yenicag.info

yenicag.info

Rusiya dərin dövləti Suriyada oynadığı oyunu Liviyada oynamağa başladı. Oyunun mahiyyəti bundan ibarətdir ki,birini axıra qədər dəstəkləmə. Müəyyən mərhələyə qədər güclənəndən sonra ipini çək,dəstəyi məhdudlaşdır  ki, səndən daha asılı vəziyyətə düşsün.

Diktator Bəşər Əsədin BMT Təhlükəsizlik Şurası vasitəsiylə dəvətindən sonra Suriyaya gedib ölkə torpaqlarını       radikal terrorçulardan təmizlədikcə Şamın öz qamətini tamamilə düzəltməsinə də imkan vermədi.

Kreml indi eyni oyunu Liviyada feldmarşal Xəlifə Haftara qarşı oynayır. 2016-cı ilin əvvəlindən bəri qeydsiz-şərtsiz dəstək verdiyi feldmarşal Xəlifə Haftar Liviya torpaqlarının hamısını öz nəzarəti altına almaqda idi. Hətta Moskvadakı Liviya müzakirələrini saymazyana şəkildə tərk edəndə hamıya elə gəlmişdi ki, bu gün-sabah Tripoliyə daxil olur. Ancaq BMT-nin tanıdğı rəsmi Fayez  əs-Saraj ordusu feldmarşal Haftarın əsgərlərini iki mühüm strateji nöqtədən uzaqlaşdırınca Kreml bu dəfə Haftara “atəşkəs” təklif etdi. Muzdlu əsgərlərdən ibarət “Wagner” qrupunun isə ölkəni tamamilə tərk etməsindən söhbət gedir.

Türkiyə oradakı tarazlığın öz sayəsində dəyişdiyini  milli müdafiə naziri Hulusi Akarın dilindən elan etdi. İqtidarı qeydsiz-şərtsiz dəstəkləyən media sə tarazlığın rəsm Tripoli lehinə dəyişməsində prezident Erdoğanın qudasının sahibi olduğu İnsansız  Hava Aparatlarının istehsal etdiyi dronların böyük rolu olduğunu vurğulayır (dron şirkətinin sahibi  müxalifət lideri Kılıçdaroğlunun övladları olsaydı, təbii ki, tərəfdar media üçün bunun əhəmiyyəti olmayacaqdı).

 Digər tərəfdən,Katarın puluyla Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun təxminən 5 min döyüşçüsünün bu ilin əvvəlində rəsmi Tripoli hökumətinə köməyə göndərildiyi də məlum idi. Elə isə tarazlığı rəsmi Tripolinin xeyrinə kim dəyişdirdi? Tarazlığın dəyişməsində Türkiyənin rəsmi Tripoliyə verdiyi dəstəyin nə dərəcədə əhəmiyyəti oldu? Haftar  o qədər üstün vəziyyətdə olduğu halda  Türkiyənin göndərdiyi döyüşçülər onu bölgədən geri çəkilməyə necə məcbur edə bildilər? Suriyadan göndərilən qüvvə daha güclü çıxdı yoxsa Rusiya Haftara dəstəyi dayandırdı? Dayandırdısa,bunu niyə etdi: Haftarı yeni hücuma hazırlamaq üçün yoxsa Suriyadakı qüvvələrinin bir qismini Liviyaya göndərmək üçün? Yəni,Türkiyə və Rusiya hərbi qüvvələri Suriyadan sonra indi də Liviyada üz-üzə gələcəklərmi?

Liviya məsələsində uzun müddətdən bəri səssiz qalan Birləşmiş Ştatların Afrika komandanlığı Suriyadan Liviyaya gedən Rusiya hərbi təyyarələrinin peyklə çəkilən fotolarını  paylaşdı. Əgər belədirsə, demək ki, Rusiyanın orada öz hərbi ağırlığını  ciddi şəkildə nümayiş etdirmək planı var. Elə isə kimə qarşı? 

Rəsmi Tripoliyə qarşı  nümayiş etdirəcəksə,qarşısında Türkiyəni görəcək. Bu halda başqa bir sual çıxacaq: məgər Suriyadakı qarşıdurma başa çatdı ki, Rusiya ilə Türkiyə rəqabəti Liviya sahəsinə keçrdilər? Oraya Rusiyadan qabaq Türkyə getdisə,bundan sonra Suriyada hərbi üstünlük qazana bilməyəcəyini anlayaraq və qəbul edərək getdimi? Rusiya üçün Liviya Suriyadan daha cazibəli oldumu? Yoxsa Ankara ilə Moskva əslində Liviyada gizli əməkdaşlıq edəcəklərinə görə Suriyadan oraya hərbi qüvvə atdılar? Və bu durumda Rusiyanın böyük hərbi dəstək verdiyi feldmarşal Haftar oyundan kənarda qalacaqmı? Muzdlu əsgərlərin taleyi necə olacaq? Türkiyə Liviyadakı  mövqeyini istədiyi şəkildə möhkəmləndirə biləcəkmi? Bunun bacarılması halında cənab Erdoğan erkən seçkiyə gedib Liviya zəfərini seçki reytinqinə transformasiya edərmi?

Liviyadakı proseslər elə bir xaotik mənzərə yaratdı ki,kimin əlinin kimin cibindən çıxdığı məlum olmadığı kimi kimin cibinə girəcəyi də qaranlıqdır.

Aralıq dənizinin suları Şərq sahillərindən cənub sahillərinə doğru isinir.

Mayis Əlizadə

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti