Hudaferin Waterworks
Saziş 2016-cı il fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri zamanı imzalanıb. Sonradan iyunun 14-də saziş parlamentdə ratifikasiya olunur və nəhayət, iyunun 16-da AR prezidentinin fərmanı ilə təsdiq edilir. İran parlamenti sazişi həmin ilin dekabrında imzalayıb. Rəsmi tərəflər prosedurları qapalı şəraitdə, ictimaiyyətin iştirakı ilə müzakirələr aparmadan həyata keçiriblər.
Layihəyə Araz çayında su anbarı, bəndlər və "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyaları daxildir. Layihə İran və Azərbaycanın sərhədyanı ərazilərini əhatə edir və qarşılıqlı istifadə predmetidir. Azərbaycan hissəsi 1993-cü ildən erməni işğalı altındadır.
İlk həyəcan təbilini təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl çalıb, o, layihənin Azərbaycan hissəsində mütləq Azərbaycan nümayəndələrinin - sərhəd xidmətinin və ya başqa nümayəndəliyin iştirakı ideyasını irəli sürüb. Daha sonra hüquqşünas Ələsgər Məmmədli sazişə hüquqi rəy verib. Rəydən çıxan nəticəyə görə, Araz çayı üzərində tikilmiş su elektrik stansiyası və hidroqovşaq Azərbaycanın milli maraqlarına ziddir.
Müxalif ictimaiyyət hesab edir ki, layihə Azərbaycan xalqınının maraqlarına ziddir. Tənqidçilər hökuməti satqınlıqda və əraziləri Ermənistanla sıx əməkdaşlıq edən və Azərbaycan ərazilərinin işğalına göz yuman İrana təhvil verməkdə ittiham edirlər.
Layihə ilə bağlı müxtəlif ideyalar irəli sürülür - ləğvdən sazişə əlavələrin qəbuluna və bu ərazi üzərində Azərbaycanın yurisdiksiyasını təsbit edən praktiki addımlara qədər.
Qısaca mənzərə belədir.
Xudafərinin sirləri
Müxalif ictimaiyyət sazişi məxfi, geniş ictimaiyyətə açıqlanmamış sənəd hesab edir. Həqiqətən də, ilk memorandumların imzalanması, layihənin parametrləri, hazırlıq işləri, 2016-cı il fevralın 23-də sazişin imzalanması, onun ratifikasiyası haqqında vaxtaşırı məlumatlara baxmayaraq, bu layihə haqqında, yeri gəlmişkən, elə bütün Azərbaycan-İran sazişləri kimi, çox da car çəkilməyib.
Bu gün ekspertlərin və siyasətçilərin əksəriyyəti layihənin Azərbaycan hissəsində rəsmi nümayəndələrin iştirakında israr edirlər. İranın layihənin Azərbaycan hissəsini 10 kilometrlik təhlükəsizlik zonası ilə dövrələdiyini, erməni qoşunlarının bu zonadan çıxarıldığını, onların yerini isə islam inqilabı keşikçilərinin tutduğunu nəzərə alsaq, formal olaraq bu, mümkündür. İslam inqilabı keşikçiləri bu zonaya 2007-ci ildə gətirilib. Bu barədə 2007-ci il oktyabrın 10-da "Yeni Müsavat" qəzeti İran saytlarına istinadla məlumat yaymışdı. İran ekspertləri bu gün bunu təsdiq edirlər. Bunun necə və nəyin müqabilində baş tutduğu, yenə də layihənin yarıməxfi olması ilə əlaqədar məlum deyil. Yeri gəlmişkən, erməni mətbuatında da onun haqqında çox az məlumat gedib.
İranın layihə ərazisində Azərbaycanın fiziki iştirakına razılıq verəcəyi istisna deyil, belə ki, sazişə əsasən, İİR və Azərbaycan bir-birinin sərhədlərinin toxunulmazlığını tanıyır və İran işğal edilmiş əraziləri Azərbaycanın ərazisi kimi qəbul edir. Yəni hüquqi əsas var. Məsələ siyasətdədir. Ermənistan bununla razılaşacaq? Razılaşmasa, nə edə bilər? Yerevan bu mərhələdə İranın qərarına mane olmaq iqtidarında deyil, belə ki, İrana təsir resurslarına malik deyil, əksinə, İranla ticarətdən və tranzitdən asılıdır.
Deməli, bu mövzuda əsas danışıqlar İran və Azərbaycan arasında aparıla bilər. İran iştirak məsələsində Bakıya güzəşt edəcək? Vaxtilə Azərbaycanın layihənin həyata keçirilməsinə razılıq verməsini, habelə hər iki ölkənin bir sıra istiqamətlərdə - ticarət, investisiya, tranzit sahələrində daha sıx münasibətləri olmasını nəzərə alsaq, bu, tammailə mümkündür. Azərbaycanın özünə ziyan olduğu halda, koronavirus pandemiyasının bürüdüyü İranla sərhədi gec bağlaması faktı bu münasibətlərin hansı səviyyədə olduğunu göstərir. İranın mühasirəsi şəraitində bu jest diqqətdən kənarda qala bilməz.
1994
"Xudafərin" layihəsinin müzakirəsinə hələ 60-cı illərdə, Azərbaycanın qərbində suvarma və SES sistemindən ibarət Mingəçevir su anbarı layihəsi həyata keçirildikdən sonra başlanıb. Layihə daşqınlar dövründə Azərbaycanın Küryanı zonasında daşqınlara son qoyub və su çatışmazlığının yarandığı qızmar yay dövründə kənd təsərrüfatı yerlərinin suvarılması üçün şərait yaradıb.
1971-ci ildə Sovet-İran sazişinə əsasən Naxçıvanda 1,254 mln. kubmetr su həcmi olan "Araz" su anbarı, bənd və 22 meqavatt gücə malik "Araz" SES tikilib. Bu, Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi zaman baş verib.
Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxıb. 1994-cü ilin 28 iyun - 2 iyul tarixlərində Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanıb. Maraqlıdır ki, İran tərəfi Əliyevi qəbul edərkən elə bir şərait yaradıb ki, imzalanmağa hazır olan sənədlərdən heç birinin, o cümlədən birgə bəyannamənin imzalanması mümkün olmayıb. Və yalnız səfərin son günü, iyulun 2-də Əliyevin İRR prezidenti Haşemi Rafsancani ilə üç saatlıq gərgin söhbətindən sonra imzalanma mərasimi baş tutub. Maraqlıdır ki, Tehranda XİN-də İran diplomatları qarşısında çıxış edən Əliyev İranın ərazi bütövlüyünü tanıması və ərazi iddialarından imtina etməsi haqqında həmin vaxt üçün sensasiya doğuran bəyanat verib.
Turan agentliyinin 2 iyul 1994-cü il tarixli məlumatından: Bu gün Tehranda Azərbaycan hökumətinin nümayəndə heyəti və İranın Energetika Nazirliyi arasında sərhəddə yerləşən Araz çayı üzərində Xudafərin körpüsü yaxınlığında (Azərbaycanın Ermənistanın işğalı altında olan cənub-qərb regionu) böyük hidroqovşağın tikintisi haqqında razılıq əldə olunub. Gələcək hidroqovşaq su anbarı və dörd elektrik stansiyasından ibarət olacaq. Su anbarının həcmi 1,6 mlrd. kubmetr su təşkil edəcək. Su anbarının "Qız Qalası" tənzimləyicisinin gündəlik buraxılış qabiliyyəti 60 mln. kubmetr su təşkil edəcək. Hazırda Araz çayından Naxçıvandakı su anbarı vasitəsilə cəmi bir milyard kubmetr sudan istifadə olunur. İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 700 mln. dollar, tikinti müddəti səkkiz il təşkil edəcək. Mütəxəssisləsin hesablamalarına görə, hidroqovşaq xərcini də səkkiz il ərzində çıxaracaq.
Azərbaycanın Dövlət Meliorasiya Komitəsinin sədri Əhməd Əhmədzadə Turan agentliyinə bildirib ki, İran tərəfi obyekt işə salındıqdan sonra Azərbaycanın borcunu elektrik enerjisi ilə ödəməsi şərti ilə tikintini maliyyələşdirməyə hazır olduğunu bildirib. "Bu, sərfəli şərtdir", deyə o qeyd edib.
Belə bir hidroqovşağın tikintisi 250 min hektar şumluq torpağın suvarılmasını və əlavə olaraq 12 min hektar torpağın mənimsənilməsini təmin edəcək. İran tərəfdə bu göstəricilər müvafiq olaraq 70 min və 80 min hektar təşkil edəcək. İki hidroqovşaqda hər iki tərəfdən - "Xudafərin"də hər biri 100 meqavatt, "Qız Qalası"nda hər biri 50 meqavatt-lıq iki cüt kiçik SES tikiləcək.
Əhmədzadənin sözlərinə görə, layihənin mənfi cəhətləri də var, belə ki, 6,6 min hektar torpaq sahəsi su altında qalacaq, 15 kəndin sakinlərini (7 min ev) köçürmək lazım gələcək. Amma bu ərazinin Ermənistanın işğalı altında olması layihənin həyata keçirilməsi üçün əsas maneə olaraq qalır.
"Bu torpaqlar azad edilmədən tikinti haqqında bütün söhbətlər mənasını itirir", deyə Əhmədzadə Turan agentliyinə bildirib.
Amma qeyd etmək lazımdır ki, Heydər Əliyev memorandumun imzalandığı andan ömrünün sonuna qədər layihənin həyata keçirilməsinin mütləq şərti kimi Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsini irəli sürüb. O, İran tərəfdən artıq işlərin həyata keçirilməsi başladığı zaman belə bunu deyirdi.
2001-ci ilin martında İranın energetika naziri Həbibulla Bitərəfin Tehranın bu layihənin həyata keçirilməsinə başlamaq niyyəti haqqında bəyanatına cavabda Heydər Əliyev sərt etirazını bildirərək, Azərbaycanın işğal edilmiş əraziləri azad edilənə qədər Xudafərində istənilən işin qanunsuz olduğunu bəyan edib.
Amma bu zaman İran tərəfdən artıq işlər həyata keçirilirdi. Və ümumi layihənin bir hissəsi olaraq bu işlər Azərbaycan tərəfin layihənin bütünlükdə həyata keçirilməsinə razılığı olmadan başlaya bilməzdi. Həm də hazırlıq işləri layihənin qalan hissəsini 6 il ərzində yekunlaşdırmaq üçün başlamışdı.
Turan-ın 17 noyabr 2001-ci il tarixli məlumatından: İran tərəfin sərhəddəki Araz çayında Xudafərin hidroqovşağının tikintisinə başlaması haqqında məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Turan agentliyinə "Bakhidrolayihə" institutunun (layihəni hazırlayanlardan biri) direktoru Aydın Piriyev bildirib.
O qeyd edib ki, bu layihə əvvəlcədən İran-Azərbaycan sənədidir, amma bu regionun Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqədar onun həyata keçirilməsi ləngiyir. Eyni zamanda, İran tərəfi Bakının razılığı ilə Azərbaycan tərəfində deyil, yalnız öz tərəfində müəyyən hazırlıq işləri həyata keçirir. "Bakhidrolayihə"nin əməkdaşı Ənvər Hacıbalayev işlərin həyata keçirildiyi yerdədir və baş verənlər haqqında Bakını məlumatlandırır. "Buna görə tikintinin başlaması, hələ də erməni tərəfin iştirakı ilə başlaması haqqında məlumatlar tamamilə əsassızdır", deyə institutun direktoru qeyd edib.
Piriyev həmçinin bildirib ki, Xudafərin hidroqovşağı layihəsinin tam həyata keçirilməsi üçün 6 ilə ehtiyac olacaq və hazırki hazırlıq işləri bu müddətin daha da uzanmaması üçün həyata keçirilir.
Piriyevin bu bəyanatı layihənin nə qədər çətin inkişaf etməsinin nümunəsidir. Bəyanat məntiqsiz səslənir: 1) bu regionun Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqədar layihənin həyata keçirilməsi ləngiyir, 2) Bakının razılığı ilə İran öz tərəfində müəyyən hazırlıq işləri həyata keçirir, 3) hazırki hazırlıq işləri Xudafərin layihəsinin 6 il ərzində həyata keçirilməsi məqsədilə görülür.
Bu bəyanatdan belə çıxır ki, regionun işğaldan azad edilməsi haqqında danışıqlar və işlər paralel aparılırdı və tərəflər, o cümlədən də Ermənistan qarşılıqlı anlaşma əldə edə biliblər.
Məhz İranın təhlükəsizlik qüvvələrinin Azərbaycan tərəfdə Xudafərin kompleksini nəzarəti altına aldığı və Ermənistan qüvvələrini 10 kilometrlik təhlükəsizlik zonasından kənara çıxardığı 2007-ci ilə qədər layihənin əsas hissəsinin həyata keçirilmiş olması da bunu təsdiq edir. Yəni kompleks tikilib, məhdud ərazi işğaldan azad edilib.
Beləliklə, layihə üzrə tikinti işlərinin Heydər Əliyevin dövründə başladığını və İlham Əliyevin dövründə başa çatdığını qeyd edə bilərik. Çoxları yanlış olaraq İlham Əliyevin tikintinin başlamasının şərti kimi işğal edilmiş ərazilərin azad edilməsini irəli sürdüyü məlum olan atasının iradəsinə zidd olaraq layihəni həyata keçirdiyini hesab edirlər.
Xudafərin layihəsi və torpaqların azad edilməsi
Həmin vaxt prezident Əliyev çoxmənalı olaraq hidroqovşaqların tikintisinin yalnız işğal edilmiş ərazilər azad edildikdən sonra başlaya biləcəyini deyərkən nəyi nəzərdə tuturdu? Bütün ərazilərin azad edilməsini, ya tikintinin həyata keçirildiyi hissənin? Bəlkə də hər ikisinin?
Əlimizdə olan məlumatlara əsaslansaq, Tehran və Yerevan arasında əldə edilmiş razılaşmalar nəticəsində İran əslində hidroqovşaqları və onlara bitişik on kilometrlik təhlükəsizlik zonasını erməni işğalından azad edib. Və söhbət, çox güman ki, bundan gedirdi. İstənilən halda, işğal edilmiş ərazilərin azad edilməsində müəyyən mərhələlikdən danışa bilərik.
Turan-ın 11 yanvar 2003-cü il tarixli məlumatından: Xudafərin su anbarının tikintisi həm İran, həm də Azərbaycan üçün səmərəlidir. Hər iki ölkə ondan suvarma üçün istifadə edə bilər. Bu barədə bugünki mətbuat konfransında İranın Azərbaycandakı səfiri Əhəd Qazai bildirib.
Səfir qeyd edib ki, İran Azərbaycanla ərazisi erməni işğalı altında olan su anbarının tikintisi haqqında məsləhətləşmələr aparır. Diplomat vurğulayıb ki, razılıq əldə olunarsa, İran tikintinin aparılacağı ərazinin işğaldan azad edilməsini tələb edəcək. "Amma Azərbaycanın bu məsələ ilə bağlı öz xüsusi mövqeyi var", deyə səfir qeyd edib.
Səfir hansı mövqedən söhbət getdiyini açıqlamayıb. Göründüyü qədər, Heydər Əliyev 130 km İran-Azərbaycan sərhədi boyunca işğal edilmiş ərazilərin azad edilməsi məsələsini qaldırırdı. 2001-ci il iyulun 22-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani ilə görüşdə Əliyev qeyd edib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına Ermənistanın Azərbaycana qarşı təcavüzü mane olur. Xüsusən, Azərbaycanın İranla 130 km-lik sərhədi işğal altındadır. Təcavüz Xudafərin hidroqovşağının tikintisi kimi layihələrin də həyata keçirilməsinə mane olur.
Münaqişənin nizamlanmasında Tehranın iştirakına gəlincə, Azərbaycan heç vaxt İranın yardımından imtina etməyib. Bu zaman Əliyev Ermənistanın İrandan iqtisadi asılılığını nəzərə alaraq, Tehranın böyük imkanları olduğunu qeyd edib.
Mətbuata sızan məlumatlardan görünür ki, Xudafərin su anbarı və hidroqovşaq 2010-cu ilin yazına - Kür zonasında məlum genişmiqyaslı daşqına qədər tikilmişdi. Mayda daşqın zamanı Azərbaycan mütəxəssisləri Xudafərin hidroqovşağında təftiş həyata keçiriblər.
Layihə yekunlaşma mərhələsindədir
Layihə üzrə işlərin 2020-ci ilin sonlarına qədər yekunlaşması nəzərdə tutulur, bu zaman "Qız Qalası" hidroqovşağı işə düşəcək.
Turan-ın 1 mart 2019-cu il tarixli məlumatından: Azərbaycan-İran sərhədində Araz çayı üzərində "Qız Qalası" bəndinin tikintisi 2020-ci ildə başa çatacaq, bu barədə Azərbaycanın Energetika Nazirliyi məlumat verib.
"Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi işlərinin gedişatı bu layihənin həyata keçirilməsi üzrə İranla Birgə Texniki Komissiyanın Azərbaycan hissəsinin iclasında müzakirə olunub. Xüsusən, tikinti işlərinin hazırki vəziyyəti, gələcək addımlar və layihəyə görə məsuliyyət daşıyan tərəflərin öhdəlikləri müzakirə olunub", deyə məlumatda qeyd edilir.
Energetika nazirinin müavini Elnur Sultanov qeyd edib ki, Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və energetika və su resurslarından birgə istifadə haqqında Azərbaycan-İran sazişi "strateji xarakter daşıyır". Onun sözlərinə görə, "bununla əlaqədar layihə üzrə işlərin sürətləndirilməsi və qarşılıqlı məlumat mübadiləsi böyük əhəmiyyət kəsb edir".
"Hazırda "Xudafərin" bəndinin tikintisi işləri 95% yerinə yetirilib, "Qız Qalası" bəndinin tikintisi 2020-ci ildə başa çatacaq", deyə Energetika Nazirliyi qeyd edir.
İctimai narahatçılıq və radikal addımlardan (Xudafərin sazişlərinin ləğvi) güzəştə (layihənin Azərbaycan hissəsində səlahiyyətli nümayəndəliyin iştirakı) qədər çağırışlar məsələsinə qayıtsaq, ərazinin Azərbaycana məxsusluğu nöqteyi-nəzərdən də, təhlükəsizlik nöqteyi-nəzərdən də və nəhayət, siyasət və mənəviyyat nöqteyi-nəzərdən də bu yanaşmanın məntiqli olduğunu deyə bilərik.
Bu məsələdə Ermənistan tərəfin mövqeyini güzəştsiz adlandırmaq olmaz, belə ki, o, işğal etdiyi ərazilərdə Azərbaycan-İran layihəsinin həyata keçirilməsinə razılıq verib və layihə ərazisini, o cümlədən təhlükəsizlik zonasını Azərbaycanın razılığı ilə İranın müvəqqəti yurisdiksiyasına verib.
Faktiki olaraq, Qarabağ münaqişəsinin nizamlanmasının davam etdiyi dövr ərzində bu, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən könüllü olaraq çıxdığı ilk haldır. Bu çoxtərəfli prosesi İranın Ermənistan və Azərbaycanla xüsusi münasibətləri ilə əlaqədar vasitəçilik missiyası həyata keçirdiyi bu münaqişə hissəsində İran, Azərbaycan və Ermənistanın maraqlarının üst-üstə düşdüyü yeganə müsbət nümunə adlandırmaq olar.
İran münaqişə başladığı andan etibarən onun nizamlanmasında öz vasitəçiliyini təklif edib, amma onun səyləri dəfələrlə üçüncü tərəfin zərbəsinə məruz qalıb. 1992-ci il fevralın 25-də İranın xarici işlər naziri Əli Əkbər Velayəti münaqişənin qızışmasının qarşısını almaq üçün Bakıya gəlib və daha sonra Dağlıq Qarabağa getməli idi, bu barədə əvvəlcədən Bakı-Tehran-Yerevan arasında razılıq əldə edilmişdi. Amma 26 fevral Xocalı faciəsi missiyanı pozub, həmin vaxt erməni döyüşçüləri və Rusiyanın 366-cı motoatıcı alayı Dağlıq Qarabağda azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərinə hücum edərək, dinc əhalinin soyqırımını törədib. 1994-cü il iyulun 2-də Tehranda Xudafərinlə bağlı memorandumun imzalanmasının ertəsi günü Bakı metrosunda törədilən terror aktı 7 nəfərin həyatına son qoyub.
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və növbəti güzəştlərin əldə edilməsi nöqteyi-nəzərdən Xudafərin layihəsinin davamının gəlib-gəlməyəcəyini yaxın zaman göstərəcək.
Rəy yaz