dailysabah.com
18,5 ildən bəri təkbaşına iqtidarda olan bir partiyanın VII qurultayının semantikası “təzə başlayırıq, 19 ildə hazırlıqlarımızı başa çatdıra bildik, biz hələ təzə-təzə başlayırıq”- ola bilərmi?
Nəinki yaradılma prosesini, islamçı siyasətin ondan əvvəlki 8-9 ilini də çox yaxından izlədiyimi hesaba qatsam, bu siyasi partiyanın martın 24-dəki VII qurultayının məzmun və mənasının “hər şey təzə-təzə başlayır” olduğunu (söz AKP-nin media və təbliğata cavabdeh idarəçisinə aiddir) öyrənəndə düz 22 il əvvələ xəyalən ekskurs etdim: seçkiyə 1 ay qalmasına baxmayaraq, İstanbulun bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılan Rəcəp Tayyip Ərdoğanın son mətbuat konfransını izləyən kütlənin arasında mən də var idim və cənab Ərdoğanın “bu mahnı burada bitməyəcək” sözlərilə təkcə islamçı yox, mərkəz sağdan mərkəz sola qədər cəmiyyətin müxtəlif təbəqələrində məhz o qətiyyətli sözlərlə coşqu yaradaraq həbsxanaya getməsinə şahid olmuşdum.
Ondan sonrakı 2,5 il isə siyasi baxımdan yasaqlı olmasına baxmayaraq, Ədalət və İnkişaf Partiyasını yaratması və iştirak etdiyi ilk seçkidə təkbaşına iqtidara gətirməsi prosesi olmuşdu; yenə yaxından izləmişdim, bu gün də izləməyə davam edirəm. Ona görə Mahir Ünalın “hələ hər şey təzə-təzə başlayır” sözünün məna və fıkhını –təvazökarlıqdan uzaq olsa da - başa düşməkdə çətinlik çəkmədim: bəli, 3 ay əvvəl Ədalət və İnkişaf Partiyasının sədri və prezident Ərdoğan qatı islamçı siyasətin duayen şəxsi Oğuzhan Asiltürkün evinə gedəndə Ədalət və İnkişaf Partiyasının indiyə qədər iştirak edərək qələbə qazandığı (31 mart 2019-cu ildə metropol bələdiyyələrinin müxalif partiyalara keçməsini nəzərə almasaq) bütün digər seçkilərdən fərqli olaraq erkən və ya vaxtında keçiriləcək budəfəki seçkinin təbliğat dönəminin böyük ölçüdə ideoloji simvollar üzərində qurulacağını yazmışdım.
VII qurultaydan əvvəl cərəyan edən proseslər bunu təsdiqləyirdi: belə ki, keçən ilin yayında məscid statusu verilən Ayasofya ibadətxanası payızdan etibarən “islamçı rejim və xilafət” təbliğatlarının ideoloji mərkəzinə çevrildi, iqtidar partiyasının yüksək səviyyələrdəki idarəçilərinin xəbərdarlıqlarına baxmayaraq, məscidin mollasını cilovlamaq mümkün olmadığı kimi iqtidara çox yaxınlığı heç kimə sirr olmayan radikal dinçi bir qəzet “Xilafətin elanının parlamentin 15 dəqiqəlik” işi olmasını” manşetdə verməyi ən adi şey hesab edir, Türkiyənin birinci sırada imzaladığı İstanbul konvensiyası dövlət başçısının qərarıyla ləğv edilərkən təriqətlər təşəkkür növbəsinə dururlar və s. İndiyə qədərki bütün seçkilərdə olduğunun əksinə iqtisadi vəziyyət sanki iqtidar partiyasını çox az maraqlandırır, Mərkəzi Bankın 4,5 aydan bəri vəzifədə olan prezidentinin işdən uzaqlaşdırılmasının dövlətin pul siyasəti üzərində yarada biləcəyi neqativ təsiri əvvəlcədən proqnozlaşdırmaq sanki heç kimin ağlına gəlmir.
Müxtəlif sahələrdən əlavə ediləcək faktların sayının-hesabının olmadığı bir ortamda iqtidar partiyasının media və təbliğata cavabdeh idarəçisinin mövcud vəziyyəti “təzə-təzə hazırlaşırıq” sözlərilə xarakterizə etməsini bir çoxları qəribçiliyə salsa da bu sözlər məni əsla təəccübləndirmir və hörmətli Ünalın sözlərini həm səmimi həm də haqlı görürəm. Zira bu sözləri Ədalət və İnkişaf Partiyasının 2023-cü il üçün müəyyənləşdirdiyi hədəfin ön hazırlıqlarının ifadəsi kimi anlamasanız, hər kəsə anlaşılmaz və təəccüblü gələcək.
Gəlinən nöqtədə 18,5 ildən bəri təkbaşına iqtdarda olan partiyanın idarəçiləri bu şəkildə danışmalıdırlar, bunun alternativi olmayıb 2 səbəbi var:1) iqtidar partiyası 2023-cü ildə həqiqətən rejimi dəyişdirməyi qarşısına məqsəd qoymuşdu və bu hədəfini ilk dəfə bu qədər açıq şəkildə bəyan edir;2)iqtisadiyyatın əl-ayağını bir yerə toplamağın çox çətin olduğunu qəbul edən iqtidar öz tərəfdarlarını ideoloji təməldə konsolidə etmək üçün “təzə-təzə başlayırıq” parolunu heç bir qəbahət görmədən aktiv şəkildə tədavülə daxil edir.
