FHN və melioratorlar məhkəməni boykot edillər

FHN və Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsi məhkəməyə gəlmədi Kür- Araz daşqınları ilə bağlı iddiaçıların dövlər qurumları ilə məhkəmə çəkişməsi davam edir.

2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınları zamanı evlərinə və təsərrüfatlarına ciddi ziyan dəymiş, problemləri bu günə qədər həll olunmayan bir qrup Saatlı, Sabirabad, İmişli, Kürdəmir və Salyan rayon sakinlərinin Fövqəladə Hallar Nazirliyinə (FHN), Meliorasiya və Su Təsərrüfatı ASC- yə, eləcə də yerli rayon İcra Hakimiyyətlərinə qarşı Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində növbəti  məhkəmə prosesi keçirilib. Hakim Elxan Əmirəliyevin, Fikrət Mehtiyev və İxtiyar Abuşovun sədrliyi ilə 6 qrup olmaqla 42 nəfərin iddiasına baxılıb. 

Məhkəmədə iddiaçılarla yanaşı onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev və İmişli rayon İcra Hakimiyyətinin əməkdaşı iştirak edib. Cavabdeh tərəflər FHN- nin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri məhkəmədə iştirak etməyiblər. Dövlət qurumlarının məhkəmədə iştirak etməmələri iddiaçılarda haqlı narazılığa səbəb olub.  

Məhkəmənin gedişində hər bir iddiaçının işi ilə bağlı ayrıca dinləmələr və müzakirələr aparılıb. İddiaçılar çıxış ediblər. Bəzi iddiaçılar öz çıxışlarında onlara dəyən ziyan və daşqınlardan ötən müddət ərzində aidiyyatı qurumlar tərəfindən problemlərinin həlli istiqamətində gərəkli addımlar atılmadığını bildiriblər. Bəzi iddiaçılar isə öz çıxışlarında dəyən ziyanla bağlı son günlər FHN tərəfindən evlərin bərpa gücləndirilməsi və təmiri ilə bağlı komepnsasiyaların verildiyini bildirərək bu məbləğlə onlar evlərinin təmir etdirilməsi, əvvəlki vəziyyətə gətirilməsinin mümkün olmadığını bildirdilər. Bir neçə iddiaçı isə FHN tərəfindən evinin tikildiyini və kompensasiya aldığını bildirərək iddiasından imtina edib. 

Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin heç bir səbəb göstərilmədən iştirak etməməsi iddiaçılar tərəfindən bəzi suallar yaratdı.  Məhkəmədə iddiaçıların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev hüquqlarını müdafiə etdiyi şəxslərin iddia ərizələri ilə bağlı çıxış edərək onların hazırkı yaşayış durumu,  üzləşdiyi problemlərə diqqət çəkib. O qeyd edib ki, hazırda iddiasına məhkəmədə baxılan bir sıra insanlara son günlər FHN tərəfindən evlərinin təmir və bərpa- gücləndirilməsi ilə bağlı kompensasiyaların verilməsinə başlanılsa da ümumilkdə problemlərin həlli istiqamətində işlər zəif gedir. O. Gülalıyev bildirib ki, hazırda qışdır, havalar soyuqdur, iddiaçılar arasında elə insanlar var ki, onların qışı öz evlərində keçirməsi çox çətindir. O, FHN- ni iddiaçıların  problemlərinin həlli istiqamətində atılacaq  müvafiq addımları sürətləndirməsinin vacibliyini bildirib.

Əhməd Əhmədzadə məhkəməyə yenə hörmətsizlik etdi İddiaçıların bir qismi daşqınlardan sonra dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq Meliorasiya və Su Təsərrüfatı ASC- nin Kür və Araz çayları ətrafında sahil bərkitmə və bəndatma işlərini həyata keçirərəkən ucuz iş metodundan istifadə edərək onlara məxsus təsərrüfatları, bağ- baxçaları, hətta yardımçı tikililərini, tövlələrini, həyatyanı torpaqlarını belə böyük traktorlar vasitəsi ilə yerlə- yeksan edib bəndlərə sərf olunduğunu bildirdilər. Nəticədə onlara xeyli həcmdə ziyan dəyib, torpaqları zəbt olunub və ya yararsız hala düşüb. Məhz buna görə də zərərçəkən iddiaçılar Meliorasiya və Su Təsərrüfatı ASC- ni və onun sədri Əhməd Əhmədzadəni məhkəməyə verdiklərini bildirərək, gəlib məhkəmədə cavab verməsini və vurduğu ziyanı ödəməsini tələb etdilər. Lakin artıq 3- ci dəfədir ki, Əhməd Əhmədzadə məhkəməyə gəlməkdən boyun qaçırır. Əhməd Əhmədzadənin  və ya Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndəsinin məhkəmədə iştirak etməməsi iddiaçıların haqlı narazılığına səbəb oldu və bunu özlərinə, eləcə də məhkəməyə hörmətsizlik kimi qiymətləndirdiklərini bildirdilər.

Məhkəmə FHN- ə sorğu göndərməyə qərar verdi. Məhkəmənin sonunda hakim son günlər vətəndaşlara verilən kompensasiyaların təyinatı, eləcə də digər vətəndaşların problemləri barədə FHN- nin mövqeyini dəqiqləşdirmək üçün sözü gedən nazirliyə rəsmi sorğu göndərməyi qərara aldı və öz qərarını elan etdi. Növbəti məhkəmə prosesi 2013- cü ilin yanvar ayında keçiriləcək.

Xatırladaq ki, 2010- cu ilin yazında baş verən Kür Araz daşqınları zamanı ölkənin 8 rayonunda evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 460 milyon manatdan artıq vəsait ayrılıb. Hələ də yüzlərlə insan evlə və ədalətli kompensasiya ilə təmin olunmayıb. 130 ailə bununla bağlı FHN, Meliorasiya və Su Təsərrüfatı ASC- ni, eləcə də yerli İcra Hakimiyyətlərini məhkəməyə veriblər. Bütün iddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti