фото ТАСС

фото ТАСС

Dövlət Gömrük Komitəsinin (DGK) təqdim etdiyi məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri ötən ilin eyni dövrünə nisbətən 4,9% çox olmuşdur. Belə ki, 2020-ci ilin ilk iki ayında ölkəyə 227 milyon 267 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 10 milyon 673 dollar çoxdur. Bu ilin yanvar-fevral aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 14,3% təşkil edib. Xatırladım ki, keçən ilin eyni dövründə bu göstərici 12,1% olmuşdur.

Bu ilin yanvar-fefral aylarında əvvəlki illərin göstəricilərindən fərqli olaraq bir sıra yeyinti məhsullarının idxal dəyərində ciddi artım olduğunu görürük. Misal üçün, 2019-cu ilin ilk iki ayı ilə müqayisədə 2021-ci ilin eyni dövründə ölkəyə idxal edilən 1 ton südün idxal dəyəri 18,75%, bitki yağlarının idxal dəyəri 66,9%, buğdanın idxal dəyəri 14,4%, meyvə-tərəvəzin idxal dəyəri 3,4% artmışdır. Qeyd etməliyəm ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2020-ci ilin dekabr ayına nisbətən bu ilin yanvar ayında ərzaq mallarının qiymətləribdə 4,3% artım olduğunu qeyd etmişdir. FAO-nun məlumatına görə dünyada bitki yağlrının, süd məhsullarının, o cümlədən kərə yağının qiymətləri artmışdır. İstehsalın azalması və artan tələb şəkərin qiymətinin 6,4% artımına səbəb olmuşdur. Fevral ayında taxıl məhsulları yanvar ayına nisbətən orta hesabla 1,2 faiz yüksəlmişdir. Ətin qiyməti isə 0,6% artıb.

Azərbaycanda 2021-ci ilin yanvar-fevral aylarında 2020-ci ilin eyni dövrü ilə müqayisədə ət, kərə yağı, çay və buğda idxalında azalma baş vermişdir (Cədvəl 1). Lakin yuxarıda qeyd edildiyi kimi ümumi yeyinti məhsullarının idxalı 4,9 faiz artmışdır. Meyvə tərəvəz idxalında fiziki çəkidə artım 12,8%, dəyər ifadəsində 24,7%, düyü idxalı fiziki çəkidə 22,8%, dəyər ifadəsində 39,1%, bitki və heyvan mənşəli yağların idxalı dəyər ifadəsində 3,7%, süd idxalı dəyər ifadəsində 0,2% artmışdır.

Cədvəl 1. 2020-ci və 2021-ci ilin yanvar-fevral ayları üzrə yeyinti məhsullarının idxalı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

 20202020202120212019/20202019/2020
 MiqdarıDəyəriMiqdarıDəyəriMiqdarda fərq %-ləDəyərdə fərq %-lə
Ət, ton7 88614 1476 04410 191-23,3-28
Süd, ton1 2381 8421 2141 847-1,9+0,3
Kərə yağı2 18210 8021 9379 483-11,2-12,2
Meyvə-tərəvəz73 14138 66682 51044 250+ 12,8+24,7
Çay, ton2 3298 9301 9207 283-17,5-18,4
Buğda, ton98 15321 54322 2905 650-98,1-3,8 dəfə
Bitki, heyvan yağı28 06725 64920 199
  • 607
-28,0+3,7
Düyü7 8594 7859 6576 658+22,8+39,1

Qeyd etməliyəm ki, bu ilin iki ayı ərzində buğda idxalında ciddi azalma müşahidə olunur. Baxmayaraq ki, 2020-ci ildə buğda istehsalı kəskin şəkildə (311 min ton) azalmışdır. Görünür yaxın aylarda buğda idxalında da artım baş verəcək. Onu da qeyd etməliyəm ki, bu ilin fevral ayı ərzində ölkəyə idxal edilən arpa və qarğıdalının həcmi artdığı üçün Dövlət Gömrük Komitəsi həmin məhsulları “idxalda əsas mallar” qrupuna salmışdır. Belə ki, DGK-nin təqdim etdiyi məlumata görə, bu ilin fevral ayında ölkəyə 1 milyon 843 min dollar dəyərində 9 min 211 ton arpa, 3 milyon 173 min dollar dəyərində 10 min 762 ton qarğıdalı idxal edilmişdir.

Bu ilin ilk iki ayında ölkənin qeyri-neft sektorunda əsas ixrac məhsulu olan meyvə-tərəvəzin ixracı fiziki çəkidə 5,9 faiz artsa da, dəyər ifadəsinda 6,7 faiz azalmışdır (Cədvəl 2). Belə ki, yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 774 ton daha çox meyvə-tərəvəz ixrac edildiyi halda, eyni adda məhsulun idxalından əldə edilən gəlir 5 milyon dollardan çox azalmışdır. Bu müddət ərzində alma ixracında azalma 2,1 dəfə fiziki çəkidə, 2,3 dəfə isə dəyər ifadəsində, pomidor ixracı 28,5% fiziki çəkidə, 42,4 faiz isə dəyər ifadəsində, meşə fındığı ixracı 17,2% fiziki çəkidə, 14,6% dəyər ifadəsində azalmışdır. Xurma ixracında fiziki çəkidə 2 dəfə artım baş versə də, yuxarıda qeyd edildiyi kimi ümumi meyvə-tərəvəz ixracından əldə edilən gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 5 milyon dollardan çox azalmışdır. Bu ilin yanvar-fevral aylarında çay ixracı fiziki çəkidə 12,7%, dəyər ifadəsində isə 4,4 faiz azalmışdır.

Cədvəl 2. 2020-ci və 2021-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı məhsullarının ixracı (miqdarı ton, dəyəri min dollar). Mənbə: Dövlət Gömrük Komitəsi

 20202020202120212019/20202019/2020
 MiqdarıDəyəriMiqdarıDəyəriMiqdarda fərq %-ləDəyərdə fərq %-lə
Meyvə-tərəvəz62 96675 55666 74070 493+5,9-6,7
ondan:      
 tomat19 11224 71513 66414 236-28,5-42,4
meşə fındığı3 73422 576      3 09119 265-17,2-14,6
alma15 4386 617      7 2812 880-2,1 dəfə-2,3 dəfə
xurma17 90914 10937 11127 866+2,0 dəfə+97,5
Çay        204      1 413         1781 350-12,7-4,4
Bitki, heyvan yağı4 242     3 838      3 211  3 904-24,3           +1,7

2021-ci ilin yanvar-fevral aylarında 2020-ci ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində süd məhsulları; quş yumurtası; təbii bal və sair heyvan mənşəli ərzaq məhsulları idxalı 6,9%, tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 26,7%, yeməli meyvələr və qoz-fındıq 6,5%, heyvan və ya bitki mənşəli piylər və yağlar 3,7%, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar 17,4%, müxtəlif ərzaq məhsulları 44,2%, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxalı 2,2 dəfə, düyü idxalı 39,1% artmışdır (Cədvəl 3)..

Cədvəl 3. 2020-2021-ci illərin yanvar-fevral aylarında mal qrupları üzrə idxal (min ABŞ dolları). Mənbə: DGK

Mal qrupunun adı 2020  2021  Fərq %-lə
 Süd məhsulları, yumurta, bal, və sair19 50820 855+6,9
Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları15 15319 211+26,7
Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və sair23 51225 039+6,5
Heyvan və bitki mənşəli piylər və yağlar, hazır yeyinti piyləri və sair25 64926 607+3,7
Taxıldan, undan, nişastadan və süddən alınan hazır məhsullar və sair14 69317 260+17,4
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları9 49821 167+2,2 dəfə
Müxtəlif ərzaq məhsulları12 83318 515+44,2

Beləliklə, yeyinti məhsullarının idxalı üçün xərclər artdığı halda, təəssüflər olsun ki, ixrac olunan məhsullardan əldə edilən gəlirlər azalmaqda davam edir. Belə ki, 2021-ci ilin ilk iki ayında meyvə-tərəvəz ixracı 6,7%, o cümlədən meşə fındığı ixracı 14,6%, pomidor ixracı 42%, alma ixracı isə 2,3 dəfə azalmışdır. Bununla yanaşı bu ilin yanvar-fevral aylarında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəzin idxal dəyəri 1,4%, buğdanın idxal dəyəri 15,4%, düyünün idxal dəyəri 13,2%, bitki və heyvan mənşəli yağların idxal dəyəri 44,1%, südün idxal dəyəri 2,2 faiz artmışdır. Yəni idxalla məşğul olan sahibkarlər əvvəlki illərdən fəqli olaraq adı sadalanan məhsulların hər bir tonunun idxalı üçün daha cox valyuta xərcləməli olmuşlar. Ölkəyə idxal edilən ərzaq mallarının və kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımı öz növbəsində bazarlarda qiymətlərin qalxmasına səbəb olmuşdur. Ümumiyyətlə bu ilin fevral ayından başlayaraq əsas ərzaq mallarının qiymətlərində ciddi artım olduğu müşahidə edilir. Dövlət Statistika Komitəsi cari ilin fevral ayında əvvəlki aya nisbətən bir sıra ərzaq mallarının və kənd təsərrüfatı məhsullarınının qiymətlərində artım olduğunu qeyd edib. Komitə bir neçə gün əvvəl açıqlamasında bildirib ki, un, manna və qarabaşaq yarması, makaron məmulatları, peçenye, vafli, toyuq əti, təzə və dondurulmuş balıq, süd, yoqurt, xama, kəsmik, pendir, yumurta, kərə və bitki yağları, limon, portağal, naringi, banan, alma, armud, heyva, nar, xurma, fındıq, şabalıd, kələm, xiyar, pomidor, balqabaq, bibər, badımcan, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, şokolad məmulatları, çay, kola içkisi, meyvə şirəsi və arağın qiymətində artım baş verib. Əlbəttə ki, qiymət artımına dizel yanacağının qiymətinin 33%, benzinin qiymətinin 11% artımı da öz təsirini göstərib. Çünki ərzaq və kənd təsərrüfatı məhsullarının daşınma xərci artıb. Belə ki, ərzaq malları və kənd təsərrüfatı məhsullarının anbarlara və anbarlardan marketlərə daşınması yük maşınları ilə həyata keçirilir ki, həmin nəqliyyat vasitələrinin mühərikləri də dizel yanacağı və benzinlə işləyir. Daşınma xərcləri öz növbəsində malın, məhsulun xərcini artırır. Ticarətlə məşğul olan sahibkarlar isə artan xərclərini satışa çıxardıqları malın, məhsulun qiymətlərini artırmaqla kompensasiya edirlər.

Təəssüflə qeyd etməliyəm ki, pandemiya ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək əksər ölkələr ixrac məhsullarının qiymətlərini kəskin şəkildə qaldırıblar. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumatda da bildirilir ki, dünyada bitki yağlrının, ətin, süd məhsullarının, o cümlədən kərə yağının, şəkərin, taxıl məhsullarının qiymətləri artmışdır. Vəziyyətin belə hal ala biləcəyi ilə bağlı hələ keçən ilin əvvəllərində Azərbaycan hökumətini xəbərdar etmişdik. ASTNA.biz saytında “Pandemiya aqrar siyasətə yenidən baxılmasını tələb edir” başlığı altında gedən yazıda qeyd etmişdik ki, pandemiya ilə bağlı yaranmış vəziyyət bir sıra ölkələri xarici ticarət əlaqələrinə öz maraqlarına uyğun olaraq yenidən baxılmasını zəruri edəcək. Bu mənada Azərbaycan hökuməti aqrar siyasətə yenidən baxmalıdır. Hökumətin qarşısında duran ən əsas vəzifə əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına olan təlabatının daxili istehsal hesabına maksimum ödənilməsi olmalıdır. Azərbaycanda əhalinin ərzaq təminatının daxili istehsal hesabına tam ödənilməsini həyata keçirmək üçün bütün resurslar mövcuddur.

 

Vahid Məhərrəmov

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti