İsveçrə və Azərbaycan 2019-cu ildə inkişaf üzrə əməkdaşlığın 20-ci ildönümünü qeyd edir

Bu il 20 ildir ki, İsveçrənin İnkişaf üzrə Əməkdaşlığı Azərbaycana fəal şəkildə cəlb olunub. Bu 20 il ərzində tərəfdaşlıq və əməkdaşlıq bizim ölkələrimizi daha da yaxın edib. Bu gün ölkələrimiz arasında çox gözəl siyasi və iqtisadi əməkdaşlıq mövcuddur.

Bu əməkdaşlığın başlanğıcında, 1999-cu ildə, İsveçrə qaçqın və məcburi köçkünlərə kömək məqsədi ilə Azərbaycanı humanitar yardımla dəstəkləmişdi. Həmin illərində qaçqın və məcburi köçkünlərin hələ də ciddi yardıma ehtiyacı vardı ki, bu yardım da Azərbaycan hökuməti və İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyi də daxil olmaqla müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə təmin olunurdu.

Azərbaycanda iqtisadi vəziyyət, eləcə də qaçqın və məcburi köçkünlərin vəziyyəti yaxşılaşdıqca sonrakı illərdə İsveçrə göztərdiyi dəstəyin hədəflərini dəyişdi. Bundan sonra İsveçrənin Azərbaycanda həyata keçirdiyi yardımlar dəyər zəncirləri və infrastrukturun inkişafına, daha dəqiq desək, humanitar yardımdan uzunmüddətli inkişaf ehtiyaclarına yönəldi. İsveçrənin maliyyələşdirdiyi layihələr, məsələn, İsmayıllı və Qəbələdə turizmin inkişafına, və yaxud Naxçıvan Muxtar Respublikasının ərazisi boyunca su infrastrukturunun bərpasına öz töhfəsini verdi. Daha sonra, İsveçrənin maliyyə dəstəyi ilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Beyləqan da daxil olmaqla, Azərbaycanın mərkəzində kənd yerlərinin inkişafı layihələri həyata keçirildi.

Azərbaycan iqtisadiyyatı daha da inkişaf etdikcə, İsveçrə, əsasən, özəl sektorun çərçivə şərtlərini daha da yaxşılaşdırmaq və makro-iqtisadi sahələrə və maliyyə sektoruna texniki dəstək verməklə öz dəstəyini daha çox texniki aspektlərə yönəltdi. Bu həm də o vaxt idi ki, İsveçrənin iqtisadi əməkdaşlıq agentliyi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO), 2004-cü ildə Azərbaycanda öz ofisini açmaqla özünün bu ölkədə fiziki mövcudluğuna başladı.

İsveçrənin Azərbaycanla artan əməkdaşlığı və ölkəyə dəstəyi bu tərəfdaşlığın hüquqi baza üzərinə qoyulmasını şərtləndirirdi və beləliklə, 23 fevral 2006-cı ildə iki hökumət arasında Texniki, Maliyyə və Humanitar Əməkdaşlıq üzrə Saziş imzalandı. Bu saziş bu günədək qüvvədədir.

Bugünkü yüksək texniki iqtisadi əməkdaşlıq etibarlı tərəfdaşlıq və qarşılıqlı inamla xarakterizə olunur. Texniki dəstək ictimai maliyyə idarəçiliyi, hökumət statistikasından tutmuş makro-iqtisadi modelləşdirməyə qədər mürəkkəb makro-iqtisadi islahatlara yönəlib. İsveçrə həm də uzun müddətdir ki, Azərbaycanda maliyyə sektorunun inkişafını dəstəkləyir. Bu dəstək, əsasən, lizinq, Özəl Kredit Bürosu, daşınar əmlakın yüklülüyünün tətbiqi və ən son olaraq, mobil pul həllərini nəzərdə tutan maliyyə infrastrukturu məsələlərini əhatə edir. Bütün bunlar yerli hakimiyyətlə sıx dialoq vasitəsilə həyata keçirilir və İsveçrə Azərbaycanı özünün iqtisadiyyatını şaxələndirmək və islahatlar aparmaq məqsədinə çatmaq üçün ciddi şəkildə dəstəkləyir.

İsveçrənin Azərbaycana dəstəyi rəqəmlərdə

Son 20 ildə İsveçrə hökuməti Azərbaycana 91 milyon isveçrə frankı məbləğində yardım ayırmışdır ki, bu da 154 milyon AZN-ə bərabərdir. Yardımın böyük hissəsi SECO (61 milyon isveçrə frankı) və SDC (29 milyon isveçrə frankı) tərəfindən verilmiş, İsveçrədən Azərbaycana ayrılan digər yardımlar təxminən 1.4 milyon isveçrə frankı təşkil edir. Qeyd etmək lazımdır ki, İsveçrə Milli Bankı da Azərbaycanın Mərkəzi Bankına texniki dəstək verir. Bundan başqa, İsveçrənin Böyüyən Bazarlar üzrə İnvestisiya Fondunun Azərbaycana qoyduğu investisiyalar 16 milyon isveçrə frankı təşkil edir.

Bizim icraçı tərəfdaşlar

İlk illər İsveçrə humanitar yardımı, əsasən, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə çatdırırdı. 2015-ci ilədək inkişaf layihələrinin əksəriyyəti beynəlxalq QHT-lər vasitəsilə həyata keçirilib. SECO-nun texniki yardımı, adətən, Dünya Bankı Qrupu (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Beynəlxalq Valyuta Fondu kimi qlobal təsisatlar, regional inkişaf bankları, Cenevrə Məzun Universiteti kimi geniş şəbəkəli universitetlərin təcrübələrindən faydalanır. Əlavə olaraq, SECO öz yardımlarını həmçinin yüksək ixtisaslı məsləhətçilər, və yaxud yerli universitetlərlə (məsələn, Xəzər Universiteti) əməkdaşlıq vasitəsilə də həyata keçirir. İsveçrənin beynəlxalq əməkdaşlıq missiyası kiçik layihələr vasitəsilə dəstəklədiyi sivil cəmiyyət və yerli mədəniyyət və incəsənət nümayəndələri ilə də yaxın əlaqələr saxlayır.

Digər faktlar - bilirdinizmi?

Azərbaycanla İsveçrə arasında sıx əlaqələrin izahı nədir? 1992-ci ildə Qırğızıstan, Polşa, Serbiya, Tacikistan və Türkmənistanla birlikdə hər iki ölkə iki Bretton Woods İnstitutuna - Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna qoşuldu. Bu ölkələr həmin institutlarda İsveçrənin rəhbərlik edəcəyi yeni bir səsvermə qrupu yaratmağa razılaşdılar. Bu günədək siz Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda bizim ofislərimizi görə bilərsiniz. İsveçrə bu beynəlxalq maliyyə təşkilatlarında Azərbaycanın və digər qrup üzvlərinin (bura 2010-cu ildə daxil olmuş Qazaxstan da daxildir) maraqlarını qorumaqda davam edir.

İsveçrə Əməkdaşlıq Təşkilatı (İƏT) Cənubi Qafqazda fəaliyyətinə 1999-cu ildə başlayıb və Tbilisidəki ofisindən Cənubi Qafqaz respublikalarının üçünü də əhatə edirdi. Bu gün hər üç ölkədə regional ofis Tbilisidə olmaq şərtilə İsveçrə Əməkdaşlıq Ofisləri var. Cənubi Qafqazda İsveçrənin beynəlxalq əməkdaşlığı regional strategiya ilə nizamlanır və layihələrin çoxu mübadilə və qarşılıqlı öyrənməyə kömək etməklə iki ya üç ölkənin hər birində həyata keçirilir.

İsveçrənin Azərbaycandakı əməkdaşlıq fəaliyyətləri İçəri Şəhərdə yerləşən İsveçrə Səfirliyinin bir hissəsi olan Bakıdakı İsveçrə Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən reallaşdırılır. 2007-ci ilin axırlarında açılmış və İsveçrəni Azərbaycanda və Türkmənistanda təmsil edən Bakıdakı Səfirlik konsulluq məsələləri də daxil olmaqla bütün diplomatik xidmətləri göstərir. -0-

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti