Murad Ədilov karserə salınıb

Bakı/11.09.18/Turan: AXCP üzvü Murad Ədilovun saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladıqdan sonra cəzalandırılaraq cərimə təcridxanasına salındığı bildirilir. Bu barədə onun qardaşı Natiq Ədilov danışıb.

N.Ədilovun dediyinə görə, Murad heç bir cinayət törətmədiyi halda, beşinci ildir həbsdə saxlanmasına etiraz olaraq sentyabrın 7-dən aclıq edir. Sentyabrın 10-da axşam saatlarında onun ailə üzvlərinə xəbər gəlib ki, M.Ədilovun vəziyyəti ağırdır və o, vəkilinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarının təcili şəkildə ona baş çəkməsini istəyir.

Amma Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov aclıq aksiyası haqqında məlumatı təkzib edib: "Bizim əməkdaşlar onunla söhbət aparıb və Murad Ədilov aclıq etmək fikrindən daşınıb", deyə o, Azadlıq Radiosuna bildirib.

M.Ədilovun cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına salınmasına gəlincə, Penitensiar Xidmətin rəsmisi deyir ki, məhkumların yerdəyişməsi barədə məlumatlar açıqlanmır: "O ki, qaldı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə görüşməyə, bu qurumun nümayəndələri mütəmadi Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə baş çəkirlər. Bu məsələdə heç bir problem yoxdur".

Qeyd edək ki, M.Ədilov 2014-cü il avqust ayının 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, ittihamları qəbul etmir, həbsini əsasən qardaşının fəaliyyəti ilə bağlayır.

Qardaşı N.Ədilov "Azadlıq" qəzetinin və "Azərbaycan saatı" televiziya proqramının əməkdaşı olub, hazırda mühacirətdədir. -16D06-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti