Lənkəranda Avropa günü

Bakı/07.05.17/Turan: Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi bu gün ənənəvi Avropa Gününü Bakıda deyil, ölkənin regionunda -  Lənkəranda keçirib. Tədbirlər həmçinin Avropa İttifaqının yaradılmasının 60 illiyinə həsr olunub.

Lənkərana səfər edən Aİ-nin Azərbaycan missiyasının rəhbəri, səfir Malena Mard, həmçinin bir sıra Avropa ölkələrinin diplomatik missiyalarının rəhbərləri Lənkəran icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüş keçiriblər və Aİ-nin rayonda həyata keçirməyi planlaşdırdığı layihələri müzakirə ediblər.

Mətbuat konfransında Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mard qeyd edib ki, Aİ Azərbaycanın regionlarına xüsusi diqqət yetirmək və kənd təsərrüfatı ilə bağlı bəzi layihələr həyata keçirmək istəyir. “Avropa bazarlarına çıxmaq üçün Aİ standartlarına uyğun olmaq lazımdır. Yerli istehsalçıların bu amilə diqqət yetirdiyini müşahidə edirik”, deyə o bildirib.

Mard qeyd edib ki, Lənkəranla bağlı problem təkcə kənd təsərrüfatına yardımı deyil, həm də digər sahələrdə kiçik və orta biznesin inkişafını nəzərdə tutur.

Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə aprelin sonlarında başlayan danışıqlar prosesinə toxunan səfir qeyd edib ki, müqavilə əvvəlkindən daha geniş olacaq.

Almaniyanın təhsil sərgisinin təşkili Lənkəranda Avropa Gününə həsr olunub. Burada arzu edənlər Almaniya ali məktəblərində təhsilin davam etdirilməsi imkanları, orada təhsil şərtləri haqqında məlumat əldə edə bilərlər.

Lənkəranda Avropa Gününə həmçinin Belçika, Çexiya, Portuqaliya, Almaniya, Rumıniya, Hollandiya, Latviya, Macarıstan, İsveç diplomatik missiyalarının rəhbərlərinin Lənkəran Dövlət Universitetinin tələbələri ilə görüşü daxil idi. Səfirlər tələbələrə öz ölkələri, onların Azərbaycanla əlaqələri, Aİ üçün ümumi işlərə verilən töhfə barədə qısa məlumat veriblər. Səfirlər, həmçinin Aİ nümayəndəliyinin rəhbəri tələbələri maraqlandıran suallara cavab veriblər.

Lənkəranda iki günlük tədbirlərə yekun vuran Aİ-nin Bakı nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis Turan-a müsahibəsində bildirib ki, diplomatlar yerli əhalinin reaksiyasından həddindən artıq məmnundurlar. “Nəticələr ümidlərimizi üstələdi. Xüsusən, gənc nəslin yüksək marağından çox məmnunuq. Bu, bizə gələcək fəaliyyətimiz üçün enerji verir”, deyə o bildirib.

Daniilidis qeyd edib ki, gələcəkdə ölkənin regionlarına diqqət artırılacaq. Onun sözlərinə görə, sorğular vətəndaşların Aİ haqqında məlumatlılıq səviyyələrində fərq olduğunu göstərir.

Konkret olaraq Lənkərana toxunan Daniilidis qeyd edib ki, gələn il Aİ 13,5 mln. avro dəyərində kənd təsərrüfatı proqramını həyata keçirməyə başlayacaq. Hazırda proqramın təfsilatı işlənib hazırlanır.

“Gələcəkdə Aİ ilə bağlı tədbirlər Azərbaycanın başqa rayonlarında da keçiriləcək”, deyə o bildirib. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti