
Çərşənbə günü Azərbaycanda havanın temperaturunun 41 dərəcədən yuxarı olduğu nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) idarə, müəssisə və təşkilatlarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə açıq hava şəraitində işlərin saat 17.00-dək dayandırılması haqda işəgötürənlərə göstəriş verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
DƏMX bildirir ki, əmək məcəlləsinin 233-cü maddəsinə uyğun bütün işəgötürənlər, mülkiyyət formasından asılı olmayaraq, acıq havada və soyuducu qurğuları olmayan, örtülü yerlərdə bütün növ işləri dayandırmalı və yaxud işçilərin sərinləməsi üçün fasilələr verməlidirlər. Fasilənin sayı və müddəti işəgötürənlə Həmkarlar İttifaqının birgə qərarı əsasında müəyyən olunur. Verilmiş bütün fasilələr iş vaxtına daxil edilir və aylıq tarif maaşına hesablanır.
Əmək məcəlləsindən irəli gələn müvafiq tələblərin yerinə yetirilməməsinə görə işəgötürənlərə İnzibati Xətalar Məcəlləsi (İXM) ilə məsuliyyətə cəlb oluna biləcəkləri xəbərdalığı edirlir. İXM-nin 54-cü maddəsinə əsasən, işçilərin əməyinin mühafizəsi qaydalarının pozulmasına görə işəgötürənlərin 1000 manatdan 2000 manata qədər cərimə olunması nəzərdə tutulur.
DƏMX tərəfindən hazırda ölkənin bütün regionları, xüsusən aran zonaları üzrə bu sahədə vəziyyətə dövlət nəzarətini təmin etmək üçün işçi qruplar yaradılıb.-16D-
Rəy yaz