Yanvar ayinda təkrar mənzil bazarinda qiymətlər 2,5% artib

Yanvar ayında Təkrar Mənzil Bazarında (TMB) qiymətlər orta hesabla -2,5% artıb. Mütəxəssislərin hesablamalarına görə hal-hazırda TMB-da orta qiymət indeksi təxminən 1kv/m üçün-1045 ABŞ dollarından daha yuxarıdır. Son bir ayda ötən aylara nisbətən bazardakı aktivliyin artması və bağlanan əqdlərin dinamikasında da artım halları müşahidə edilmişdir. Yanvar ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi, Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonları olmuş və bu 4 rayonun ümumi təklif portfelindəki payı 75%-dən yuxarı olub. Təklif portfelinin böyük hissəsinin bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi, həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daha çox daxil olması və eləcədə ipoteka kreditləşməsi üçün əlverişli olması hesab olunur. Yanvar ayında 4 və 5 otaqlı mənzillərin təklif üzrə payında azalma müşahidə edilib, 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım isə 2 otaqlı mənzillərdə qeydə alınıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1045 ABŞ dolları) yuxarı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 53,3%-ə malikdir.

Ekspertlər son bir neçə ayda qiymətlərin sürətlə bahalaşmasını əsasən ipoteka kreditləşməsi, qış aylarında rusiyada işləyən həmyerlilərimizin bu seqmentə daha çox pul yatırmaları və eləcədə evləri plana düşmüş insanlara yeni mənzillər almaq üçün kompensasiyaların verilməsi ilə əlaqələndirirlər. Ölkədə maliyyə vəziyyətinin ötən illərə nisbətən yaxşılaşması və eləcədə  bankların asan kreditləşmə siyasətini həyata keçirməsidə TMB-da aktivliyin artmasına təkan verir. Bu sahədə çalışan mütəxəssislərdən biri son bir neçə ayda TMB-da qiymətlərin bahalaşması ilə bağlı öz fikrini belə ifadə etdi “ Son bir neçə ayda TMB-da qiymətlər çox sürətlə artmaqdadır, əlbəttəki bunu tək ipoteka kreditləşməsi ilə əlaqələndirmək olmaz. Qiymət artımı bu səviyyədə davam edərsə, qiymətlərin yenidən rekord həddə çatması istisna olunmur”. Yaxın günlərdə bazardakı aktivliyin davam edəcəyi, qiymətlərin isə yenidən bahalaşacağı proqnozlaşdırılır. 

Yanvar ayında Respublikanın digər iri şəhərlərinin TMB-da aktivliyin artması ilə yanaşı, qiymətlərdədə nisbi artım müşahidə edilmişdir. 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti