FHN- ə qarşı şikayətlər Avropa Məhkəməsində icraata götürüldü

 

2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı evlərinə və təsərrüfatlarına ciddi ziyan dəymiş, problemləri bu günə qədər həll olunmayan bir qrup Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Salyan rayon sakinlərinin Fövqəladə Hallar Nazirliyinə (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC- yə, eləcə də yerli rayon İcra Hakimiyyətlərinə qarşı Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində növbəti  məhkəmə prosesi keçirilib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mətbuat Xidmətinin yaydığı məlumata görə, hakim Elxan Əmirəliyevin, Rafael Eyvazovun və İxtiyar Abuşovun sədrliyi ilə 10 qrup olmaqla 43 nəfərin iddiasına baxılıb. Məhkəmədə cavabdeh tərəf- FHN- nin nümayəndəsi Vüqar Hacıyev, iddiaçılarla yanaşı onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Məhkəmədə həmçinin İmişli və Saatlı rayon İcra Hakimiyyətlərinin nümayəndəsi iştirak etsələr də, Sabiarabad RİH və Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsi məhkəmədə iştirak etməyiblər.

Məhkəmənin gedişində hər bir iddiaçının işi ilə bağlı ayrıca dinləmələr və müzakirələr aparılıb. İddiaçılar çıxış edib. Onlar öz çıxışlarında onlara dəyən ziyan və daşqınlardan ötən müddət ərzində aidiyyatı qurumlar tərəfindən problemlərinin həlli istiqamətində gərəkli addımlar atılmadığını bildiriblər. Məhkəməyə evlərinin hazırkı bərbad durumunu əks etdirən foto və videoşəkilişlər təqdim ediblər. iddiaçılar iddialarında qaldıqlarını qeyd edərək məhkəmədən ziyan dəymiş, yaşayış üçün yararsız vəziyyətə düşmüş evlərinin tikilməsini və ya bərpa olunmasını, eləcə də onlara ədalətli kompensasiya ödənilməsinin FHN üzərinə qoyulması ilə bağlı qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Məhkəmədə iştirak edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Vüqar Hacıyev iddiaçıların evinə keçirilən texniki baxışla bağlı baxış aktlarının surətini və iddia ilə bağlı təmsil etdiyi nazirliyin rəsmi mövqeyini məhkəməyə təqdim edib. FHN təmsilçisi qeyd edib ki, məhkəməyə müraciət etmiş bəzi iddiaçıların işi ilə bağlı FHN- nin müvafiq qurumlarında araşdırmalar aparılır.

Məhkəmədə çıxış edən iddiaçıların nümayəndəsi, hüquq müdafiəçisi Oqtay Gülalıyev hər bir idia işi ilə bağlı ətraflı məlumat vermiş, hüquqlarını müdafiə etdiyi şəxslərin hazırkı durumu,  üzləşdiyi problem və ötən müddət ərzində problemlərinin həll olunmadığına diqqət çəkərək son zamanlar FHN tərəfindən bu istiqamətdə müəyyən addımların atılmasına başlanılsa da ümumi proseslər çox ləng getdiyini bildirib. O qeyd edib ki, qarşıdan qış gəlir, iddiaçılar arasında elə insanlar var ki, onların qışı öz evlərində keçirməsi çox çətindir. O, FHN- ni iddiaçıların  problemlərinin həlli istiqamətində atılacaq  müvafiq addımlar sürətləndirməyə çağırıb.

İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən onlara məxsus təsərrüfatları, bağ- baxçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyatyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə- yeksan edib süpürüb bəndlərə vurublar. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən idiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC- ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini tələb ediblər. Lakin artıq 2- ci dəfədir ki, Əhməd Əhmədzadə məhkəməyə gəlməkdən boyun qaçırır. Əhməd Əhmədzadənin  və ya Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsinin məhkəmədə iştirak etməməsi iddiaçıların haqlı narazılığına səbəb oldu və bunu özlərinə, eləcə də məhkəməyə hörmətsizlik kimi qiymətləndirdiklərini bildirdilər.

Məhkəmənin sonunda hakim tərəfləri barışığa, ortaq məxrəcə gəlməyə çağıraraq FHN- ni vətəndaşların problemlərinin həlli ilə bağlı araşdırmaları sürətləndirməyə və növbəti məhkəmədə bununla bağlı lazımı qərar və digər sənədləri məhkəməyə təqdim etməyin vacibliyini bildirdi. Növbəti məhkəmə prosesi dekabrın 20- ə təyin olundu.

Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində günün 2- ci yarısı hakim Fikrət Hüseynovun sədrliyi ilə Sabirabad rayonunun Qasımbəyli və Əsgərbəyli kəndindən olan 15 nəfərin iddiası üzrə əlavə olaraq hazırlıq iclası keçirilib. Hazırlıq iclasında sənədlərin, baxış aktlarının nəzərdən keçirilməsinə həsr olunub və növbəti proses 20 dekabra təyin olunub.

Xatırladaq ki, 2010- cu ilin yazında baş verən Kür Araz daşqınları zamanı ölkənin 30- a yaxın rayonunda evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 460 milyon manatdan artıq vəsait ayrılıb. Hələ də yüzlərlə insan evlə və ədalətli kompensasiya ilə təmin olunmayıblar. 130 ailə bununla bağlı FHN, Meliorasiya və Su Təsərrüfatı ASC- ni, eləcə də yerli İcra Hakimiyyətlərini məhkəməyə veriblər.

Bir qrup idiaçının iddia sənədləri Avropa İnsan Haqları Məhkəməsinə göndərilib. Bir neçə gün öncə Avropa İnsan Haqları Məhkəməsindən iddiaçıların ünvanına məktub göndərilib. Məktubda onların FHN- ə qarşı iddia sənədlərinin Avropa İnsan Haqları məhkəməsində icraata götürüldüyü bildirilib və iddiaçılara bununla bağlı iddia işlərinin nömrəsi göndərilib, eyni zamanda məktubda sözü gedən qurumla yazışma qaydaları göstərilib.

 Bütün iddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.—0--

 

 

 

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti