Azərbaycanla Ermənistan Qazax və Tavuş arasındakı dörd kəndin sahəsində dövlət sərhədini razılaşdırıblar
Azərbaycanla Ermənistan Qazax və Tavuş arasındakı dörd kəndin sahəsində dövlət sərhədini razılaşdırıblar
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyilə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.
Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:
• Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.
Paralel olaraq, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.
Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq bəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
Tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.
Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.
-
- İqtisadiyyat
- 19 Aprel 2024 17:01
-
- Siyasət
- 19 Aprel 2024 17:56
Siyasət
-
Bu gün Bakıya gələn Almaniya xarici işlər naziri Annalena Berbek COP29 iqlim konfransı ərazisində mətbuat konfransı keçirib.
-
Noyabrın 21-də Bakıda BMT-nin İqlim Konfransı (COP29) məkanda iqlim fəalları çoxsaylı aksiyalar keçirib.
-
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (EaP CSF) Baş Assambleyası cümə günü qəbul etdiyi qətnamədə Ukraynada Rusiyanın davam edən təcavüzündən qaynaqlanan geosiyasi gərginliklərin artdığı bir şəraitdə demokratik islahatlara, regional sabitliyə və Avropa inteqrasiyasına sadiqliyini bir daha təsdiq edib.
-
Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan fəal Nicat İbrahim əsassız cinayət təqibinə etiraz olaraq noyabrın 20-də özünə çoxsaylı xəsarət yetirib. Bu barədə Turan-a onun xanımı Pərvin İbrahim bildirib. Onun sözlərinə görə, noyabrın 21-də həyat yoldaşı zəng edərək deyib ki, ötən gün güzgü parçası ilə özünə xəsarət yetirib. O, boğazını və qulaqlarını kəsib.
Rəy yaz