
Hazırda tətbiq olunan elektron subsidiya mexanizmi əvvəlki mexanizmlə müqayisədə aqrar sahənin subsidiyalaşdırılması (xüsusilə, əkin subsidiyası) sahəsində kütləvi pozuntuları və korrupsiya faktlarını əhəmiyyətli şəkildə azaltsa da, inhisarlaşma meyllərini gücləndirib, istehsal vasitələrinin qiymətinin süni şəkildə artırılmasına münbit şərait yaradıb, dövlət büdcəsi hesabına qarşılanan inzibati xərcləri artırıb, bütün fermerlərin tam şəkildə dövlət dəstəyi ilə əhatə olunmasına məhdudiyyətlər yaradıb. Subsidiyaların təyini, ödənilməsi, bu sahədə şəffaflığa əməl olunması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesabatların açıqlanması ilə bağlı bir çox neqativ meyllər hələ də qalmaqdadır.
Aqrar sektorun subsidiyalaşdırılması sahəsində ən ciddi problem müvafiq dövlət qurumlarının şəffaflığa və hesabatlılığa əməl etməməsidir. Strukturuna daxil olan qurumlar tərəfindən büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi üzərində qanunvericiliyə uyğun nəzarəti həyata keçirməli olan KTN-in və vəzifəsi kənd təsərrüfatı istehsal vasitələrinə dövlət büdcəsi hesabına tətbiq edilən güzəştlərin verilməsini həyata keçirmək, həmin vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət etmək olan AKİA-nın saytlarında müvafiq subsidiya (əkin, məhsul, heyvan və sair) təyin olunmuş fermerlərin sayı, imtina verilən fermerlərin ümumi müraciət edənlərin sayında xüsusi çəkisi, imtinanın səbəblərinin təsnifləşdirilməsi, subsidiya alan fermerlərin yekun sayında icarə münasibətlərində olanların xüsusi çəkisi, subsidiya alan fermerlərin adı, soyadı, hər bir fermer üzrə subsidiyanın məbləği və digər detallı məlumata rast gəlmək mümkün deyil.
Halbuki, hər iki qurumun əsasnamələrində və fəaliyyətlərini tənzimləyən digər qanunvericilik aktlarında hesabatlılıqla bağlı konkret vəzifələr müəyyənləşdirilib. KTN öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etməlidir.[3] Eyni vəzifə AKİA-nın da əsasnaməsində yer alıb.[4]
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli, 759 nömrəli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərmanı”na və həmin Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun olaraq adları çəkilən dövlət qurumları hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə aşağıdakıları icra etməlidirlər:
KTN:
- kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılmasının nəticələri ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməlidir.[5]
AKİA:
- Subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabatını və təkmilləşdirici təkliflərini KTN-ə təqdim etməlidir;[6]
- Subsidiya verilmiş fermerlərin rayon (şəhər) və kəndlər üzrə siyahısı hər il dekabr ayının 25-dən gec olmayaraq rəsmi internet saytında yerləşdirməlidir.[7]
Təəssüf ki, KTN-nin rəsmi saytının “Hesabatlar” bölməsində heç bir məlumat yerləşdirilməyib,[8] bölmə tamamilə boşdur. AKİA-nın rəsmi saytının “Hesabatlar” bölməsində olan “2020-ci il ərzində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən görülmüş işlər haqqında məlumat”da isə aqrar subsidiyaların verilməsi ilə bağlı həcmcə yarım səhifədən də az, kiçik bir informasiya yerləşdirilib.[9] Ancaq qanunvericiliyin tələblərinə müvafiq olaraq Agentlik subsidiya mexanizminin tətbiqinə dair apardığı monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq ildə bir dəfə mövcud vəziyyət barədə hesabat hazırlamalıdır.
Subsidiya alanların siyahısının açıqlanmasına gəlincə, Agentliyin saytında “Payızlıq əkin, 2021-ci il, hesabat” adı altında bir pdf faylda 2 qeyri-müəyyən siyahı yerləşdirib. Birinci siyahı-cədvəl “Şəxs növü”, “Rayon”, “Kənd”, “VÖEN/FİN” sütunlarından ibarətdir. Siyahıda heç bir ad və soyad yoxdur, birinci sütunda ad və soyad əvəzinə yalnız “fiziki şəxs” sözü yazılıb. Bu siyahının ardınca gələn növbəti siyahıda isə yalnız ad və soyadlar var. Siyahıların başlığıına izahedici heç nə yazılmadığından ad və soyadların nəyi ifadə etdiyi məlum deyil. Siyahı nömrələnməyib, ona görə də əkin subsidiyası alanların yekun sayı da bilinmir. Ən maraqlı məqam odur ki, siyahıda bir hüquqi şəxs belə yoxdur. Bəs, ölkədə fəaliyyət göstərən 43 aqropark və onlarla iri fermer təsərrüfatının hər il aldığı yüz minlərlə manat subsidiya məbləği hansı mənbədən ödənilir?
Digər növ subsidiya alanların (məhsul, heyvan, arı, toxum və sair) siyahısı isə, ümumiyyətlə sayta yerləşdirilməyib, onların kimliyi barədə məlumat yoxdur. Halbuki, büdcədən ayrılan subsidiya məbləğləri ictimai vəsait olduğu üçün onun xərclənməsi ilə bağlı məlumatlar qanunla[10] açıqlanamalı ictimai informasiya sayılır.
KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun subsidiyalarla bağlı məlumatların açıqlanması məsələsinə münasibəti, əslində bu dövlət qurumunun rəsmi mövqeyi kimi qiymətləndirilə bilər. SİS yaradıldıqdan sonra V. Hüseynov mətbuata açıqlamasında subsidiya alanlarla bağlı məlumatların açıqlanmamasını belə əsaslandırmışdı: "Biz həmin məlumatları ona görə sayta yerləşdirirdik ki, fermer bizim saytdan özünə aid olan məlumatı götürüb çap etdirsin və maliyyə idarəsinə təqdim etsin. İndi həmin o proses artıq Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə həyata keçirilir. Əmrlər DAİM-lərə göndərilir, DAİM-lər də fermerlərin əvəzinə həmin məlumatları Maliyyə idarələrinə təqdim edirlər. Bu səbəbdən də artıq həmin məlumatların saytda yerləşdirilməsinə ehtiyac qalmadı".
Qeyd edək ki, KTN-ə ünvanladığımız “2018-2020-ci illərdə Azərbaycan Respublikasında fermerlərə ayrılmış əkin, məhsul, toxum və heyvandarlıq üzrə subsidiyaların məbləği (illər üzrə göstərilməklə), subsidiya ayrılmış fermerlərin sayı (illər üzrə göstərilməklə), əkin subsidiyası ayrılmış əkin sahələri, ha ilə (illər üzrə göstərilməklə), subsidiya üçün müraciət etmiş və imtina verilmiş fermerlərin sayı və imtina səbəblərinin təsnifatı (illər üzrə göstərilməklə)” 11 yanvar 2021-ci il tarixli informasiya sorğumuza Nazirlik cavab verməkdən imtina edib.
Aqrar sektorun subsidiyalaşdırılması mexanizmi ilə bağlı digər neqativ məqam KTN-nin İqtisadiyyat Nazirliyi (İN) yanında Dövlət Vergi Xidmətinin (DVX) kənd təsərrüfatı istehsalçılarının qeydiyyatı (uçotu) barədə qanuni tələbinə məhəl qoymaması, buna hər vəchlə imkan verməməsi, nəticədə öz şəxsi maraqlarının reallaşması məqsədilə kənd təsərrüfatı sektorunun uçot və hesabatlılığını ümumi iqtisadi sistemdən təcrid etməsi, əlahiddə bir sahəyə çevirməsi ilə bağlıdır. Bu da hazırda fəaliyyət göstərən aqrar subsidiya sisteminin qeyri-şəffaf, inhisarçı və xərctutumlu olmasına şərait yaradıb. AKİA-nın subsidiya alanlarla bağlı açıqladığı yeganə siyahıdan da göründüyü kimi, SİS-də qeydiyyatdan keçənlərin heç birinin nə DVX-də VÖEN-i, nə də ailə kəndli təsərrüfatı kimi bələdiyyədə qeydiyyatı var. Sistemdə qeydiyyata düşən fermerlər şəxsiyyət vəsiqələrinin FİN-i ilə uçota durublar.
KTN sistem içərisində sistem yaradıb. Ona görə də dövlət büdcəsindən əlavə xərcləmələr lazım gəlib. Hazırda subsidiya alan hər bir fermerə “Fermer kartı” verilir. Həmin kartların oxunması üçün xüsusi POS terminallar tələb olunur. Çünki həmin kartlarda nağdlaşdırılması mümkün olmayan 75 faizlik vəsait heç bir bankomatda görünmür. Kartı bankomata daxil edəndə yalnız vəsaitin nağlaşdırılmasına icazə verilən 25 fazilik hissəsi görünür. Buna görə də KTN təchizatçıların hər bir mağazasını kartdakı 75 faizlik nağdlaşdırılması mümkün olmayan vəsaiti “oxuyan” xüsusi POS terminallarla təmin edib. Bu da əlavə büdcə vəsaiti deməkdir. Halbuki əgər fermerlər DVX-də uçota dursaydılar, sahibkar hesabı açmaq hüquqları yaranacaqdı və subsidiya məbləği onların bank hesablarına köçürüləcəkdi, bundan sonra istehsal vasitələrinin alınması ilə bağlı bütün əməliyyatlar nağdsız formada həyata keçiriləcəkdi, “25 faiz nağd -75 faiz nağdsız” kimi qeyri-şəffaf oyunlara ehtiyac qalmaycaqdı. Nətciədə vəsaitlərin xərclənməsinə nəzarət imkanları artacaqdı, prosesin şəffaflığı təmin olunacaqdı.
Ümumiyyətlə, subsidiyanın verilməsi zamanı tətbiq olunan “25 faiz nağd, 75 faiz köçürmə” sistemi absuddur, bu sxemin heç bir rəsmi əsaslandırması, təşviq və ya stimullaşdırıcı effekti yoxdur. Nağd hesablaşmaların qanunvericilik yolu ilə məhdudlaşdırıldığı, nağdlaşdırmanın qarşısının alınması üçün xüsusi sadələşdirilimiş verginin (1 faiz) nəzərdə tutulduğu bir vaxtda subsidiya vəsaitinin 25 faizinin nağdlaşdırılaraq xərclənməsinə icazə verilməsi qeyri-şəffaflığa və büdcə vəsaitinin mənimsənilməsinə imkan verən qanunazidd sxemlərin tətbiqinə münbit şərait yaradır.
Yeni elektron sistemlə bağlı digər bir neqativ məqam ondan ibarətdir ki, kənd təsərrüfatı istehsalçılarının istehsal vasitələri ilə təmin edilməsi tamamilə inhisara alınıb. Hazırda gübrə, pestisid, biohumus satışının idxalı və satışı bir qrup inhisarçının əllərində cəmləşib, bu sistemə təsadüfi şirkətlər buraxılmır. Hökmran mövqedə olan təchizatçı - KTN-nin tabeliyində olan, 17 avqust 2020-ci ilədək “Aqrolizinq” ASC adı altında fəaliyyət göstərən, həmin tarixdən adı “Aqroservis” ASC[11] kimi dəyişdirilən qurumdur. "Aqroservis" ASC-nin respublikada 3 təchizat bazası, 9 regional nümayəndəliyi və 36 rayon bölməsi fəaliyyət göstərir. KTN-nin tabeliyində olan “Aqroservis” ASC statusunun verdiyi bütün üstünlüklərdən faydalanmaqla fermerlərə dövlət büdcəsi vəsaiti hesabına güşətli şərtlərlə səyyar və stasionar gübrə satışını həyata keçirir. Digər təchizatçılar - “AzGübrə” (8 iqtisadi regionda 58 satış mağazası var), “Aqrar İnnovasiya və Təchizat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (2019-cu ilin sonunda məhz bu məqsədlə yaradılıb, respublikanın bütün bölgələrində satış nöqtələri var), “MKT İstehsalat Kommersiya” MMC və P-Aqro MMC (hər ikisi pambığın yetişdirilməsi, tədarükü və emalı sahəsində hökmran mövqeyə malikdir), ASPİ Agro (iri şərab istehsalçısıdır) da mineral gübrə və pestisidlərin idxalı və satışı sahəsində üstün hüquq tanınılan şirkətlərdir. Gübrə və pestisidlərin qiymətlərinin müqayisəsi göstərir ki, EKTİS-də qeydiyyatdan keçməyən, güzəştli şərtlərlə satış həyata keçirməyən mağazalarda bu məhsullar daha ucuz qiymətə təklif olunur. Əslində, bu faktın özü dolayısı ilə kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə təchizatı sisteminin inhisarçıların əlində olmasını təsdiq edir. EKTİS-də qeydiyyatda olan təchizatçılar tərəfindən təklif edilən istehsal vasitələrinin keyfiyyəti ilə bağlı narazılıqlar da var.
Mövcud subsdiya sisteminin doğurduğu digər məhdudiyyət torpaqları icarəyə götürən becərənlərlə bağlıdır. Yeni elektron sistemin tətbiqindən sonra icarəyə torpaq götürənlərin əksəriyyəti aqrar subsidiyalardan faydalana bilmirlər. İcarəyə götürülən torpaqlar dedikdə, dövlət və bələdiyyə torpaq fonduna daxil olan böyük torpaq sahələrini (xüsusilə, qışlaqlar, yataqlar, örüşlər və sair) çox aşağı icarə qiymətləri müqabilində ələ keçirən iri fermer təsərrüfatları və aqroparklar nəzərdə tutulmur. Söhbət ayrı-ayrı özəl təsərrüfat sahiblərindən torpağıl icarəyə götürüb əkən kiçik fermerlərdən gedir. Belə icarədarlar sərt sənədləşmə tələbi qarşısında icarə münasibətlərini rəsmiləşdirə bilmədiklərindən əkin subsidiyası üçün müraciət hüququndan məhrum olurlar. Həmin torpaqların sahibləri icarədarların əvəzinə faktiki əkini bəyan edərək subsidiya alırlar. Torpağı becərməyən torpaq sahiblərinin həmin subsidiya məbləğlərindən necə faydalanması da maraqlıdır. Qanunvericiliklə torpaq sahibləri aldıqları subsidiya məbləğini yalnız istehsal vasitələrinin əldə olunmasına xərcləyə bilərlər. Torpaqlarını becərmək üçün başqalarına (icarədarlara) verən torpaq sahibləri təchizatçılardan aldıqları gübrə və pestisidləri ya aşağı qiymətə digər mağazalara satır, ya da yerində sövdələşmə apararaq dəyərini ödədikləri məhsulun müqabilində müəyyən vəsait alırlar.
Məmurlara məxsus aqroparklar və iri fermer təsərrüfatları tərəfindən subsidiyaların mənimsənilməsi də qeydə alınan neqativ faktlardandır. Qeyd edək ki, 2014-cü ildən başlayaraq Azərbaycanda aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına başlanılıb. Aqroparklar örüş və əsasən məcburi köçkünlərin məskunlaşdığı əkin üçün yararsız, qışlaq və yataq (ferma) kimi istifadə olunan dövlət və bələdiyyə torpaqlarının və xırda kəndli fermer təsərrüfatlarının ələ keçirilməsi hesabına yaradılıb. Kütləvi qanun və insan hüquqları pozuntuları ilə müşayiət olunan bu prosesdə subsidiya adı altında külli-miqdarda dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsi həyata keçirilir. Belə torpaqların çoxu əkin üçün yararsızdır, ona görə də bu torpaqlarda əkilən istənilən kənd təsərrüfatı məhsulunun (pambıq, buğda, arpa və sair) məhsuldarlığı çox aşağıdır. Məmurlar həmin torpaqları çox aşağı illik icarə haqqı müqabilində ələ keçirməklə, böyük subsidiya məbləğlərini mənimsəyirlər. Əkilən dənli və ya texniki bitkidən asılı olaraq hər hekatara görə 180 (240) manat (buğda əkini sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə birinci, çox olan hissəsinə görə ikinci məbləğ), 200 manat (qarğıdalı), 260 manat (pambıq), 280 manat (soya), 320 manat (çəltik) və sair məbləğlərdə əkin subsidiyası ödənilir. Nəzərə alsaq ki, aqroparkların və iri fermer təsərrüfatlarının əraziləri min hektarlarla ölçülür, bu da milyonlarla vəsait deməkdir. Əkinə görə subsdiyanın verilməsi məhsuldarlıqla əlaqələndirilmədiyindən belə xərcləmələrin səmərəliliyinin qiymətləndiririlməsi aparılmır. Çox təəssüf ki, KTN və AKİA belə iri təsərrüfatlara verilən subsidiya məbləğlərini rəsmi saytlarında açıqlamır və bu mövzuda verilən informasiya sorğularını cavablandırmırlar. Qeyri-məhsuldar, əkinə yararlı olmayan torpaqların ələ keçirilərək təyinatının dəyişidirilməsi büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinin, bir qrup məmur tərəfindən mənimsənilməsinin bariz nümunəsidir.
Sonda onu da qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində yeni subsidiya mexanizminin tətbiqinə müvafiq olaraq fermerlərə kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən əkin, tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən məhsul, sertifikatlı 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin satışına görə verilən toxum, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma yolu ilə alınan hər bir sağlam buzova görə verilən heyvan, hər arı ailəsinə (pətəyə) görə verilən arı, ölkədə istehsal edilib tədarükçülərə təhvil verilən yaş baramanın hər kiloqramına görə verilən barama subsidiyalarının, habelə lizinqə verilən vəlizinq yolu ilə satılan texnikalara, suvarma sistemləri dəstinə və damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi məqsədilə 475,7 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 65,0 milyon manat və ya 15,8 faiz çoxdur.
Bu da o deməkdir ki, 2021-ci ildə də istehsalçıların, istehsal olunan məhsulların, xərclərin və gəlirlərin dürüst uçotu qurulmayan aqrar sektorda çoxillik ənənənəyə sadiqlik nümayiş etdirilərək heç bir səmərəlilik qiymətləndirilməsi aparılmadan büdcə vəsaitlərinin səmərəsiz istifadəsi davam edəcək.
Qubad İbadoğlu
[1] https://president.az/articles/49933
[2] Cədvəl AKİA-nın rəsmi məlumarları əsasında tərtib olunub. Cədvəldə 2021-ci ilin yanvar ayı ərzində pambıq, şəkər çuğunduru, tütün məhsulları və eləcə də süni mayalanma üzrə edilən ödənişlər nəzərə alınmayıb.
[3] Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 10.13-1-ci maddəsi.
[4] Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 3.0.11-ci maddəsi.
[5] “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Prezident Fərmanı, maddə 3.4
[6] "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”, maddə 5.7
[7] Yenə orada, maddə 6.3
[8] https://agro.gov.az/az/nazirlik/hesabatlar
[9] http://akia.gov.az/az/single/104
[10] “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu
[11] “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Rəy yaz