İqtidar partiyasının VII qurultayında seçilən Mərkəzi İdarə Şurası üzvlərinin siyahısına baxanda da bunu görmək üçün münəccim köməyinə ehtiyac qalmır. VII qurultay ərəfəsindəki vəziyyət bundan ibarət idisə və qurultaydan çıxan nəticələr də bu tezisi təsdiqlədisə, onda iqtidar partiyasının müəyyənləşdirdiyi hədəfin nə dərəcədə realist olduğuna baxmaq və onun reallaşma imkanlarını analiz etmək lazımdır.
Siyasət nəzəriyyəsinin ən bəsit müddəasının “müəyyənləşdirilən hədəflər üçün addımların tam vaxtında atılması” olduğunu unutmadan 18,5 illik iqtidar partiyasının hədəflərini reallaşdırma imkanlarını analiz edərkən bu cəhdin təxminən 10 il gecikdiyini görürük.
15 avqust 2001-ci ildə yaradılıb 3 noyabr 2002-ci ildə təkbaşına iqtdara gələn Ədalət və İnkişaf Partiyası öz gücünün zirvəsinə 22 iyun 2011-ci ildə keçirilən seçkidə çıxaraq iqtidarını üçüncü dəfə möhkəmləndirəndən sonra, o vaxtlar da yazdığım kimi, qarşısına qoyduğu hədəfləri reallaşdırmaqda gecikməməliydi. Çünki o seçkidən sonra Ədalət və İnkişaf Partiyasının yaradılış fəlsəfəsindən uzaqlaşmalar başladığı kimi, iqtidarı bölüşmək üçün təzyiq göstərməyə başlayan FETÖ ilə hesablaşmaya 5 il vaxt sərf edildi və hesablaşma hələ də davam edir.
2011-ci il seçkisindən sonra hökumətin iqtisadi siyasətini böyük ölçüdə tikinti firmaları müəyyənləşdirərək bu gün gəlinən nöqtədə “aşağı səviyyəli faiz” xaosunu cənab Ərdoğana diqtə edən də onlardır. Türkiyənin dövlət başçısı bu gün məhz o firmalara müqavimət göstərməkdə çətinlik çəkdiyinə (və ya bir vaxtlar o firmaları təşviq etdiyinə görə-fərqi yoxdur) bəşəri iqtisadi nəzəriyyələrə tərs olan “aşağı faiz-aşağı inflyasiya” formulu naminə Mərkəzi Bankın 3 prezdentini işdən çıxarıb dördüncüsünü gətirməkdə əsla tərəddüd etmir. Çünki hökumətin də dəstəyi sayəsində o firmalar iqtisadiyyatı tamamilə qıfıllayaraq “mənzillərin və ofislərin satılması üçün kredit faizlərinin aşağı səviyyədə olmasından” başqa variant qəbul etmirlər. İqtisadiyyatı açıq şəkildə uçuruma doğru aparan bu durum qarşısında 2023-cü ildə rejimin taleyi və xəlifəlik hədəflərinin həyata keçirilməsi realist təməldən məhrum qalır.
Hədəflərə doğru dini-ideoloji təməl üzərində irəliləmək isə bir neçə baxımdan riskli olacaq ki, bunun da başında yenə “toplumun mədəsi” məsələsi gələcək. Mahir Ünalın “təzə-təzə başlayırıq” postulatını irrasional kimi qəbul edərkən bu iki faktora bənzər bir çox amili hesaba qataraq Ədalət və İnkişaf Partiyasının öz nəhayətdəki hədəflərini gerçəkləşdirmək üçün gecikdiyini çəkinmədən deyə bilərik. Ən obyektivindən ən subyektivinə- ictimai rəy sorğu şirkətləri anketlərinin hamısı partiyanın reytinqinin daim aşağı düşdüyünü göstərirsə, artıq seçki üçün 2023-ə səbrin çatıb-çatmayacağı barədə danışmaq başqa bir düzgün iş olacaq.
Siyasi partiyalar demokratiyanın sərbəst bazar iqtisadiyyatı zəminində formalaşan üstqurumu olduğu kimi, onların zirvəyə çıxması da zirvədən enməsi də, hətta yox olub getməsi də demokratiyanın işləməsinin ən mühüm amili və göstəricisidir. Buna görə 18,5 illik iqtidar partiyasının reytinqinin aşağı düşməsini də demokratiyanın tələbi və dinamik şəkildə işləməsinin sübutu kimi dəyərləndirmək lazımdır. Bunu Türkiyənin hazırkı ən güclü və təcrübəli siyasət adamı olan Ədalət və İnkişaf Partiyasının sədri və prezident Ərdoğanın da bu şəkildə dəyərləndirdiyinə inanmamaq mümkün deyil.
Tərəfdarları ideoloji təməldə konsolidə etmə cəhdi onun son həmləsi də ola bilər və 1994-cü il ruhunu yenidən geri gətirib-gəlmək üçün etdiyi həmlə də o ideoloji təşəbbüsün bir parçasıdır. Baş tutsa, dünya demokratiya tarixinin möcüzələrindən biri baş verəcək. Baş tutmasa da qəm yemək lazım gəlməyəcək. Çünki cənab Ərdoğan öz adını Türkiyə Cümhuriyyətinin siyasət tarixinə Adnan Menderesdən də, Süleyman Dəmirəldən də, Turqut Özaldan da daha güclü şəkildə yazdırmağa çoxdan müvəffəq olub.
Onların heç birinin partiyası isə çoxdan mövcud deyil.
Mövcud olan təkcə Azərbaycanın Yeni Azərbaycan Partiyasıdır.
İftixar edir, “dünya durduqca Azərbaycanın başından əskik olmasın” deyirəm.
“Amin!” deyən dillər lal olmasın” (Cəlil Məmmədquluzadə: “Dəli yığıncağı”)
Mayis Əlizadə
Rəy yaz