Ədliyyə Nazirliyinin nümayəndəsi Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Bakı/07.10.19/Turan: Fuad Əhmədlinin vəziyyəti stabildir və yaxın 2-3 gündə müayinəsi başa çatacaq. Bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AXCP fəalı Fuad Əhmədlinin Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı məlumatı Turan agentliyinə şərh edərkən bildirib.

Onun sözlərinə görə, F.Əhmədli hərəkət edərkən bel ağrısından və öskürəkdən şikayətlənir.

"Mütəxəssislər tərəfindən müayinə və baxış zamanı F.Əhmədlinin kürəyində və ağciyərlərində ciddi patologiya aşkarlanmayıb", - İ.Qurbanov deyib. "Hazırda stasionar müalicəyə ehtiyac yoxdur", - o əlavə edib.

Öz növbəsində fəalın atası Zəfər Əhmədov Turan-a bildirib ki, oğlunun şikayətinə Ali Məhkəmədə baxılarkən bir ay Bakı 1 saylı təcridxanada saxlayıblar, bundan sonra vəziyyəti pisləşib.

"Fuadı bir ay Kürdəxanı istintaq təcridxanasında saxlayılblar və koloniyaya qayıtdıqdan sonra vəziyyəti pisləşib, nəfəs ala bilmirdi. Digər problem isə böyrək ağrısıdır" , - ata deyib. Oktyabrın 5-də fəalı xəstəxanaya yerləşdiriblər.

Ata xatırladıb ki, həbs olunmadan əvvəl oğlu iki dəfə ağciyər əməliyyatı keçirib və qapalı məkanda yerdə saxlanıla bilməz.

O bildirib ki, bu gün oğlu telefon edərək deyib ki, rentgen ediblər və analiz üçün qan götürüblər. Z.Əhmədov qeyd edib ki, bu gün oğlu ilə görüşəcək.

*Fuad Əhmədli 2016-cı ilin avqustunda "Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun"un pozulması və "Azerfon" mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub.

2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar. Hüquq müdafiəçiləri F.Əhmədlini siyasi məhbus kimi tanıyıblar.

Bu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Yuxarı instansiya məhkəmələr bu qərarı qüvvədə saxlayıblar. Fəalın cəzasının bitməsinə 10 ay qalır.-03B06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti