Мария Лаушова

Мария Лаушова

İmişli rayon Məzrəli kənd uşaq bağçasının müdiri Mariya Lauşova bu il avqust ayının 29-da "Azadlıq" radiosuna müsahibəsində deyib ki, uşaqların norma çərçivəsində qidalandırılması ilə bağlı problemlər var. Belə ki, dövlət ərzağı onlara İmişli bazarından baha satır: "Bazar qiyməti ilə baxmaq lazımdır. İmişli bazarında beş manata olan soğanı mən dövlətdən 35 manata alıram. Uşaq alma görmür. Yazmağa qorxuram ki, yenə meyvə göndərəcəklər və mən də atacağam çölə. Bürüşmüş alma verəcəklər".

Mariya Lauşova deyir ki, vəsait bağçalara birbaşa verilsə yaxşı olar, onlar da bazarlardan təzə meyvə-tərəvəz ala bilər. Onun sözlərinə görə, indiki halda Dövlət Aqrar Ticarət Şirkətinin göndərdiyi bəzi mallar xarab olur: "30 kq. bibər göndərirlər. Mən onu saxlaya bilmirəm bir ay. Bağçalarda böyük soyuducular yoxdur axı. İki aydır mənə un gətirib verirlər. 1-ci növ un yazırlar, amma çörək olur qapqara. Uşaq da yeməyə tökəndə, deyir ki, müəllim, bu ətdir, deyirəm, yox, çörəkdir".

Qeyd etməliyəm ki, "Azadlıq" radiosu bu məsələyə münasibət bildirmək üçün Dövlət Aqrar Ticarət Şirkəti ilə əlaqə saxlayaraq şikayətlərə onların da münasibətini öyrənmək istəyib. Lakin sualları eşidən işçi muxbiri müxtəlif ünvanlara yönəldib və daha sonra gün ərzində zənglərə cavab verməyib.

Mariya Lauşovanın "Azadlıq" radiosunda çıxışını Youtube kanalı vasitəsilə on minlərlə adam izləyib, Facebook sosial şəbəkəsində onlarla şəbəkə fəalları bu məsələ ilə bağlı statuslar yazıb paylaşıb. Lakin nə hüquq- mühafizə orqanları, nə Dövlət Aqrar Ticarət Şirkəti, nə "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti, nə də Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə münasibət bildirməyiblər. Əksinə. bağça müdirəsinə təzyiq, hədə-qorxu xarakterli məqalə yazdırılıb. Məqalədə məqsəd ciddi korrupsiya faktlarını ört-bastır etmək, ictimai fikri çaşdırmaq, əsas problemdən yayındırmaq olub. Həmin məqalədə qeyd edilir: "Bağça müdirəsinin məqsədini, o müsahibəni hansı psixoloji vəziyyətdə verməsini və iddiaların sənədlərlə nə dərəcədə təsdiqləndiyini müəyyənləşdirmək lazımdır. Mümkündür ki, həmin müdirə hansısa qrup maraqlarından çıxış edərək məsuliyyətsiz fikirlər səsləndirsin. Yaxud hər hansı səbəbdən öz günahını başqasının üstünə atsın. Hər halda Azərbaycan dilini bilməməsinə baxmayaraq, uşaq bağçasına rəhbərlik edən bir müdirənin işdən uzaqlaşdırılmaq ehtimalı da var. Kim bilir, bəlkə o, gedərayaqda kimdənsə qisas almağa çalışır".

Məlum çıxışdan bir həftə sonra isə Məzrəli kənd uşaq bağçasının rəhbəri Mariya Mixaylovna (Lauşova V.M.) "Qafqazinfo"ya açıqlamasında deyib ki, Azərbaycan dilində səlis danışa bilmədiyi üçün fikirləri kontekstdən çıxarılaraq təhrif olunub: "Rusdilliyəm, Azərbaycan dilində yaxşı danışa, fikrimi ifadə edə bilmirəm. Bundan sui-istifadə edən bəzi mətbuat nümayəndələri adımdan yanlış informasiya yayırlar. Mənim bağçanın ərzaq məhsulları ilə təchiz edilməsi prosesindən, həmçinin bağçaya təqdim edilən ərzaqların keyfiyyətindən heç bir narazılığım və şikayətim yox idi. Narazı olduğum məsələ mövsümə uyğun olaraq bəzi məhsulların qiymətinin dəyişməsi olub. Çünki mən bağça üçün məhsulları həmişə yaxşı, keyfiyyətli və sərfəli qiymətə almışam".

Mariya Mixaylovna əlavə edib ki, fikirləri narazılıq kimi təqdim olunub: "Soğanın qiyməti ilə əlaqədar səsləndirdiyim fikirlər isə sözgəlişi olub, heç vaxt bir kisə soğanı 35 manata almamışıq, həmişə 12 manata almışıq. Bir daha qeyd edirəm ki, rusdilli olduğum və Azərbaycan dilini mükəmməl bilmədiyim üçün fikrimi tam ifadə edə bilməmişəm və bundan sui-istifadə edən şəxslər fikirlərimi təhrif ediblər".

Beləliklə, həqiqəti danışan bağça müdirəsi Marina xanıma şiddətli töhmət veriblər və onu işdən çıxarmaqla hədələyiblər. Mariya xanıma yeni çıxışı da kağıza yazıb veriblər və videoçəkiliş də ediblər.

Bəs "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti nə dərəcədə şəffafdır?

Xatırladım ki, 2018-ci il dekabr ayının 14-də Azərbaycan prezidenti "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. Həmin fərmanla "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti ləğv edilib və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. "Aqrar Tədarük və Təchizat" ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manatdır. Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada təşkili ilə bağlı həyata keçirilən işlərin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək olub.

"Aqrar Tədarük və Təchizat" ASC-nin saytında axtarış zamanı Səhmdar Cəmiyyətinin əsas fəaliyyəti ilə bağlı məlumata rast gəlmədim. Belə ki, cəmiyyətin dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasını necə həyata keçirməsi ilə bağlı hər hansı məlumat əldə etmək mümkün olmadı. Səhmdar Cəmiyyətinin saytında daha çox birbaşa cəmiyyətin əsas iş fəaliyyətinə aidiyyatı olmayan (kollektivin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etməsi, Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbirinin keçirilməsi və s.) xəbərlər, məlumatlar yer tutub. Saytda daha çox məmurları reklam edən şəkillərə yer ayrılıb.

Xatırladım ki, Səhmdar Cəmiyyətini adı və rəhbəri dəyişməyən zamanlarda içtimaiyyətə nisbətən açıq olub. Belə ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin keçən il ictimaiyyətə təqdim etdiyi məlumatda bildirilirdi ki, "2018-ci ilin 9 ayının yekunlarına əsasən, Səhmdar Cəmiyyəti yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalma təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) təlabatına yönəldilib, 25 milyon manatlıq məhsul isə xarici ölkələrə ixrac olunub". Çox təəssüflər olsun ki, bu il "Aqrar Tədarük və Təchizat" ASC-nin fəaliyyəti ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil.

Qayıdaq bağça müdirəsinin dediklərinə. Əvvəla, İmişli rayon Məzrəli kənd uşaq bağçasının müdirəsi Mariya Lauşova özündə cəsarət tapıb qanun pozuntularının üstünü açıb. Buna görə ona təşəkkür etmək lazım idi. İkincisi də Mariya xanımın dediklərinə xüsusi diqqət yetirmək lazımdır. Dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada təşkil etmək heç də həmişə səmərəli olmur. Həqiqətən də mövsümdə soğanın və digər tərəvəz məhsullarının qiymətlərində ucuzlaşma baş verir. Belə olan halda istehlakçı üçün imkan yaranır ki, xərcləyəcəyi vəsaitə qənaət etsin. Və yaxud qənaət etdiyi vəsaitə daha çox yüksək kalorili məhsul alsın. Digər tərəfdən bağça müdirəsi etiraf edir ki, ona xarab olmuş, yararsız meyvə, bürüşmüş alma verirlər. O da çölə atır.

Mariya xanım haqlı olaraq qeyd edir ki, "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin göndərdiyi 30 kiloqram (bir aylıq norma) bibəri bir ay müddətinə saxlaya bilmir, məhsul xarab olur. Səhmdar Cəmiyyətinin uşaq bağçasına "1-ci növ" adı ilə verdiyi unun da keyfiyyətinin aşağı olduğunu bildirir. "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin indiki fəaliyyəti mənə sovet dövründəki tədarük məntəqələrini xatırladır. Həmin tədarük məntəqələri kəndlilərdən ucuz, keyfiyyətsiz, yararsız məhsulları alıb qapalı dövlət müəssisələrinə, ticarət və ictimai iaşə obyektlərinə dəyərindən 4-5 dəfə baha qiymətə sənədləşdirərdilər. Mariya Lauşova haqlı olaraq deyir ki, uşaqlara qida üçün nəzərdə tutulan vəsait birbaşa bağçalara verilsə yaxşı olar. Düşünürəm ki, dövlət sifarişi ilə ərzaq məhsullarının satınalmalarını özəl sektor həyata keçirsə, daha səmərəli olar.

P. S. Məsələ ilə bağlı həm Dövlət Aqrar Ticarət Şirkətinin, həm də "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyətinin adları hallanır. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə münasibət bildirsin.

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti