Фото из открытых источников

Фото из открытых источников

Xəzər Rayon Məhkəməsində hakim Zeynəb Axundovanın sədrliyi ilə öz maşını ilə gənc qadını vurmuş və AR CM-nin 263.2-ci maddəsi ("Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda") üzrə təqsirləndirilən Şükran Nəzirov barəsində cinayət işinə dair məhkəmə prosesi davam etdirildi.

Məhkəmə prosesi gedişində şahidlər ifadə veridlər. Birinci olaraq zərərçəkmiş ailənin dostu Əliyev Qismət çıxış etdi. O, məhkəməyə bildirdi ki, hadisə günü, ona zəng edib dostunun həyat yoldaşını maşın vurduğu haqda dəhşətli xəbər veriləndə işdə, Buzovna qəsəbəsində bərbərxanada idi: "Mən dərhal taksiyə minib özümü hadisə yerinə çatdırdım. Oraya təxminən saat 20:15-də çatanda, orada bir neçə Post-Patrul Xidməti (PPX) maşını gördüm. Mərhumənin cəsədi əks istiqamətdə yerdə idi. Sonra mən həlak olmuşun ərini gördüm, o, şok vəziyyətində idi. Oraya toplaşanlardan soruşdum ki, hadisə necə baş verib, mənə dedilər ki, xanımı hərəkət istiqamətinə qarşı gedən qara rəngli "Azsamand" markalı maşın vurub".

Zərərçəkmiş tərəfin vəkili Mehman Cavadovun "Həmin maşın hadisə yerində idimi?" sualına şahid mənfi cavab verdi. O, müstəntiqin o vaxt orada olub-olmaması barədə suala da mənfi cavab verdi. "Mən gələndə, mərhumənin anası artıq orada idi. Hadisə yerində "Qazel" artıq orada idi və nəşi onunla aparmaq istəyirdilər, lakin zərərçəkmişin qohumları razı olmadılar və mən gələndən təxminən 20-25 dəqiqə sonra biz onu əmisi oğlunun maşınında apardıq. Müstəntiqi mən orada görmədim, bəlkə o orada olub, amma mən onu görməmişəm. Mən bu qəsəbənin bərbərxanasında işləyirəm və orada olan polisləri tanıyıram. Bu, PPX-nin əməkdaşları idi".

Daha sonra vəkil həmin anlarda həlak olmuşun həyat yoldaşı Aydının sərxoş vəziyyətdə olub-olmaması haqda sual verdi. Şahid buna mənfi cavab verdi və sözlərini belə bir dəlillə əsaslandırdı ki, bu yaxınlarda Aydının anası vəfat edib və qırxı hələ çıxmayıb. Bundan sonra təqsirləndirilən şəxsin vəkili sorğuya başlayaraq, soruşdu ki, "Mənim müdafiə etdiyim şəxs və onun maşını hadisə yerində olubmu?". Şahid cavabında "mən onu görməmişəm, qaranlıq idi, amma onun getdiyi sürət, yəqin, yüksək olub ki, cəsədi təxminən 30 metr məsafəyə atıb" dedi. Bundan sonra zala ikinci şahidi - müstəntiq İsmayıl Babayevi - dəvət etdilər və o, ifadəsində bildirdi ki, ötən il oktyabrın 28-də nəvbədə olarkən, ona ölümlə nəticələnmiş yol-nəqliyyat qəzası barədə məlumat daxil olub:

"Bundan sonra mən 6-10 dəqiqə ərzində hadisə yerinə - Maştağa - Buzovna trassına getdim. Mən gələndə PPX-nin maşınları artıq orada idi. Hadisəni törədən PPX-nin maşınında oturmuşdu, onun maşını da orada idi və əks zolaqda dayanmışdı. Mən ondan soruşdum ki, "Niyə maşın qarşı zolaqdadır?", o da dedi ki, "Maşınların cəsədə toxunmaması üçün" və hadisənin necə baş verdiyini danışdı. Sonra prokurorluğun nümayəndəsi hadisə yerinə gəldi, müvafiq sərəncamlar verib getdi. Cəsədi aparmaq üçün "Qazel" maşını gəldi, amma zərərçəkmişin qohumları ondan imtina etdilər və nəşi onun qohumunun maşınına yerləşdirdilər. Biz, 26 saylı xəstəxananın morquna getdik, sonra isə təqsirləndirilən şəxs idarədə ifadə verdikdən sonra mən onu sərxoş olum-olmadığı xüsusunda ekspertizaya apardım və yenidən idarəyə qayıtdım".

Bundan sonra təqsirləndirilən şəxsin vəkili şahidə sual verməyə başlayaraq hadisə yerində çəkilmiş və zərərçəkmiş tərəfin fikrincə, səhv çəkilmiş sxemə dair ziddiyyətlər haqda soruşdu. Babayev sxemə baxıb cavab verdi ki, hər şeyi düzgün çəkilib: "Həmin vaxt mərhumənin həyat yoldaşı orada idi, mən ondan hadisə barədə soruşdum. O, qısaca cavab verdi ki, xanımını maşın vurub və mənim sxemdə təsvir etdiyim yeri göstərdi. Yalnız sonradan hadisə yerinə keçirilən məhkəmə baxışı zamanı məlum oldu ki, maşın cəsədi 30 metr məsafəyə atıb. Əgər bu barədə mənə istintaq zamanı desəydilər, mən başqa cür hərəkət edərdim. Yol-nəqliyyat hadisəsi (YNH) zamanı qaranlıq idi, narın yağış yağırdı və hadisə yeri işıqlandırılmamışdı. Lakin hətta belə bir şəraitdə sürücü piyadanı ən azı 5-6 metrdən görməli və maşını saxlamalı idi ".

Daha sonra sorgu-suala prokuror başladı və müstəntiqdən soruşdu ki, niyə işin materiallarına fotoşəkillərin hamısı, məsələn, sınmış qabaq şüşənin YNH-nin günahkarının da olduğu fotoşəkli, həmçinin mobil telefonların siqnal radiusu haqda məlumat əlavə edilməyib. Müstəntiq cavab verdi ki: "Fotoşəkilləri mən özüm və çoxlu miqdarda çəkmişəm. İşin materiallarına ən vacib saydıqlarımı əlavə etmişəm. Bütün fotoları əlavə edə bilməzdim. Sxemi hadisə yerində çəkmişəm və o, hadisə yerinə baxış nəticələrinə uyğundur. Mən gələndə Nəzirov PPX-nin maşında oturmuşdu". Prokuror Nəriman Babayevin maşının ekspertizaya verilib-verilmədiyi və YNH zamanı onun hansı sürətlə idarə etdiyinin kim tərəfindən müəyyənləşdirildiyi barədə sualına müstəntiq cavab verdi dedi ki, sürəti müttəhimin sözlərindən yazıb.

Bundan sonra şahidə sualları zərərçəkmiş tərəfin vəkili verməyə başladı və onun hadisə yerinə nə vaxt gəldiyini və nə üçün həmin vaxtı protokolda göstərmədiyini soruşdu. Şahid: "Məlumat mənə 19:30-da daxil olub. Mən təxminən 6-10 dəqiqədən sonra çıxıb hadisə yerinə getdim və 10 dəqiqədən sonra, saat 20:00 radələrində artıq orada idim. Protokolda vaxt göstərilməlidir, amma mən göstərmədim. Məndən bir neçə dəqiqə sonra prokuror gəldi. Qəza yerində artıq PPX əməkdaşları işləyirdilər". Daha sonra şahid qeyd etdi ki, protokolu hadisə yerində tərtib edib, lakin niyə onda PPX əməkdaşlarının adlarını göstərmədiyi barədə suala cavab verməkdə çətinlik çəkdi. Könül Atakişiyevanı vuran maşının harada olduğu haqda suala müstəntiq cavab verdi ki, o, cəsəddən 2 metr aralıda idi. Daha sonra vəkil həlak olanın həyat yoldaşının hansı halda olduğunu soruşdu və müstəntiq bildirdi ki, o, sərxoş vəziyyətdə idi, amma Aydın Atakişiyevin özü bunu dərhal təkzib etdi. Daha sonra Atakişiyev əlavə etdi ki, Rusiya vətəndaşı olduğuna və latın qrafikasını pis bildiyinə baxmayaraq istintaqda ona tərcüməçi verilmədi. Lakin müstəntiq bildirdi ki, tərcüməçi verilmişdi.

Daha sonra vəkil, müttəhimin sözlərinə görə, ona getməyə mane olan və guya qarşı hərəkət zolağına çıxmasına səbəb olmuş maşın barədə soruşdu. Müstəntiq əvvəlcə bildirib ki, o həmin maşını tapa bilməyib, amma vəkilin yadasalmalarından sonra bildirdi ki, xatırlayır: "Mən, sürücünü tapdım, o, bildirdi ki, o gün həmin yerdə olmayıb. Onun dediklərini yoxlamaq mümkün deyil, çünki müttəhimin özündən başqa, onu heç kim görməyib. Müttəhim maşının nömrəsini mənə dedi, mən sürücünü tapdım, sonuncu isə mənə dedi ki, ona bir oğlan yaxınlaşıb xahiş etdi ki, həmin gün filan yerdə olduğunu desin. İstintaq təqsirləndirilən şəxsin sözlərini özünümüdafiə cəhdi kimi qiymətləndirib". Bundan sonra vəkil şahidə mobil operatorun müttəhimin mobil telefonunun qəza zamanı və ondan sonra daxilolma nöqtələri haqqında məlumatları təqdim etdi və bildirdi ki, bu məlumatlar onun ifadələri ilə düz gəlmir: müstəntiqin hadisə yerinə gəldiyini gəstərdiyi həmin vaxtda Nəzirov artıq orada yox idi, çünki o, 19:55-də Albalı qəsəbəsi hüdudlarını tərk etmişdi.

Müstəntiq bu suala cavab verə bilmədi və bildirdi ki, həmin axşam Polis İdarəsinə qəza qurbanının qardaşı gəlib və Nəzirovla görüşmək istədiyi barədə xahiş edib. Sonra şahidə mərhumun anası Gülzad İsgəndərova sual verdi: "Siz mənim ifadələrimi oxumusunuzmu? Mən orada göstərmişəm ki, qızım həkim idi və həmin gün işdən bizə gəlmişdi. Siz niyə yazmısınız ki, o, orta təhsilli evdar qadın olub?". Şahid cavab verdi ki: "Ounan sonra siz öz ifadələrinizi oxudunuz, onları imzaladınız və hətta səhvlərimi düzəltdiniz, o zaman diqqətlə oxumaq və düzəliş etmək lazım idi. Hadisədən sonra əvvəlcə mənə Aydın analığı ilə yaxınlaşıb dedilər ki, zərərdidənin qanuni nümayəndələri onlardır və mərhumun valideyinləri işə müdaxilə etməyəcəklər. Qoy pul Könülün uşağına ödənilsin. Sonra həlak olmuşun qardaşı zəng edib bildirdi ki, qanuni nümayəndə odur, daha sonra isə bunu onun anası bəyan etdi.

Aydın dedi ki, Şükranın qohumları barışmaq istəyirlər, amma sonra gəlmədilər. Necə demək olar ki, Aydın sərxoş idi? O, mərhum anası üçün hələ yas saxlayırdı. Müstəntiq necə müəyyən edib ki, o, sərxoş idi?

Mən təhqiqatı düzgün aparmışam, ittiham irəli sürülüb. Mən başa düşmürəm, indi niyə lazımsız söhbətlər gedir? Mənim məhkəmədə verdiyim ifadə düzdür. Məhkəmənin hadisəni necə qiymətləndirəcəyinin mənə dəxli yoxdur".

Sonra mərhumun anası yenə də sual verərək Şükran Nəzirovun taksi sürmək üçün lisenziyasının olub-olmadığını xəbər aldı: "O, hələ çox anaları ağlar qoycaq. O, məhkəmədə dedi ki, onu həbs etmədilər və etməyəcəklər də və əgər o, Könülü saatda 100 км sürəti ilə vursa idi, o, tikə-tikə olardı". Bu sözlər Nəzirovun məhkəmədə iştirak edən anasında kəskin reaksiya doğurdu və o, lənətləməyə başladı.

Müstəntiq dedi ki, müttəhim taksini lisenziyası olmadan sürürdü: "Mən Nəzirovu saxladım, lakin məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi barədə qərar çıxarıb onu azad etdi. Mən bacardığımı etdim". Daha sonra zala Buzovna qəsəbəsində taksi sürücüsü işləyən şahid Rail Şahbazi, dəvət olundu. O bildirdi ki, əvvəllər təqsirləndirilən şəxslə tanış deyildi və yalnız hadisədən sonra tanış olub: "Mən gecələr işləyirəm. Həmin gün Buzovnadan Maştağaya gedərkən hadisə yerinin yanından keçirdim və adamların toplaşdığını gördüm. Mən həmişə bəlaya düşmüş insanlara kömək edirəm və müştərilərimin olduğu maşını dayandırıb nə baş verdiyi ilə maraqlandım. Mənə dedilər ki, qadını maşınla vurublar. Mən o zaman PPX-in maşınında Şükranı gördüm. Mən oraya gələndə insanlar artıq ora yığışmışdılar".

Təqsirləndirilən şəxsin vəkilinin onun orada hansı maşınları gördüyü barədə sualına şahid cavabında dedi ki, xatırlamır, amma Nəzirovun "Azsamand" maşını sürdüyü haqda köməkçi sualdan sonra şahid onun sözlərini təsdiqlədi. Lakin zərərçəkmişin vəkili və prokurorun etirazından sonra sual geri götürüldü.

Daha sonra şahid yenidən ifadə verməyə başladı: "Orada olduğum müddətdə, Təcili Yardım maşını gələnə qədər, polis maşınında müttəhimi, müstəntiqi gördüm, hadisənin özünün necə baş verdiyini görməmişəm". Lakin şahid uzun müddət hadisənin ilin hansı fəslində baş verdiyini xatırlaya bilmirdi və əvvəlcə yay, sonra da payızın adını çəkdi. Bu, prokurorda şübhə doğurdu və o soruşdu ki, onun hadisə yerində olduğunu kim təsdiq edə bilər. Şahid cavab verməkdə çətinlik çəkdi. Daha sonra o bildirdi ki, meyit Maştağadan Buzovnaya gedən yolda idi, amma o, onun yolun hansı hissəsində olduğunu yadına sala bilmədi. Ən maraqlısı o idi ki, şahid Atakişiyevanı vurmuş maşının rəngini xatırlaya bilmədi: "Ağ deyil, qara deyil, yəqin ki, metallik rəngində idi". O, hətta öz maşınının nömrəsini belə xatırlaya bilmədi və bildirdi ki, onu satıb.

Sonra məlum oldu ki, şahidin özü sürücülük vəsiqəsi olmadan əlavə qazanс məqsədilə özəl taksi sürücüsü kimi işləyir. O zaman hansı mobil telefon nömrəsindən istifadə etdiyi haqda vəkilin verdiyi sualın cavabında şahid dedi ki, xatırlamır, o hər həftə telefon nömrələrini dəyişir. Daha sonra vəkilin sualına cavab olaraq şahid bildirdi ki, yalnız həlak olmuşun həyat yoldaşını xatırlayır və hadisə yerində azı 20 dəqiqə olduğuna baxmayaraq, zalda oturanlardan daha heç kəsi tanıya bilmədi. Zərərçəkən tərəfin vəkili məhkəmədən buna qiymət verilməsini xahiş etdi, çünki mərhumun zalda olan anası və atası da faciə yerində olmuşdular.

Bundan sonra vəkil soruşdu ki, şahid təqsirləndirilən şəxsi nə vaxtdan və nə qədər yaxından tanıyır. Şahid Şahbazi dedi ki, onu qəza baş verdiyi gündən tanıyır, amma yaxından yox. Gülzad İsgəndərova buna etiraz etdi və bildirdi ki, hadisə yerinə baxış zamanı onunla müttəhimin bir-birini səmimiyyətlə salamladığını və müttəhimin Şahbazinin maşınına oturduğunu görüb. Şahid buna heç nə deyə bilmədi. Daha sonra hakim prokurora bu iş üzrə qərarın hazırlanması və prokurorluğa təqdim edilməsi üçün vaxt verdi, həmçinin müdafiə tərəfinin mobil rabitənin əhatə zonaları ərazisinin aydınlaşdırılması üçün Bakcell mobil operatoru ekspertinin prosesə dəvət olunması barədə vəsatətini təmin etdi.

Növbəti proses iyunun 13-nə təyin edilib.

Əvvəli: http://www.contact.az/ext/news/2017/5/free/Social/az/61967.htm

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti